Şöhrətin zirvəsi

Səttarın Praqada "U Rjeçitskix" Milli qalereyasında keçirilən qrafik əsərlərinin fərdi sərgisi
çox uğurla başa çatdı. Onlar üçün ayrılmış mehmanxanada o, Toğrulla bir yerdə qalırdı.
Payız fəsli idi. Ağaclardan düşən sarı-qızılı xəzan yarpaqları ətrafa xüsusi gözəllik verirdi.
Şəhərin mərkəzində yerləşən mehmanxananın pəncərəsindən baş meydanda ucalan abidəyə baxan
Səttar yenə fikirli görünürdü. Meydanda qumru quşları pərvazlanır və Səttara qonşusu quşbaz
Ağabalanın ağ göyərçinlərini xatırladırdı. Heç kəsdən hürküb qorxmayan quşlar, əksinə orda gəzişən
insanlar tərəfindən yemlənirdilər. Balaca bir qızcığaz yerə çöməlmiş və əlini açaraq ovcundakı

dənləri quşlara verirdi. Bu mənzərəni seyr etməyə bütün diqqətini cəmlədiyindən bayaqdan sərgi
barədə Toğrulun dediyi tərifləri eşitmirdi. Toğrul isə özü-özünə danışırmış kimi birdən:
- Səttar, sən məni eşidirsən, yoxsa mən özüm- özümə danışıram? Hara baxırsan? – deyə
Toğrul da pəncərədən çölə boylandı və dedi: - Hə, çəkmək üçün gözəl mövzudur.
Səttar birdən fikrindən ayrılıb soruşdu:
- Sən nə deyirdin? Bağışla, bu qızcığazın qumrulara olan mehribanlığına dalmışam.
Toğrul söhbətinə davam elədi:
- Elə bir şey deyil, sadəcə onu deyirdim ki, gör hardan har gəldin. Vaxt var idi rəsm əsərlərin
Əmircan məscidində sərgilənirdi, heç çoxlarının da bundan xəbəri yox idi. Lakin indi sorağın
Avropanın sərgi salonlarından gəlir. Bakıya çatan kimi bütün mətbuat- radio televiziya sənin fərdi
sərgindən danışacaq, bu barədə qəzet, jurnallarda məqalələr dərc olunacaq. Təsəvvür edirsən.
dostum, səni tək Azərbaycanda yox, bütün Sovet məkanında tanıyacaqlar.
Sakitcə Toğrulu dinləyən Səttar dedi:
- Nə olsun?
Toğrul həmsöhbətinin soyuqqanlılığından çaşdı və:
- Necə yəni nə olsun? Sən sevinmirsən?
- Yox, - deyə Səttar qısaca cavab verdi. Niyə vaxt var idi deyirsən? Mənim rəsm əsərlərim elə
indi də Əmircan məscidində sərgilənir və mən bundan narazı deyiləm, çünki əsərlərim pak, təmiz,
Allaha yaxın olan yerdədir. Yer vermək istəmirlər, cəhənnəmə versinlər. Çəkdiklərim evləri bəzəyir,
yuxarı başda asılır. Bu azdı bəyəm? Məni nə qədər ruhdan salmaq istəsələr də, rəsmlərimin
qiymətini ucuzlaşdırsalar da mən bilirdim onların dəyərini və belə bir günün əvvəl-axır gələcəyinə
inanırdım. Məni yandıran o oldu ki, işlərimi vətənimdə yox, kənarda qiymətləndirdilər. Halbuki mən
nə çəkmişəmsə hamısını öz millətim üçün çəkmişəm. O ki qaldı sərgilərimin harda keçirilməsinə,
mənim üçün Əmircan məscidi daha doğmadır, əzizdir. Çünki orda milli kalorit var, aura var, ruhani
hisslər var, eynilə mənim rəsmlərim kimi. Müasir salonlar mənlik deyil. O salonlarda yad ünsürlərin
abu- havası gəzir, bunu isə hər adam başa düşməz, dostum. İlk fərdi sərgim təxminən on il bundan
əvvəl Bakı şəhərində açılmışdır. Ondan sonra fərdi sərgim Tiflis və İrəvan şəhərlərində təşkil
olunub. Vəssalam. Uzun illər mənə imkan vermədilər Qafqazdan kənarda fərdi sərgimi keçirim.
Bura gəlib çıxmağıma da hələ təəccüb edirəm, nə əcəb mane ola bilmədilər.
Səttarın söylədikləri Toğrula da sirayət etdi və susmaq qərarına gəldi.
Ordakı rəssamlarla görüşlər və sərgiyə gələnlərin müsbət fikirləri Səttarı daha da ruhlandırır
və o yeni-yeni əsərlər yaratmaq arzusuyla Bakıya tez qayıtmağa can atırdı. Praqa şəhərinin gözəlliyi,
özünəməxsus qeyri-adi qotik üslublu arxitekturaya malik olan bu qədim avropa şəhərində hər şey
onun üçün maraqlı görünürdü.
Sərgidən sonra muzeyin kolleksiyası üçün onun beş əsərini yüksək qiymətlə almaq istəsələr
də, Səttar bu böyük qonorardan imtina edir və əsərlərini sərgiyə hədiyyə olaraq bağışlayır.
Çexoslovakiyadan vətənə dönərkən qatarın kupesində Səttarın bir bağlamanı tez-tez sığallayıb
əzilməməsini qayğıyla yoxladığını Toğrul gördü və ondan soruşdu:
- Səttar, soruşmaq ayıb olmasın, o bağlamadakı nədir belə əzizləyirsən?
Səttarın sanki gözləri parladı və güldü:
- Bu mənim Rəfaelimin hədiyyəsidir. Ona o qədər bağlıyam ki, hara getsəm elə bilirəm bir tək
o, yolumu səbirsizliklə gözləyir. Bacımın oğlu olsa da öz balam kimi istəyirəm xətrini. Dörd yaşı
olanda atasını II dünya müharibəsinə çağırırlar. Davaya getməmiş arvad- uşağını gətirir bizə ki,
Səttar, ailəmi sənə əmanət verirəm. Onları bir sənə etibar edirəm. Elə o vaxtdan bizimlə qalırlar.İndi
böyüyüb yekə kişi olub, amma yenə də mənim üçün o balaca uşaqdır. Qabaqlar mən onu aparardım
gəzməyə, kinoya, teatra, konsertə ki, qoy zövqü formalaşsın, gözəlliyi duysun. Lakin indi o mənim
üçün bilet alır və məni dəvət edir. Zəmanə necə dəyişib, qardaş, vaxt tez ötüb keçir... Yaxşı əl
qabiliyyəti var, gözəl şəkillər çəkir, o da istəyirdi rəssam olsun, mənim yolumu davam eləsin, lakin
məsləhət görmədim. Dedim ki, a bala, yaradıcılıq elə bir mərəzdir ki, gərək ona baş qoşsan özünü
49

hər şeydən təcrid edəsən. Yaxşı rəssam olmaq üçün gərək sənin nə ailən, nə övladların, nə əlavə
qayğıların olsun. Nəyə lazım? Biri elə mən. Bax, gör, özüm üçün yaşaya bildim? Yox. Bütün fikrim,
varlığım həsr olundu bu sənətə. İndi mənim övladlarım çəkdiklərim şəkillərdir ki, başqa evləri,
salonları bəzəyir, bir də sən Rəfael. Məsləhətimlə getdi Politexnik İnstitutunun İnşaat Mühəndisliyi
fakültəsinə daxil oldu. Qoy getsin ev tiksin, insanlara xeyir versin.
Toğrul Səttara dedi:
- Mən biləni sən onun adını Rafael Santinin şərəfinə qoymusan. Bu düzdür?
- Hə. İntibah dövrünün ən çox sevilən və dövrümüzə qədər əsərləri gəlib çatan rəssamlardan
Leonardo Da Vinçi, Mikkelancelo, Rafael Santi mənim ən bəyəndiklərimdir. Mən hələ Rembrantı
demirəm. Başdan ayağa həyatdır. Mikelancelonun freskaları indi də roma kilsələrini, Vatikan
məbədlərini bəzəyir. Halbuki, vaxtilə onun işlərini də qəbul etmirdilər, amma indi... Leonardo Da
Vinçinin texnika sahəsindəki ixtiralarından savayı bir tək Mono Liza Cakkonda portreti əsrlər boyu
ən dəyərli sənət əsəri kimi qiymətləndirilib və hələ də sirli bir əsər kimi üzərində mütəxəssislər baş
sındırırlar. Kimi deyir, müəllif özünü təsvir edib, kimi deyir əsər dörd ilə yalnız qürub çağında
çəkilib, kimi də deyir Mono Liza bir tacir arvadı olub və rəssam bu qadına vurulub. Rafael Santi isə
çox gənc yaşında vəfat edib, cəmi 37 il ömür sürüb, lakin necə gözəl əsərlər yaradıb. Onun “Sikstin
Madonnası” bütün digər rəsmlərini mən deyərdim kölgədə qoyub. Ən maraqlısı odur ki, o əsasən
xanımların portretlərini daha çox çəkib və onun ilham mənbəyi də məhz elə qadınlar olub. O hər
hansı bir əsər üzərində işləyərkən mütləq yanında ona ilham verə biləcək bir xanım saxlayarmış.
Bəxtəvərin iştahına baxeee. Elə ona görə cavan getdi də. Bu qədər gözəlliyə ürək tab gətirə
bilər?
Səttar danışdıqca Toğrulun onun üzünə heyrətlə baxdığını görüb soruşdu:
- Üzümə niyə belə baxırsan?
Toğrul isə özünü gülməkdən güclə saxlayaraq:
- Dostum, deyəsən dişlərini Praqada unutmusan. Hanı dişlərin?- dedi.
Səttar isə heç nə olmamış kimi:
- Alə, qatara minən kimi tolazladım pəncərədən. Nəyimə gərəkdir? Bir şey ki, qondarmadır,
ağzımda olanda ürəyim darıxır. Mənim belə şeylərlə aram yoxdur. Sərgiyə görə katibin sözünü yerə
salmadım, taxdım. Daha sərgi də qurtardı, neynirəm onları.
Toğrul isə dostu ilə məzələnmək qərarına gəldi:
- Birdən bu dəfə başqa bir ölkədə sərgini nümayiş etdirməli olsan, onda neyləyəcəksən? Yenə
təzə diş qoyduracaqsan?
Səttar bir az fikirləşib dedi:
- Mən yolu açdım, qoy indi də o biri rəssamların sərgiləri keçirilsin. Mənimki bura qədər.
Praqada nümayiş olunan fərdi sərgidən sonra Səttarın şöhrəti günü-gündən artmağa başladı.
Artıq evinə gələn dostlarından savayı digər qonaqlarının da sayı artmışdı və tez-tez təşrif buyuran
müsafirlərdən biri də Azərbaycan KP MK- nin ikinci katibi Pyotr Matveyeviç Yelistratov idi. O,
Səttarın yeni işlərilə xüsusilə maraqlanırdı. Pyotr Matveyeviç çox tez bir zaman içində Səttarın
xasiyyətinə bələd ola bilmişdi. O, yaxşı bilirdi ki, Səttar qonağının bəyəndiyi rəsmi böyük ürək
açıqlığı ilə çəkdiyi zəhmətə, itirdiyi vaxta heyfslənmədən həmin adama hədiyyə edər. Buna görə də
Səttarı görmək üçün Əmircandakı evinə tez-tez ziyarət edər və hər dəfə ordan çıxanda gözəl rəsm
əsərlərindən özü ilə mütləq evinə aparardı. Deyilənə görə P.M. Yelistratov Moskvaya geri
çağrıldıqda yola düşərkən özü ilə Səttarın külli miqdarda rəsmlərdən ibarət kolleksiyasini aparıbmış.
Səttarın emalatxanasına rəsm əsərlərinə tamaşa etmək üçün onun yaradıcılığı ilə maraqlanan
xarici qonaqlar da çox gələrdilər. Hətta bir gün bir italyan bəyəndiyi bir mənzərə şəkli üçün rəssama
çoxlu miqdarda pul təklif edir. Səttar isə həmin rəsm əsərini qonağına hədiyyə verərək deyir: “Mən
heç vaxt ucuz hədiyyə bağışlamaram”.
Beləliklə onun bağışladığı şəkillər evləri, şəhərləri, ölkələri gəzib bəzəyirdi.Onun
hədiyyəsindən hətta varlananlar da olmuşdu. Deyilənə görə, Səttarın rəngkarlıq işləri – peyzaj,
50

natürmot və s. əsərləri dünya auksionlarında mavi brilliant qiymətinə satılıbmış. Onun səxavəti
nəticəsində Azərbaycanı tərənnüm edən bir çox rəsm əsərləri ilim-ilim itmiş və gələcəkdə rəssamın
bacısı oğlu Rafael onların axtarışına çıxsa da xeyri olmamışdır.
***
Səttar qonşusu Ağabalanı da yaddan çıxarmırdı. Tez – tez ağ göyərçinlərə tamaşa etmək üçün
dama çıxar, quşların qanadlanıb pərvazlanmasına həvəslə tamaşa edərdi. Ağabala da onun
gəlişindən məmnun qalar və hər dəfə deyərdi:
- Qədeş, yeri, göyü, otu, çiçəyi, ağacları çəkirsən, amma mənim bu göyərçinlərimi yaddan
çıxarırsan. Qədeş canı, bir gün onlar səndən inciyəcəklər.
Səttar Ağabalaya bağışladığı natürmot şəklini quşdamında görüb güldü və dedi:
- Ağabala, mən indi bildim ki, sənin ən əziz məskənin elə buradır. Bu şəkli göyərçinlər üçün
asmısan?
- Noldu, qədeş, xətrüvə dəydi? Bunlar heyvan döyüle, ceyrandu. Sənin şəkillərindən elə
bilirsən bunlar heç nə başa düşmürlər?- deyə Ağabala etirazını bildirdi.
Səttar isə əksinə Ağabalanın gözləmədiyi cavabı verdi:
- Əmioğlu, sən elə bilirsən mənim yanıma gələnlərin hamısı adamdır, yox. Onların içində də
insan cildinə girmiş heyvanlar var. Onlar bu ağ sülhsevərlərin tayı ola bilməzlər. Bunların niyyəti
uçmaq, qanadlanmaq, kiçik mədələri doyunca qədər yeməkləri, içməyə suları olmağını istəyirlər.
Bax, gör, nə paxıllıq, nə hərislik, nə pislik görərsən onlarda. Ona görə qəlbləri kimi rəngləri də
ağappaq, tərtəmizdir bu cənnət quşlarının.
Ağabala diqqətlə qonşusunun göyərçinləri haqqında dediyi bu gözəl kəlmələri dinləyib ləzzət
alır və deyirdi:
- Bax, bu göyərçinlərimdən hansını bəyəndinsə sənə qurbandır. Bağışlayıram, qədeş canı, düz
deyirəm. Heç atama vermərəm onları, amma sənə qurbandır. Bilirsən, nöşün? Çünki sən onların
qiymətini bilirsən. Bayaqdan elə qəşəng sözlər deyirsən ki, adam az qalır lap məst olsun.
Eşitdim o gün Qəyyuru yaman danlamısan? Neyləmişdi? Amma öz aramızdı deyəsən, o da
sənin yolunla gediraa. Əla şəkillər çəkir, mən ölüm. Özüm görmüşəm. Bir-iki şəklinə baxdım
inanmadım, elə bildim sən çəkmisən. And-aman elədi, dedi ki, yoxee öz əl işimdi.
- Elə bu işinə görə ona qulaqburması vermişəm də,- deyə Səttar qonşusunun sözünü təsdiqlədi.
Alə, bir gün texnikomun direktoru tanışlarımdan birinə deyir ki, Səttara de, o uşaqdan muğayat
olsun, gəlib onun natürmotlarını olduğu kimi köçürüb bizə göstərir. Belə iş görməsin. Mənə deyəndə
cin vurdu başıma, çağırdım onu evə, özüm də qəşəng bir xoruzquyruğu çay dəmləmişəm, süzdüm
stəkanlara dedim otur. O elə bilir ki, mənim heç nədən xəbərim yoxdur. Bilirsən, həm də
dayınəvəsidür, özü də maşallah istedadlı uşaqdur. Hə, nə başuvu ağradım, bundan soruşdum ki, alə,
məktəbdə nə oyun çıxartmısan? Bu da demir, elə bil heç nə olmayıb. Qayıtsın desin ki, heç nə. Əh,
hirslənmədim? Dedim alə, necə yəni heç nə, məktəbdən mənə xəbər göndərirlər ki, Qəyyur
natürmotları sənin kimi çəkir. Alə, sən ora öyrənmək üçün girmisən, yoxsa məni təkrarlamaq üçün?
Ağabala həmsöhbətinin dediklərinə bir az da “qüvvət” verib dedi:
- Əşşi, uşaqdur da, ağlı kəsməyib, daha eləməz. Bir də, qədeş, onu üzdən köçürmək də talant
istəyiree. Mən ölüm? Heç gör, mən, ya başqası bacarar?
- Yox, Ağabala, düz demirsən, - deyə Səttar etiraz elədi. Bu adam əgər yaxşı rəssam olmaq
istəyirsə öz yolunu özü tapmalıdır, rəngləri özü seçməlidir, öz texnikası olmalıdır. Düzdüreee, sonra
onu başa saldım. Gördüm pərtliyindən qıpqırmızı qızarıb, yazığım gəldi. Dedim: - Bala, bu mənim
dəsti-xəttimdir, bunu mən kəşf eləmişəm. Sən əgər məni təkrarlasan sənin fantaziyan olmayacaq,
beynin kütləşəcək.
Sonradan dostlaşdıq onunla, çox vaxt hara gedirəm onu da aparıram, qoy sərbəst işləməyi
öyrənsin.

51

Ağabala:
- Qədeş, mənə də çəkməyi öyrədə bilseydün bu nazənin göyərçinlərimin şəklini gecə-gündüz
çəkib satardım. Bilirsən nə gedərdi? Adını da qoyardım: “ Sülh göyərçinləri”.
Elə bu vaxt aşağıdan gələn səs onların söhbətini yarımçıq kəsdi:
- Adə, Ağabala, ərzaqlar xərəb oldu ki, bu soyuducunu nə vaxt düzəltdirəcəksən?
- Eeee. Lomka elədün məni, ay arvad. Demişəm dəəə, sabah usta gələcək, söz verib, - deyə
hirsləndi.
Səttar da fürsətdən istifadə edib dedi:
- Əmioğlu, nə yaxşı oldu, səni gördüm. Bizim soyuducu da xarab olub, usta gələndə bizə də
göndərərsən.
- Gözüm üstə, qədeş, əyib döyül? – deyə Ağabala növbəti ehtiramını göstərdi.
Ertəsi günü Səttargilin qapısını bir nəfər yad adam döyüb qışqırır: “Ay ev yiyəsi, ay ev
yiyəsi”. Cavab verilmədiyini görüb həyətə girir və görür ki, krandan su axır, suyun altında isə
stəkan, altında nəlbəki, altında banka və s. bir neçə qab beləcə üst-üstə yığılıb. Bu qabların qəribə
düzülüşünün fərqinə varmayan nabələd suyun israf olunmasına dözməyib kranı bağlayır. Elə bu dəm
bir nəfərin ağacın altından sıçrayıb qalxması ilə çığırmasından diksinir. Bu Səttarın səsi idi:
- Alə, neylədün, alə? Bütün fikrimi dağıtdun ki? Mən burda bayaqdan əziyyət çəkib şəlalə
düzəltmişdim, onun səsi məni dağlara aparmışdı, hamısını korladun. İçəri keçəndə bir səsini çıxart
də, bilək adam gəlib.
Çaşqın halda gözləri böyümüş kişi kəkələdi:
- Vallah, billah çağırdım. Özü də neçə dəfə, amma hay verən olmadı. Məni quşbaz Ağabala
göndərdi ki, get qonşunun soyuducusu da xarabdır, düzəlt. Mən də ona görə gəlmişəm. Mən hardan
biləydim ki, sən burda süni şəlalə yaradacaqsan. Suya heyfim gəldi, ona görə kranı bağladım.
Səttar bir az sakitləşib dedi:
- Alə, sənin suya heyfün gəldi, amma mənim şəlalə təsvirli mənzərəm heyif oldu, getdi. Gəl,
keç içəri, gör soyuducunun dərdi nədir.

52

- Qızım, təsəvvür edin ki, siz küçədə dayanmısınız, kimsə bir nəfər gəlib sizin ayağınızı tapdalayır. Siz ondan üzr gözləsəniz də o bunu etmir, əksinə gəlib ikinci dəfə yenə tapdalayır və siz dözməyib onu xəbərdar edirsiniz. O isə sizin sözünüzə əhəmiyyət verməyib üçüncü dəfə ayağınızı tapdalayanda sizi yersiz incitdiyinə görə məcbur olub əlinizdəki çantanı onun başına çırparsınız. Düzdür, ya yox? Baxın, Səttarı da haqlı-haqsız savadsız, istedadı olmayanlar, onun uğurunu gözü götürməyənlər belə incidirlər. Mədəniyyət Nazirliyinin bəzi məmurları da həmin o antipotların sözüylə Səttarı incidirlər. Ətrafındakılardan ona sataşanlar olur, onun xarici görkəminə lağ edib söz atırlar. Hər bir insanı Allah yaradıb, kimisinin daxili gözəldir zahiri çirkin, kimisinin də əksinə zahiri gözəldir, daxili eybəcər. Səttarın daxili gözəldir, zəngindir, onu yaxından tanısanız ikinci dəfə görüşmək istəyərsiniz. Gəlin gedək, mən sizi onun emalatxanası ilə tanış edim, bu olsun sizin onunla ilk qiyabi tanışlığınız.
Onlar dəhliz boyu keçib bir emalatxananın qarşısında dayandılar. Hacıağa müəllim qapını açıb müxbiri içəri dəvət etdi və dedi:
- Onun qapısı heç vaxt kilidli olmur, həmişə açıqdır, ürəyi kimi. Baxın və özünüzdə təəssürat yaradın. Bu xırda cilalı qənbər daşları görürsünüz? Azərbaycanda elə bir yer yoxdur ki, Səttarın ora ayağı dəyməsin. O, bu daşların hamısını gəzdiyi yerlərdən toplayıb və üzərində gətirmə tarixlərini qeyd edib. O burda vətən daşlarından bir Azərbaycan düzəldib. Bu insan öz yurduna o qədər bağlıdır ki, yeri gələndə belə deyir: «Mən ilham və natura ardınca, Qogen kimi, baş götürüb Taiti adasına getmirəm və bunu başqalarına da məsləhət görməzdim.»Onun rəsmlərinə diqqət yetirsəniz görərsiniz ki, o başdan ayağa Azərbaycanı tərənnüm edir. Hər rəssamda bu qədər öz torpağına, vətəninə bağlılıq olmur. Onun məşhur bir kəlamı var. O deyir ki, mən Azərbaycanı tanımaq üçün yox, tanıtmaq üçün çəkirəm. Həqiqətən də belədir. Bu insan sanki doğulduğu torpaqla nəfəs alır. Hara, hansı bölgəyə getsə həmişə də əlidolu, gözüdolu qayıdar evə. Göz yaddaşı iti olsa da, təbiətin hər bir rəngini gözlərinə yığsa da, getdiyi yerlərdən gül-çiçək dəstələri toplayıb, emalatxanasına gətirər, rənglərini yenidən araşdırıb, öyrənib, təbiət təsvirlərində istifadə edər.
Rəngləri çalarlara ayırmaqdan xoşlanır. Baxın, məsələn, adi insanlar üçün meyvələrdən heyvanın bir rəngi olur, o da sarı, düzdürmü? Rənginə görə heyvanı fərqləndirmək çətin gəlir. Amma Səttar Ordubad heyvasıyla Ağdaş heyvasının sarı rəngini seçməyi bacarır. Və yaxud, «xoruzquyruğu»yla, «narçiçəyi» qırmızısının fərqini asanca görür. Qarşısındakının bunun fərqinə varmadığını görəndə, əsəbiləşib küsür, uzun müddət özünə gələ bilmir. O istəyir ki, bütün yaradıcı insanlar onun kimi həssas və diqqətcil olsun.
Kəmalə yerə söykənmiş bir-iki şəkli götürüb baxdı və dedi:
- Əgər həqiqətən də o sizin dediyiniz kimidirsə, onun emalatxanasında gərək indi çoxlu tablolarla rastlaşaydım. Lakin əksini gördüm.
Hacıağa müəllim gülümsündü və:
- Bu Səttardır. Çəkdikləri özündə qalmır ki? Başqaları rəsmlərini baha qiymətə satıb varlananda, o öz işlərini gələn qonaqlarına bağışlayır. Onun rəsmləri hesabına bilirsiniz neçə adam var- dövlət sahibi olub. Onun ürəyinə bələd olan bəzi tamahkar “dost- tanışlar” başlayırlar o ki, var çəkdiyi rəsmi tərifləməyə, Səttar da görür ki, onun xoşuna gəlib bağışlayır. O, başqalarını sevindirməyi, xoşbəxt etməyi xoşlayan insandır.
O, çox zəhmətkeşdir. Səttar yorulmaq bilmədən işləyər – istirahətsiz, dincini almadan.
Səhər alaqaranlıqda evdən çıxar, Əmircandan elektrik qatarıyla şəhərə gələr, Rəssamlar evindəki bu emalatxanasında ta qaş qaralana kimi çalışar.
Gecə səhərə kimi də işığı yanar. Eşitdiyimə görə gündəlik yazır və gün ərzində gördüyü işlərdən yadda qalanları, səfər təəssüratları, həyat və sənət haqda düşüncələri, əsərlərinin ilkin variantları, eskizləri gündəliklərində qeyd edir.
Gənc qız heyrətlə ətrafa göz gəzdirdi. Divar üzərində əski əlifba ilə qara karandaş və ya kömürlə yazılmış yazılar, köhnə patefon, qədim kasalar, mis qablar və köhnə divan. Bütün bu əşyalar insanı sanki keçmiş zamana aparırdı. Otaqda başdan başa milli ruh duyulurdu. Müxbir

53

küncdə kiçik bir masanın üstündə qoyulmuş vazadakı solmuş güllərə baxdı. Bu güllərin vazada çoxdan qoyulduğu hiss olunurdu. Gül vazasının yanında isə bir şamdan var idi. Bu şamdanın altına nəlbəki qoyulmuşdu və əriyən rəngbarəng şamlar sanki günəş işığında əlvan boyalarla əks olunan axan şəlaləni xatırladırdı.
- Qəribə poetik mənzərədir, - deyə gənc xanım özünü saxlaya bilməyib heyranlığını nümayiş etdirdi.
Hacıağa müəllim qızın təəccüblə baxan gözəl gözlərini süzüb dedi:
- Gəlin, bir anlığa mən sizə Səttarın bu emalatxanada keçirdiyi bir günü təsvir edim. Səttar hər hansı bir şəkil üzərində işləməmişdən əvvəl bax, ayaqlarını altına yığaraq oturar bu divanda və musiqiyə qulaq asaraq xəyallara dalar. Onun dinlədiyi musiqi ya bizim klassik muğamlarımız olar, ya da Avropa klassik musuqu incilərindən Motsarta, Bethovenə, Şopenə qulaq asar. Sonra keçər bu masanın arxasına şamdana bir şam qoyub yandırar. Hər dəfə çalışar şamların rəngi müxtəlif olsun. Alovun istisindən əriyən şam qıvrılmış saç kimi əvvəlki ərinmiş şamın üzərinə axar. Səttar bu mənzərəyə baxar və klassik şairlərimizdən, ən çox da Füzulidən asta-asta qəzəl söyləyər. Kənardan müşahidə etsəniz onun gözündən yanağına süzülən yaşı da görərsiniz. O, Füzuli aşiqidir, Füzuli qədər dərd yükü gəzdirər ürəyində və bu dərdi heç kəslə bölüşməyi xoşlamaz. Deyəndə ki, bölüşdür bizimlə dərdini cavab verər:
- Mənim dərdimdən sən nə anlarsan? Məgər sənin öz dərdü-sərin azdır ki, hələ mənim də qəm yükümü daşıyasan?
Səttar, belə Səttardır. Onun çölü qış, içi bahardır. O, gözəllik aşiqidir. Hər fəslin gözəlliyini duyur. O, təbiət aşiqidir. Azərbaycanın hər bölgəsini qarış-qarış gəzib. Çoxları onu Məcnuna bənzədirlər. Mənim aləmimdə Səttar Nizami Gəncəvinin “Leyli və Məcnun” poemasındakı Məcnuna daha çox bənzəyir. Əgər o əsəri oxumusunuzsa yəqin ki, danışacağım epizodu xatırlayarsınız. Əsərdə insanlar ölmüş bir itin ətrafına yığılıb onun necə murdar, eybəcər olduğunu deyirlər. Bu dəm Məcnun ora yaxınlaşır və iti görüb deyir: Baxın necə gözəl dişləri var. Səttar da belədir. O hər bir eybəcərlikdə gözəllik görür.
Dost-tanışları həmişə onu məzəmmət edərlər: «Səttar, üst-başına fikir ver, yeməyinə bax.»
Hər dəfə bu sözlərdən hirslənib özündən çıxar və deyər: «Alə, tarix soruşmayacağ e Səttar nə yeyib, nə içib, necə geyinib. Soruşacaq ki, Səttar nə qoyub gedib?»
Birləşmiş Millətlər Təşkilatının giriş qapısında beş işçi dilində çox dahilərin insanlığa, humanizmə, həmrəyliyə aid fikirləri yazılıb. Burda Azərbaycanın ən nisgilli, dərdli şairlərindən saydığım Məhəmməd Hadinin bu kəlamı yazılıb: "Başqalarına həmdərd olmasan sənə İNSAN adı vermərəm"..
Mətn rusca belə səslənir: "Tebe, ne soçuvstbuyuşemu druqomu, imya Çeloveka ne dam"... Görürsünüzmü, vaxtilə ac qalmamaq üçün şeirlərini satan bir şairi vətəndə qəbul eləməsələr də, zaman keçdi və indi Amerika Birləşmiş Ştatlarında ən mötəbər bir təşkilatın, yəni BMT- nın giriş qapısında onun ibrət verici kəlamından istifadə edilib.
Bu dəqiqə o burda olsaydı bizə sevdiyi əncir mürəbbəsilə çay qonaqlığı verərdi. Onun gözəl çay dəmləməsi var. Bəh, bəh, bəh. Sizin kolleqalarınızdan biri onun yaxın dostudur. Gülbahar xanım. Daha ətraflı məlumat almaq istəsəniz ona da müraciət edə bilərsiniz.
Kəmalə nağıllar aləminə düşmüş ovsunlanmış bir pəri kimi dilləndi:
- Hacıağa müəllim çox xahiş edirəm, siz onun haqqında nə bilirsiniz danışın. Sizin söhbətiniz o qədər maraqlı göründü ki, mən hələ də söhbətin Rəssamlar İttifaqında gözümlə gördüyüm eyni insan haqqında edildiyinə inana bilmirəm. Mən burda çox təzadlarla rastlaşdım.
Hacıağa müəllim qızın güclü marağını görüb dedi:
- Gəlin yaxşısı budur çıxaq bu emalatxanadan və düşək bizə. Artıq nahar vaxtına da az qalıb. Həm mənim evimin, həyatımın xanımı ilə də tanış olarsınız, həm də nahar edə-edə söhbətimizə davam edərik.
Kəmalə etiraz etmək istədi:

54

- Yox, yox, siz nə danışırsınız? Onsuz da bayaqdan sizin qiymətli vaxtınızı almışam.
Hacıağa müəllim qızın sözünü ağzında kəsdi və:
- Etiraz istəmirəm. Məqalənizi yazmaq istəyirsinizsə sizə daha ətraflı məlumat vermək lazımdır. Həm də mənim sayəmdə bir insan haqqında səhv düşündüyünüzü anladınız. İmkan verin savabımı qazanım,- deyə zarafata salıb qızla otaqdan çıxdı.
Hacıağa müəllim mənzilinin qapısının zəngini basdı. Qapını əsl Azərbaycan xanımlarına məxsus bir qadın açdı və gülərüzlə: buyurun, içəri, xoş gəlmisiniz dedi.
Hacıağa müəllim həyat yoldaşını təqdim etdi:
- Kəmalə xanım, buyurun tanış olun, Böyükxanım, mənim ömür bağçamın ən ətirli gülü.
Onlar zala keçdilər, evin xanımı isə mətbəxə.
Əvvəlcə çay süfrəsi açıldı. Süfrənin düzülüşündən ev sahibəsinin səliqə-sahmanı bəlli olurdu. Düzülmüş müxtəlif növ şirniyyatlarla yanaşı şəkərburanı da görəndə Kəmalə özünü saxlaya bilməyib soruşdu:
- Novruz bayramına hələ bir xeyli vaxt var, siz indidən artıq biş-düşə başlamısınız?
Hacıağa müəllim:
- Şəkərburanı mən çox xoşladığım üçün bizim evdə həmişə olur. Bu o deməkdir ki, biz hər gün əziz bayramımızı qeyd edirik, - gülərək dedi.
Və beləliklə Səttar Bəhlulzadə haqqında maraqlı söhbətin davamına başlandı...
Hacıağa müəllim böyük səmimiyyətlə bir-iki şəkli Kəmaləyə göstərdi və dedi:
- Baxın, bu şəkillər bizim evdə çəkilib, oğlumun kiçik toy mərasimilə əlaqəli balaca bir məclis düzəltmişdik. Səttar da gəlmişdi, sağdakı şəkli görürsünüzmü? Məclisdə sağlıq dedi və gözəl bir şeir söylədi. Hamı danışıb gülürdü. Elə bu vaxt qohumlarımızdan birinin övladı balaca bir qız gəlib dayandı Səttarın oturduğu mizin yanında və başladı diqqətlə ona baxmağa. Adətən uşaqlar Səttarın görkəmindən çəkinər və ona yaxın düşməzlər. Amma bu qızcığaz o qədər dayanıb baxdı ki, Səttarın diqqətini cəlb etdi və o dillənməyə məcbur oldu, soruşdu?
- Sən nə qəşəng qızsan? Adın nədir?
Qızcığaz isə cavab əvəzinə görün nə soruşdu:
- Sizin əlləriniz ağacdandır?
Hamı verilən bu sualdan sonra diqqətlə Səttarın əllərinə baxmağa başladı. Doğrudan da onun uzun, arıq barmaqları və qarabəniz əlləri qurumuş ağac budağına bənzəyir.
Hamı susmuş, uşağın valideynləri də övladlarının yersiz sualından pərt olmuşdular. Lakin Səttar gülümsünüb dedi:
- Bu balacaya diqqət yetirsəniz böyüyəndə ya rəssam, ya da heykəltəraş ola bilər.
Həmin hadisə balaca qızın yaddaşına həmişəlik həkk olundu və...

55

Popular Posts