Fələklər yandl ahimdən: Son görüş, son vida…

Son görüş, son vida… 



  Səttarın Moskvada keçirdiyi fərdi sərgisinin sorağı hər yerə yayılmışdı. Hamı belə bir rəssamın fırçasının qüdrətindən heyranlıqla danışırdı. Hətta sərginin özündə bir nəfər Səttara yaxınlaşıb demişdi ki, sizin torpağın nə istedadlı övladları var. Sizin kimi bir rəssamı əgər altmış ildə üzə çıxarmayıblarsa buna yalnız təəccüblənmək olar. Çox təəssüf ki, dünyanın sizin kimi sənətkardan xəbəri yoxdur. Bakıya qayıdandan sonra dost, qohumlar Səttarın ayağı altında qurban kəsdilər, hamı onun sağ- salamat geri dönməsinə sevinirdi. Səttar da sevinirdi və bu son sərgi onu yeni işlərə daha da ruhlandırırdı. O tez- tez qeyd edirdi ki, kaş Moskvada sərgimi əvvəldən təşkil edəydilər. Orda çəkdiklərimin qədr- qiymətini daha yaxşı bildilər. Rəssam sanki canına qəsd edərək gecə- gündüz var gücü ilə çalışmağa başladı. Səttar yorulmurdu, dincəlmirdi. Elə bil ömrünün bitəcəyinə çox az vaxt qaldığını əvvəlcədən hiss etmişdi. Bacısı, Rəfael, Toğrul Nərimanbəyov, Maral Rəhmanzadə, Elmira Şaxtaxtinskaya, Arif Məlikov və digər yaxın dostları onu dəfələrlə dilə tutmağa çalışır, istirahət etməyi məsləhət görürdülər. Səttar isə ona göstərilən bu qayğıdan daha da əsəbiləşir və deyirdi: - Heç biriniz məni anlamırsınız. Mənim bu millətə verə biləcəyim yeganə şey bu çəkdiklərimdir, vaxt isə daralır. Niyə mane olursunuz? Qoyun işimi görüb tamamlayım.  Onun ziyarətinə başqa dostları kimi Maral da tez- tez gəlirdi. Belə bir vəziyyətdə o, dostunu yalqız qoya bilməzdi. Onlar yenə keçmişdən- uşaqlıq, gənclik illərindən danışar, tələbəlik dövründən söhbət açardılar. Hətta bir gün Maral Səttarın ona oxumağı məsləhət verdiyi “Qılınc və qələm” romanını da xatırladardı və onun bu kitab üzərində çəkdiyi illüstrasiyalardan həvəslə söhbət açardı. Səttar isə rəfiqəsini dinləyərək nəzərlərini bir nöqtəyə dikib üzünə axan göz yaşlarını gizlətməyə çalışardı. Maral isə öz aləmində Səttara fikir vermədən deyirdi: - Səttar, sən axırı ki, mənə demədin də bu kitabın 159-cu səhifəsindən nəyi diqqətlə oxumalıydım. Ha baxdım, amma xüsusi diqqət çəkən heç nə tapmadım. Bu barədə bir dəfə də səninlə söhbət elədik, lakin sən mənə heç nəyi anlatmadın. Səttar isə sızıldayan bir səslə: - O, mənim sənə verdiyim kitabın səhifəsində idi. Keçdi artıq. Unut. Maral da bu söhbətdən vaz keçib öz yaradıcılığından danışmağa başladı... O hiss etmişdi. O hiss etmişdi ki, mədəsində aparılan cərrahi əməliyyatdan sonra çox az yaşayacaq, cəmi bir il... Buna görə də sağlığında bütün yarımçıq qalan işlərini tamamlamaq istəyirdi. Bir səhər Rəfaeli yanına çağırıb dedi: - Oğlum, diqqətlə mənə qulaq as. Özün də yaxşı bilirsən ki, səni mən öz övladım kimi çox istəyirəm. Ona görə də vəsiyyətimi yalnız sənə etməliyəm. Yazdığım gündəliklərimi qoru, qoyma əldən- ələ keçsin. Vaxt gələr onlar sənə lazım olar. Bir də kənarda qoyduğum şəkilləri də adlarını siyahıda yazdığım adamlara bağışlayarsan. Məni Fəxri Xiyabanda basdırmaq istəsələr, əlbəttə əgər ona da əngəl olmaq istəyənlər tapılsa, de ki, məbadə ürəklərini buz kimi saxlasınlar, məni Əmircan qəbristanlığında – anamın yanında, islami qaydada, el adətilə basdırsınlar. Neyləyirəm Fəxri Xiyabanı, orda elələri basdırılıb ki, heç onlarla bir torpaq altında yatmaq istəmərəm. Mən anama
74
qovuşmağın həsrətindəyəm, çünki mənim üçün ondan pak, ondan müqəddəs bir insan yoxdur bu həyatda. Vəsiyyətini deyib yataqdan qalxaraq yenidən molbertin arxasına keçdi. Rəngi çox solğun, özü isə yorğun görünürdü. Hiss olunurdu ki, canı ağrıyır və bu ağrıları bildirməmək üçün özünü güclə saxlayırdı. O qədər şəkil çəkməyə başı qarışırdı ki, hətta yanına gələnlərə də əhəmiyyət verməyib işləyirdi. Hara tələsirdi, niyə tələsirdi? Dostları, qohumları ona əl saxlayıb dincəlməyi məsləhət görəndə isə hirslənər və deyərdi: - Niyə anlamırsınız? Mən şəkil çəkəndə bütün ağrılarım yadımdan çıxır. Hər şeyi, hər şeyi – bu yalançı dünyanı, bütün pislikləri unuduram. Mənim məqsədim içimdəki gözəl duyğuları ağ kətana köçürüb insanlarla paylaşmaqdır. Qoy görsünlər ki, bu dünya təkcə çirkinliklərdən ibarət deyil. Çəkdiyim şəkillərə baxıb sevinsinlər, rəsmlərimdən üzlərinə, qəlblərinə gözəllik hopsun. Səttar nə qədər zəifləsə də, çılğınlığı azalsa da qarşısına qoyduğu “vəzifə borcu” nu tamamlamağa can atırdı. Lakin bir gün artıq gücü tükəndi, yatağından qalxmağa taqəti qalmadı... Onu yenidən Moskva qatarına - dostları demişkən, “ ömür qatarından, ölüm qatarına” mindirib xəstəxanaya çatdırdılar. Lakin həkimin “artıq gecikmisiniz, geri aparsanız yaxşıdır” deməsi hamını bərk məyus etdi. Bununla belə Səttar geriyə dönmək istəmədi və xəstəxanada son günlərini yaşadı... SON GÜN ... o unudulmaz son günü təsvir etmək bilsəniz nə qədər çətindir. Səttar palatada yenə dostlarının əhatəsində gözləri pəncərəyə dikili gülümsəyir və deyir: - Nə yaxşı ki, burda Moskvada keçirilən fərdi sərgimi öz gözlərimlə gördüm. Bu çoxdan arzuladığım ilk və heyif ki, son sərgim oldu. Rəfael, oğlum , pəncərədəki şamı gətir yandır, qoy işığına tamaşa edim. Səttarın bu dedikləri hamını çaşdırmışdı. Çünki pəncərədə şam yox idi... və bunun nə demək olduğunu artıq ətrafdakılar tədricən anlamağa başladılar... Səttar isə: - Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?- deyərək üzündə təbəssüm qonmuş halda gözlərini bu fani dünyaya əbədi yumdu. Bu onun 1974- cü il oktyabrın 13-də Füzuli lirikası ilə son vidası oldu... Onu Bakıya gətirdilər və dövlətin qərarına əsasən Aktyorlar evində son vida görüşü keçirtdilər. Səttarla vidalaşmağa o qədər adam gəlmişdi ki, necə deyərlər, iynə atsaydın yerə düşməzdi. Hamının üzündə qəm, kədər, hamı ağlayırdı. Kim deyirdi ki, Səttarın övladı yoxdur? Kim deyə bilərdi ki, Səttarı sevənlər azdır? Burda – Aktyorlar evində möhtəşəm izdiham bütün deyilənləri alt- üst etdi. Səttar Bəhlulzadəni son mənzilə yola salmaq üçün sanki bütün Azərbaycan xalqı bura axışmışdı. Rəsmi nümayəndələr onu ikinci Fəxri Xiyabanda dəfn etməyi qərara alsalar da Səttarın qohumları buna etiraz etdilər və dahi rəssamın vəsiyyətinə əməl edərək onu Əmircanda – doğma anasının yanında dəfn etdilər. Böyük rəssamın qəbri önündə hamı öz ürək sözlərini demək istəyirdi: şair, rəssam, bəstəkar, müğənni, alim, fəhlə, hamı, hamı onunla ürək ağrısıyla ayrılaraq danışmağa can atırdı.  Azərbaycanın görkəmli şairi Tofiq Bayramın rəssamın məzarı önündə ürək ağrısı ilə söylədiyi şeirlər hamının yaddaşına həkk olundu:

Ruhun şad olsun

Dedin məzarımı kəndimdə qazın,
Yanıma bir fırça qoyun, bir çiçək.
Adicə bir daşa adımı yazın,
Xətrimi istəyən özü gələcək...

***

Qələm çək hər dərdin, azarın üstə,
Fırçan intizardan qoy azad olsun...
 Heykəlin ucalıb məzarın üstə,
 Səttar Bəhlulzadə, ruhun şad olsun!

***

Mənim günahım

Bir dəfə yanında şeir oxudum,
Sən də Füzulini gətirdin dilə.
İstədim dediyim sözləri udum,
Tər töküb əridim hey gilə-gilə.

***

Sənə söz qoşuram...cəsarətə bax!
Ay ustad, bağışla, ərk edirəm.
Qəbrinin üstünə gələndə ancaq
Sənə Füzulidən şeir deyirəm.

Əmircan kəndi düz qırx gün dahi rəssamın yasını saxladı. Hüzürə gələnlərin ardı – arası kəsilmirdi. Onun məzarı üstündə abidə qoyulması haqqında dövlət qərar çıxartdı və onun heykəlini hazırlamağı heykəltəraş Ömər Eldarova tapşırdılar. Lakin nə yazıq ki, həmin dövrdə dövlət bir qəpik belə pul xərcləmək istəmədi və bütün xərclər rəssamın öz hesabından ödənildi. 1975- ci ildə Əmircan qəbristanlığında qoyulmuş heykəl oranı ziyarət edənlərə bir daha Səttarı tanıdır. Rəssam iki çərçivəyə söykənərək sevdiyi mənzərəni seyr edən vəziyyətdə ucaldılıb. Bu çərçivələr elə yerləştirilmişdir ki, tamaşaçı baxış nöqtəsini dəyişməli olsa və abidənin ətrafına dolansa belə, həmişə çərçivələrdə Əmircanı və Bülbülə gölünü, yerli sakinlərin təbirincə desək, Şor gölünü yeni rakuslarda görəcəkdir. Bu isə bütün Azərbaycana Səttarın gözlərilə baxmaq deməkdir. Rəssamın məzarının üstündə iki göyərçin pərvazlanır. Bu göyərçinlər Ağabalanın Səttara vəd etdiyi quşlar idilər. Sanki bu ağ qanadlı canlılar da rəssama olan sevgilərini sədaqətlə göstərməyə çalışırdılar və onun məzarını üzərində dövrə vurub qanad çalaraq qoruyurdular. Onun rəssam və digər sənət sahibi olan dostları da vaxtaşırı məzarı önünə gəlir və onu yad edirdilər. Əmircan qəbristanlığı Səttarsevərlərin ziyarətgahına çevrilmişdi. "Səttar bu günahlı dünyanın günahsız uşağıydı, o, günaha batmadı. Səttarın buna heç vaxtı da yox idi. Onun bu əvəzsiz insani keyfiyyətini müasirləri də bilirdilər. Əlindən heç nə gəlməyən də, böyük ixtiyar sahibi olan da... Onu Azərbaycanın hər yerində sevirdilər. Çünki adamlarla ünsiyyəti sadə və oyunsuz idi"... Bu sözləri bir vaxtlar Səttar haqqında görkəmli filoloq alim Kamil Vəli Nərimanoğlu demişdi. Dünyanın hər yerindən Səttar sənətinin vurğunları bura axışmaqdadır. Gələnlərin içində bir nəfər də var idi... Səbəbi isə... Bir gün Maral Rəfaelə zəng vurub onlara gəlmək istədiyini bildirdi. Günorta Əmircandakı evlərində görüşdülər və Maral Rəfaeldən bir kitab istədi: - Rəfael, Səttarda “Qılınc və qələm” romanı olmalı idi, köhnə nəşr idi. Onu mənə verə bilərsənmi? Rəfael tərəddüdsüz Səttarın kitabları arasından romanı tapıb gətirdi. Maral kitabı əl çantasına qoyub evdə oxumaq qərarına gəldi. Səttarı itirdikdən sonra kitabın 159- cu səhifəsi ona rahatlıq
76
vermirdi. Çünki Səttar vaxtilə dönə- dönə ondan bu səhifəni açmağı xahiş etmişdi. Dostunun bu xahişini barı ölümündən sonra yerinə yetirməyi özünə borc bilib ordan ayrıldı. Bir xeyli küçə ilə piyada getdikdən sonra dözməyib çantadan kitabı götürdü və məlum səhifəni açmaq istəyərkən yerə qatlanmış halda rəngi saralmış bir vərəqin düşdüyünü gördü. Bu Moskvada tələbəlik dövründə Səttarın Marala yazdığı həmin sevgi məktubu idi... Maral vərəqdə yazılanları bir nəfəsə oxusa da göz yaşları ona imkan vermirdi. Məktubu oxuyub bitirdikdən sonra küçədəki hasara söykənərək bir xeyli dayandı və sonra nə düşündüsə, geriyə Səttarın məzarına tərəf yönəldi və heykəlin qarşısında dayanıb dedi: - Ax, dostum, sən bu qədər ili, bu boyda sirri ürəyində necə gizlədə bilmisən? Niyə mən həmin vaxtlar bu kitabı varaqlamadım? Niyə sənin ürəyinin çırpıntılarını duymadım? Demək, mən yaxşı dost deyilmişəm, səni anlamamışam, duymamışam. Bəlkə də bu məktub bizim talelərimizi dəyişə bilərdi. Bəlkə də dostluq bağlarımız bizi birləşdirə bilərdi. Bəlkə də mən İqoru yox, məhz səni seçərdim. Əgər belə olsaydı nə sən yanardın, nə də mən. Bəlkə də... bəlkə də... deyə Maral hönkürtü ilə ağlamağa başladı... Bəs niyə məhz 159-cu səhifə, bax, bunun cavabını Maral heç vaxt öyrənə bilmədi...

***

İllər ötsə də Səttar dühası dillərdə əzbər oldu. Şairlər ona şeirlər həsr etdilər, heykəltəraş Fuad Əbdürrəhmanov, Pyotr Sabsay, Ömər Eldarovdan savayı, Elmira Hüseynova, Fuad Bakıxanov, Cümşüd İbrahimov, Natiq Əliyev, Hüseyn Haqverdiyev, Xanlar Əhmədov və s. rəssamın portretlərini hazırladılarlar. Onun vəfatından sonra yaşadığı evi özünün şəxsi hesabından təmir etdirib Əmircan məscidindəki ekspozisiyalarını bura daşıdılar. Məscid isə nəhayət, öz funksiyasına uyğun keçmişdəki fəaliyyətini davam etdirdi. Ev muzeyi kimi fəaliyyət göstərən bu məkanda hər şey sanki Səttarı xatırladır, onun ruhunun burda dolaşdığını hiss etdirir. Hər bir eksponat sanki dil açıb Səttarın həyatından, yaradıcılığından, onun yaşam tərzindən söhbət açmaq istəyir. Bəli, bu məkanda Səttar sənətinin ölməzliyi, həmişəyaşarlığı hiss olunur. Otaqları gəzdikcə Səttarın ruhu ilə Füzulinin ruhunun birgə dolaşdığını, Məcnunun ah-naləsini eşitməklə yanaşı, rənglər dünyasının sehrinə düşürsən.


Sənət yolunun enişli- yoxuşlu, tikanlı, gül - çiçəkli cığırından keçən dahi rəssamımızın həyat və yaradıcılığının xronologiyası:

1909 - Dekabr ayının 15-də Bakının Əmircan qəsəbəsində anadan olmuşdur.
1927-1931 - Bakı Rəssamlıq Texnikumunda oxumuşdur.
1933-1940 - V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsil almışdır.
1941 - SSRİ Rəssamlar İttfaqına üzv qəbul olunmuşdur.
1942-1944 - Bakı Rəssamlıq Texnikumunda dərs demişdir.
1955 - Bakı şəhərində ilk fərdi sərgisi açılmışdır.
1956 - Tiflis və İrəvan şəhərlərində fərdi sərgisi təşkil olunmuşdur.
1960 - Bakı, Tiflis və İrəvan şəhərlərində fərdi sərgisi keçirilmişdir.   
         - “Azərbaycan SSR əməkdar incəsənət xadimi” fəxri adına layiq görülmüşdür.
1963 - “Azərbaycan SSR xalq rəssamı” fəxri adına layiq görülmüşdür.
1965 - “Xınalıq otlağı” və “Oyanma” tablolarına görə SSRİ Rəssamlar İttifaqı Rəyasət Heyətinin diplomuna layiq görülmüşdür.
1966 - Praqa şəhərində qrafik əsərlərindən ibarət fərdi sərgisi təşkil olunmuşdur.
77
1972 - Azərbaycan SSR Dövlət mükafatına layiq görülmüşdür.
1973 - Mosvkvada fərdi sərgisi təşkil edilmişdir.
1974 - Oktyabrın 13-də Moskva şəhərində vəfat etmişdir.   
         - Oktyabrın 16-da Əmircan qəsəbəsində dəfn edilmişdir.
1977 - Moskvada qrafik əsərlərindən ibarət fərdi sərgisi təşkil olunmuşdur.
1978 - Yaltada qrafik əsərlərinin sərgisi açılmışdır.
1983 - Bakıda şəxsi kolleksiyalarda saxlanılan əsərlərindən ibarət sərgi təşkil olunmuşdur.
1987 - Bakıda şəxsi kolleksiyalarda saxlanılan əsərlərindən ibarət sərgi təşkil edilmişdir.
1988 - Minskdə fərdi sərgisi açılmışdır.
1994 - Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev S.Bəhlulzadənin xatirəsinin əbədiləşdirilməsi məqsədilə sərəncam imzalamışdır.
         - Nyu-Yorkda BMT-nin iqamətgahında fərdi sərgisi açılmışdır.
         - Bakıda anadan olmasının 85 illiyi təntənəli şəkildə qeyd edilmişdir.
         - İstanbulda fərdi sərgisi açılmışdır.
         - Bakıda fərdi sərgisi təşkil edilmişdir.
1995 - Londonda fərdi sərgisi açılmışdır.
1996 - Bonnda fərdi sərgisi açılmışdır.
1999 - Bakıda fərdi sərgisi təşkil olunmuşdur.
2004 - Bakıda anadan olmasının 95 illiyinə həsr edilmiş fərdi sərgisi açılmışdır.
2008 - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev respublikada rəssamın 100 illik yubileyinin qeyd olunması haqqında sərəncam imzalamışdır.
         - YUNESKO Baş Konfransının 34-cü sessiyası Səttar Bəhlulzadənin anadan olmasının 100 illiyinin təntənəli şəkildə qeyd olunması barədə qərar qəbul etmişdir.
2009 - Paris, Bakı və Daşkənd şəhərlərində S.Bəhlulzadənin yubiley sərgiləri təşkil edilmişdir.

*** 

Səttarın qəbrinin üstündən güllər əksik olmadı və bu güllərin üzərində pərvazlanan bir cüt göyərçin həm də sanki Səttarın məzarını ziyarət edənləri salamlayırdı. Buranı ziyarət edən dostların içində müntəzəm gələnlərdən biri də təbii ki,Maral idi. Maral Səttarın vəfatından sonra düz 34 il ömür sürdü. Bu illər ərzində gözəl şəkillər çəkdi, sanki itirdiyi yaxın dostu, sirdaşı Səttarın da əvəzinə gecə - gündüz çalışdı, yaratdı. M.Rəhmanzadənin Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanına, Məhəmməd Füzulinin “Qəzəllər”inə və Nizami Gəncəvinin “Leyli və Məcnun” poemasına çəkdiyi illüstrasiyalar bu günümüzdə də kitab qrafikasının ən gözəl nümunələridir.Onun əsərləri xarici ölkələrdə Azərbaycan rəssamlıq sənətini layiqincə təmsil edir. Onun əsərləri hazırda dünyanın bir çox ölkələrində muzeylərdə, şəxsi kolleksiyalarda saxlanılır. Şri-Lanka və Kubada fərdi yaradıcılıq sərgiləri nümayiş etdirilmişdir. Maral həmişə diqqət mərkəzində oldu, sevildi, milli təsviri sənətin inkişafındakı böyük xidmətlərinə görə xalq və dövlət tərəfindən qiymətləndirildi.  Qırmızı Əmək Bayrağı ordeni, "Şərəf nişanı" ordeni, Azərbaycanın "Şöhrət"ordeni ilə təltif edildi. Prezidentin fərdi təqaüdçüsü oldu. Maral hara getdisə, hansı görüşdə oldusa Səttarın yazmış olduğu rəngi saralmış məktubunu bir talisman kimi özü ilə gəzdirdi və 91 yaşında, 2008-ci il mart ayının 16-da həyatla əbədi vidalaşdı. Martın 17-də ölkəmizin ictimaiyyəti Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, xalq rəssamı, Dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Maral Yusif qızı Rəhmanzadəni son mənzilə yola saldı. Mərhumun cənazəsi ilə xalqımız və o cümlədən dövlət rəsmiləri, incəsənət xadimləri bu gözəl xanımla Rəşid Behbudov adına Dövlət Mahnı Teatrına son görüşə axışdı.
78

Popular Posts