Fələklər yandı ahimdən: Yollar… Yollar…

Yollar… Yollar… 


“Yenə yollardayam. Çöllər, çəmənlər, dağlar məni çağırır. İlan kimi qıvrılan bu cığırlarda mənim kimi neçə- neçə insanın ayaq izləri var. Görəsən, nədir məni bu yollara çəkən, bağlayan? Yol boyunca güllər, çiçəklər, cəh- cəh vuran quşlar sanki məni salamlayır, xoşgəldin deyir. Səttar düz deyir: Allahın yaratdığı bu gözəlliklər qədər heç nə insanın ruhunu oxşaya bilməz, qəm-kədərini azalda bilməz. Heç bir şan-şöhrət, verilən mükafatlar təbii gözəlliklər qədər məni yeni işlərə ilhamlandıra bilməz. Hərdən fikirləşirəm ki, nə yaxşı mənim Səttar kimi dostum var. Ürəyimdəkiləri heç olmasa onunla bölüşə bilirəm. O, doğrudan da gözəl insan və yaxşı yoldaşdır. Səttar uzaqgörəndir. Məni dəfələrlə İqorla görüşməmək üçün xəbərdarlıq etdi, mən isə ona qulaq asmadım, gəncliyin havası məni sevgi yelləncəyində elə yelləndirdi ki, başım gicəlləndi və dost sözünü, məsləhətini dinləmədim və indi onun acısını içimdə tək çəkirəm. Əgər ona qulaq assaydım, indi mənim də ocağım isti olardı, ətrafımda məni sevən, qayğıma qalan həyat yoldaşım, övladlarım olardı. Belə bir xoşbəxt ailəyə ömürlük həsrət qaldım. İndi isə tənhayam, bir özüməm, bir də qəlbimin hayqırtısı. Bu hayqırtını isə özümdən başqa heç kim eşitmir”. Elə bu vaxt çiyinlərində üzüm dolu səbətlər daşıyan qız-gəlinləri görən Maral düşüncələrindən ayrıldı. Sürücüyə “maşanı saxla” deyib düşdü və qadınlara yaxınlaşdı: - Salam, qızlar. Yorulmayasınız. Onlar da görkəmli rəssamı tanıyıb mehribanlıqla salamlaşdılar. Maral: - Artıq gün günortanı keçib siz hələ işləyirsiniz? Qadınlardan dillisi:  - Sonuncu səbəti boşaldıb nahara başlayırıq. Siz bizim şəklimizi çəkməyə gəlmisiniz? Çox vaxt pambıqçıların rəsmini çəkirlər, onlara şeirlər, mahnılar ithaf edirlər, elə bil biz adam deyilik. Biz də zəhmət çəkirik, səhər yeddidən ta gün batana qədər üzüm yığırıq ki, planımızı dolduraq, ancaq bizi heç yada salan yoxdur. Maral özünə maraqlı həmsöhbət tapdığına sevindi və dedi: - Bəlkə məni də öz nahar süfrənizə dəvət edəsiniz, olar? Qızlardan biri: - Əlbəttə olar, ancaq siz şəhər adamısınız, məşhursunuz, bizim kimi sadə insanlarla bir süfrədə ... nə bilim, vallah, sizə layiq yeməyimiz yoxdur, axı? Maral isə gülümsünüb dedi: - Mənə sizin kimi halal zəhmətlə çörək qazanan zəhmətkeş qadınlarla harda desəniz oturmaq xoşdur. Beləliklə qadınlar üzüm dolu səbətləri traktora qoşulmuş lapetə boşaldıb süfrələrini açmağa başladılar. Kimi termosdan çay süzdü, kimiləri də süfrəyə pomidor, xiyar, soyutma kartof və yumurta düzdülər. Qadınlar deyə-gülə zarafatlaşır, şən əhval-ruhiyyə yaradırdılar. Sanki heç
70
yorulmamış kimi davranırdılar və bu Maralı daha çox heyrətləndirirdi. Qızlardan biri fincana termosdan süzülmüş çayı iki konfetlə rəssama uzadıb dedi: - Buyurun, Maral xanım, çayınızı için. Maral üzündə heyrət qarışıq təbəssümlə soruşdu: - Qızlar, siz bütün günü burda işləyirsiniz, bəs evdəki işinizi necə çatdırırsınız? Günün istisindən dərisi yanmış gənc bir qadın yarızarafat, yarıgerçək dilləndi:  - Bizi evdə əvəz eləyən uşaqlarımızdır. Hərəmizin heç olmasa ən azı 5-6 uşağı var. Axşam işdən sonra xörəyimizi bişiririk, pal-paltarımızı yuyurub ütüləyirik ki, sabaha iş qalmasın. Qalan işləri uşaqlar birtəhər yola verir. Bura bizim üçün ön cəbhədir, mütləq planı artıqlaması ilə doldurmalıyıq, çünki dolanışığımızı burdan təmin edirik, evimiz isə arxa cəbhədir, vaxt imkanı nəyə çatırsa o işi də görürük. Maral heyrətlə soruşdu: - Bəs yorulmursunuz? Bir başqası: - Bizə yorulmaq da, xəstələnmək də haramdır, əgər yorulsaq işlərimizi kim görəcək? Sizin fikriniz şəhər qadınlarına getməsin, onlara bir az hava dəyməmiş tez xəstələnirlər. Bizim isə canımız möhkəmdir, bütün günü ki, bu açıq havada oluruq çətin xəstələnək. Həm də xəstələnsək kimdir qayğımıza qalan?  Maral üzümçülük sovxozunda söhbət etdiyi qadınlara bircə bunu deyə bildi: - Siz qəhrəmansınız, eşq olsun sizlərə! Onlardan ayrılıb maşına mindi və sürücüyə: “ sür getdik” dedi. Maşında yol boyu Maral yenə düşüncələrə daldı: “Qəribədir, bu qəhrəman qadınlar bütün əyləncələrdən, naz- nemətdən, qayğılardan məhrumdurlar, amma bununla belə xoşbəxtdirlər, deyib- gülürlər, başlarından qayğıları aşsa belə özlərini necə də qayğısız göstərirlər. Onlar da qadındırlar, hərəsi bir kişinin həyat yoldaşı, ömür- gün yoldaşıdırlar. Yəqin ki, onların da ürəyində sevgi, məhəbbət hissləri baş qaldırır, onlar da sevirlər, sevilirlər, dünyaya uşaq gətirirlər. Övladlarını o kobud, qabarmış kişi əlinə bənzər əllərilə oxşayır, nəvaziş göstərirlər, onlara gecələr laylay çalırlar. Budurmu, sovet rejiminin qadınlarımıza verdiyi hüquq bərabərliyi? Bəs əvəzində nəyi alırlar? Azərbaycan qadınına məxsus xanımlığını, azadlığını, zərifliyini, incəliyini. Bu rejim insanları əməlli – başlı robotlaşdırır. Bu qadınlar bir az artıq qəpik- quruş almaq üçün ailələrini, övladlarını, ən əsası qadınlıqlarını unudub gecələrini- gündüzlərinə qatırlar, min bir əziyyətə qatlaşırlar, nə var, nə var dövlət rəhbərlərimiz Moskvanın xoşuna gəlsin. Əvəzində yaxalarına bir dəmir parçası taxıb başlarını aldadırlar. Guya medalla mükafatlandırırlar. Belə ədalətmi olar? Bəs hanı televiziya və radio dalğalarının bar-bar bağırdığı Sovet ölkəsinin insana olan qayğısı, diqqəti?” Bu düşüncələrdən yorulan Maral birdən uca səslə: “0f başım ağrıdı” deməsilə sürücünün maşını saxlaması bir oldu. Sürücü: - Burda qabaqda bir bulaq var, istəyirsiniz düşün əl-üzünüzü yuyun bəlkə xeyri oldu.  Maral havası çatmırmış kimi tez maşından endi. Sərin meh onun saçlarını üzünə dağıtdı. Gözəl hava idi, hər yan yaşıllıq, çəmənlikdə bitən xırda rəngarəng çiçəklər adama xoş təsir bağışlayırdı. Maral yaxınlıqdakı bulaqda əl - üzünü yuyub dərin nəfəs aldı və dostu Səttarı xatırlayaraq dedi: Azərbaycan təbiətinin nəğməkarı hardasan? Yerin məlum, gəl, gör buralar necə gözəldir. Doğrudan da adamın dərdlərinə məlhəmdir bu gözəl və füsunkar təbiət. Səttar, mən də sənin qədər duymağa başlamışam bu təbiəti, gözəllikləri. Uzaqdan durna qatarının səmanı yarıb süzməsi, axan çayın zümzüməsi, dağlardan əsən meh damarlarda axan qanı qaynadır və bu mənzərədən Maralın yaddaşına yeni-yeni mövzular həkk olunurdu. O, bir neçə eskiz hazırlayıb sürücüyə dedi: - İndi isə sür gedək rayon mərkəzinə. Küçələrdə adam görünmürdü. Çünki hamı iş başında idi, sovxoz işçiləri sovxozda, kolxozçular tarlalarda, bir sözlə plan və öhdəlikləri doldurub təhvil vermək üçün hamı çabalayırdı. Təsadüfən 
71
əks tərəfə şütüyən bir maşının onların yanında saxlaması və içindən həmkarı Güllü Mustafayevanın enməsini görən Maral təəccübləndi: - Güllü, sən burda imişsən, xəbərim yox. Bakıya qayıdırsan? Güllü isə kefsiz halda dilləndi: - Hə, qayıdıram. Mən də bu gün səhər gəlmişdim . Burda eşitdim ki, Səttarın halı pisləşib onu xəstəxanaya aparıblar. Ona görə qayıtmalı oldum. Bilirsən, axı o bizim hamımızın dostu, qardaşıdır. Belə vəziyyətdə onu tək qoymaq olmaz. Qadın rəssamlar hər ikisi bir maşına əyləşib üzü Bakıya yol aldılar. Güllü yol boyu elə hey həyəcanla danışırd: - Mən ona deyirdim, özünə fikir ver, qulaq asmırdı. Bütün gücünü verirdi şəkil çəkməyə, elə bil onu arxasınca qovan var . Yemək yemir. Amma papirosu bir- birinə calayır, içki içir və buna mədə yazıq necə dözsün? Elə səhər rayon rəhbərliyi ilə görüşəndə məndən soruşdu ki, sizin sənət fədainiz necədir? Deyirəm: kimi deyirsiniz, bizdə fədai çoxdur. Katib deyir ki, yox, Səttar Bəhlulzadə kimisi hələ bu dünyaya gəlməyib. O buraların hər qarışını gəzib, əzbər bilir. Maral da eyni narahatlıqla dilləndi: - Düz deyir, Səttar bu sənətin Məcnunudur. Ona aramızda gəzən dahi adını boşuna deməyiblər ki? Təki ona heç nə olmasın, tez sağalsın. Kim bilir hələ nə qədər yarımçıq görülməli işləri var. Sən deyirsən ki, içir, çəkir, neyləsin? Belə bir istedadlı rəssamı əl üstə saxlamaq əvəzinə həmişə onu sıxışdırıblar, rəsmlərini qiymətdən salıblar, mütəmadi fərdi sərgilərini keçirməyə imkan verməyiblər. Bu bilirsən nə deməkdir? Azadlıq aşiqini həbs etmək, balığı susuz qoymaq, istedadını boğmaq kimi bir şeydir. Neyləməlidir, məmurlarla davaya çıxmalıdır? Səttarın ürəyi kimi ürək, de, hansımızda var? Rəssam dostlarımızdan hansının rəsm əsərini nazirlik Səttarın çəkdiyindən ucuz alıb? Hansımız min bir əziyyətlə, zövqlə işlədiyimiz tablonu kiməsə hədiyyə veririk? Gəl etiraf eləyək ki, heç birimiz. Çünki tez bunun yaxşı qazanc gətirəcəyini fikirləşirik . Amma Səttar elə deyil. Onun ürəyi kimi ürək bizim heç birimizdə yoxdur. Bir dəfə, Polşada Azərbaycanın mədəniyyət günləri keçirilərkən orada Səttarın da fərdi sərgisi nümayiş olunurdu. Sərgiyə gələnlər rəsm əsərlərinə tamaşa edərək heyran qalırlar və bu sərgi böyük səs- küy saldı, sensasiyaya səbəb oldu.Səttara dövlət tərəfindən böyük məbləğdə pul mükafatı vermişdilər. Təyyarədə bir qızla tanış olar, qız da imkansızlığından şikayət eləyər. Səttar aldığı mükafat pulun çox hissəsini qıza təmənnasız olaraq bağışlayar. Bir müddət keçəndən sonra qız borcunu qaytarmaq istəyəndə Səttar inciyib deyir ki: "İmkan vermərsiz ki, özümüzü milyonçu kimi hiss eləyək..." Amma görür ki, qız yaman pərt olur, buna görə pulu götürür. Bax, bu insan belə bir ürək sahibidir.
***
Səttarı həqiqətən də Sabunçu xəstəxanasına aparmışdılar. Həkimlərin dediyinə görə vəziyyəti heç də qənaətbəxş deyildi, mədəsi əməlli- başlı çürümüşdü. Burda da Səttardan incik olan bəzi üzdəniraq kinli məmurlar onun səhhətilə “oyun oynamaq” qərarına gəlirlər. Moskvada dahi şairimiz İmadəddin Nəsiminin 600 illik yubileyi ərəfəsində Səttarın da fərdi sərgisinin açılış mərasimi keçirilirdi. Səttar isə Bakıda- xəstəxanada. Həkimlərin nəzarəti altında çoxdan həsrətində olduğu Moskva sərgisindən uzaqda idi. Həmin məmurlar həkimlərə möhkəm bir tapşırıq vermişdilər: “Nə olursa olsun, Səttarı xəstəxanada yubatmaq və Moskvaya getməsinə mane olmaq.” “Leçkomissiya” nın verdiyi sənəd əsasında onu yoluxucu xəstə adı ilə Sabunçu xəstəxanasında uzun müddətdə saxlamaq qərarında idilər. Halbuki Səttarın mədəsi elə bir vəziyyətdə idi ki, təcili əməliyyata ehtiyacı var idi. Başqa bir tərəfdən əgər Səttarı Moskvaya xəstəxanaya aparsaydılar, onun yoluxucu xəstəliyə tutulmadığı aşkar olunacaq və bu çox məsələləri ifşa edə biləcəkdi. 
72 
1973-cü ilin ən isti- avqust- sentyabr ayları idi. Səttar ağrılardan bərk əziyyət çəkirdi. Moskvada - onun iştirakı olmadan açılan fərdi sərginin ekspozisiyasına həsr olunmuş albomu bəstəkar dostu Arif Məlikov ona ərməğan edəndən sonra dostlarına deyir: -Oğlum yox, qızım yox evləndirəm, toylarını edəm. Özümün də toyum olmayıb, evlənməmişəm. Yaşımın bu vaxtında, ömrümdə birinci dəfədir ki, Moskvada fərdi sərgim açılıb. Həmişə bunun arzusunda olmuşam. Ora məni çatdırsanız arzum ürəyimdə qalmaz. Gülmurad, səni təkcə Zabratda yox, elə burda da yaxşı tanıyırlar, bir həkimlə danış. Bəlkə məni Moskvaya – sərgiyə çatdıra bildiniz. Doğrudan da çayçı Gülmuradı bu əhatədə hamı yaxşı tanıyırdı. O, doktor Mehdi ilə “dil” tapa bildi. Və həkim ona xəstəni burda ləngitməyi “yuxarılar” dan tapşırıldığını açıqladı. Buna baxmayaraq, Səttarı təcili Moskvada müalicə edilməsini tövsiyyə edərək onu xəstəxanadan azad etdi. Onu bacısı oğlu Rəfael, çayçı Gülmurad və digər rəssam dostları Həsən Haqverdiyev və Kamil Xanlarov qatarla Moskvaya çatdırırlar. Səttar nəhayət, bədxahların acığına öz fərdi sərgisinin uğurla keçdiyini öz gözlərilə görüb sevinir və uğurunu dostları arasında qeyd edəndən sonra N.İ.Piroqov adına xəstəxanada professor Çernousovun başçılığı ilə əməliyyata girir. Əməliyyatdan sonra Səttar dostlarının əhatəsində Moskvadakı xəstəxanada bir müddət qalır. Çayçı Gülmurad deyir: - Bax, Səttar, səni Allah yenidən bizə qaytardı. Ancaq həkimin dediklərinə gərək riayət edəsən, birinci növbədə içki ilə birdəfəlik vidalaşmalısan. Xəstəlikdən xeyli zəifləmiş Səttar isə dostunun qadağası əvəzinə Seyid Əzimdən bu misraları söylədi:

Nə bu gün bağdə yarım, nə meyim var mənim, Seyri-gülzardə bihudə nəyim var mənim?

Sizi tanri yetirin piri-xərabatə məni, Ki bu gün saqi əlindən giləyim var mənim.

Mənə mə'cuni-meyi-lə 'li dəvadır, saği, Ki qəmi-hicr ilə cismimdə keyim var mənim.

Can sənin, cism sənin, əmr sənin, fe'l sənin, Cümlə sənsən, bu arada nə şeyim var mənim?

Məni, Seyyid təki, çək güşeyi- meyxanələrə; Artırır qəm dəxi məsciddə nəyim var mənim?

Səttarın dediyi qəzəldən sonra hamı gülüşdü və bir daha onun yaddaşına heyran qalaraq ona dövrümüzün şair rəssamı dedilər. Səttar isə etiraz edib dilləndi: - Yox, dostlar, daha qocalmışam, əvvəlki Səttar deyiləm. Gülmurad isə əvəzində: - Sənin haran qocalıb? Heç bilirsən sərgiyə gələnlər sənin haqqında nə deyirdilər? Özüm öz qulaqlarımla eşitdim, canım üçün. Bir cütlük- ər- arvad sənin çəkdiklərinə baxırdılar, birdən qadın ərindən soruşur ki, görəsən bu sənətkarın neçə yaşı olar? Kişi cavab verir ki, hər halda cavan olar. Rəsmlərinə fikir ver, görmürsən başdan ayağa təbiəti təsvir edib. Bunun üçün gərək gənc olasan ki, bu qədər enerji sərf eləyəsən, dağ-dərəni gəzəsən. A kişi, daha xəbərləri yox idi ki, sənin 64 yaşın var, - bu sözləri deyib hamılıqla gülüşdülər. Daha bilmirlər ki, sənin qəlbin, ürəyin cavandır.
73
Səttar isə dərindən bir ah çəkərək dedi: - Yox, qardaş, mənim qəlbim çoxdan qocalıb köhnəlib, qədimdən də qədimdir. Səttarın bu sözlərindən sonra hamı susdu.  Əməliyyatdan sonra Səttar həkimini də yaddan çıxarmadı, ona sərgidə nümayiş olunmuş çəkdiyi rəsmlərdən üçünü bağışladı. 

Popular Posts