Fələklər yandə ahimdən: Bayramlar
Fələklər yandə ahimdən: Bayramlar
Çöldəki qış havasından üşüyən Səttar tez çaydanı götürüb qaynatdı və çay dəmləməyə hazırlaşırdı ki, şəhər telefonunun zəngi eşidildi. - Alo, salam, Maral. Necəsən? Nə oldu, yarımçıq işini bitirdin? - deyə Səttar rəfiqəsini sorğu- suala tutdu.
Maralın səsi telefondan kənara yayılırdı:
- Hə bitirdim. Sənin məsləhətlərin həmişə mənim köməyimə çatır.
Yaxşı. Bunları qoy bir yana, dekabrın 15- nə az qalıb. Əmircan qonaqlığı bizi gözləyir, dostum. Unutma.
Bu sözlərdən Səttarın gözləri körpə uşaq kimi işım-işım işıldayır və gülümsəyərək deyir:
- Bilirsən, mənim üçün iki əziz gün var, onların ikisində də yaranış, yeni həyat başlayır. Onlardan biri mənim doğum günüm, o biri isə Novruz bayramıdır.
Maral da dostunun sözlərinə qüvvət verərək deyir:
- Demək ona görə hər iki əziz gündə sən xonça tutub şam yandırırmışsan. Hər ikisində təbiətin möcüzəsi baş verir: birində torpaq oyanır, həyat canlanır, digərində sənin həyata gəlişinin ildönümü... İndi de görüm, ürəyin nə istəyir sənin üçün hədiyyə alım?
Səttar güldü:
- Guya ad günümə birinci dəfədir gəlirsən, özün də bilmirsən ki, mən hədiyyə- zad almağı xoşlamıram.
Maral tez- tələsik:
- Bilirəm, bilirəm. Onu da bilirəm ki, bütün dünyada yeganə adamsan ki, ad günündə hədiyyə almaq əvəzinə verməyi xoşlayırsan. Əgər hədiyyə almağı xoşlamırsansa onda özün niyə çəkdiklərini hədiyyə olaraq bağışlayırsan?
64
Doğrudan da Səttarın ad günləri qeyri- adi təmtəraqla keçərdi. Dostları başına yığışar, böyük bir xonça düzəldər, içinə hər cürə bişmişlər, naz- nemətlər düzər, məcməyinin ətrafına rəngbərəng böyük şamlar düzərdi və körpə uşaq kimi alışan şamlara baxıb sevinərdi. Bu şamlar ta əriyənə kimi qarşısında oturub baxardı və dostlarından həmin vaxtda “Şəbü- hicran”ı oxumağı xahiş edərdi. O əriyən şamlara baxdıqca ömrünün necə əriyib getdiyini düşünər və sanki ömrünün qalan hissəsini daha çox çalışmaq üçün proqramlaşdırardı.
Həmin günü tək rəssamlar yox, müxtəlif sənət sahibləri olan dostları da Səttarın qonağı olardılar və onun köhnə balaca evində əsl musiqi və poeziya axşamı keçirilərdi. Dostları onun ən çox sevdiyi qəzəlləri söyləyər, muğamlar oxuyardılar. Təbii ki, oxunan muğamların əksəriyyəti Füzuli qəzəllərindən olardı.
"Yarəbb, bəlayi-eşq ilə qıl aşina məni!
Bir dəm bəlayi-eşqdən etmə cüda məni!".
Və yaxud:
Pənbəyi-daği-cünun içrə nihandır bədənim,
Diri olduqca libasım budur, ölsəm, kəfənim...
Səttar muğamlarımızın vurğunu idi. Bəzən muğamı elə gözəl xırdalayardı ki, sanki özü bir xanəndədir və ya muğam ustasıdır. O həmişə deyərdi ki, Bakı camaatı muğamatı pəstən oxuyar, özü də ən çox “Çahargah”, “Mahur”. Lakin muğamın əsl vətəni sayılan Qarabağ bölgəsinin xanəndələri zəngulələr etməyi xoşlayar. Sevgi, eşq muğamı başqadır, döyüş, mübarizə muğamı başqa. Hər muğamın öz məqsədi, mənası var. Özünə məxsus oxuma üslubu və səsi olmalıdır. O xanəndə ki, özü oxuduğu muğamatın qavalını başqası vurdu, onda heç, ləzzəti itir. Xanəndənin qavalı da öz əlində olmalıdır.
Ona görə də ən əziz günündə, yəni ad günündə muğam dinləmək ona xüsusi təsir edərdi. Musiqi səsi kəsilən kimi dostlarından Tahir Salahov dedi:
- Səttar, sən bu şamlardan hər il ad günündə yandırırsan və heç vaxt ürəyində dilək tutub üfüləmirsən. Onları tamaşa edə - edə niyə belə əridirsən?
Səttar isə dostuna:
- Bəyəm ürəkdə arzu tutmaq üçün mütləq şam üfüləmək lazımdır? Şamın vəzifəsi yanmaqdır, ətrafa şölə saçaraq öz istisiylə, alovuyla əriyib yox olmaqdır. O ki qaldı mənim arzuma, bilirsiniz, bu dəqiqə ürəyimdən nə keçir?
Bir anlıq sükut yaranır və hamının diqqəti Səttarın deyəcəyi sözə yönəlir. Səttar dostlarını intizarda qoymayıb dedi:
- Bu dəqiqə istəyərdim anam yanımda olsun. Mən ona qovuşmaq istəyirəm. Onu itirdiyim vaxtdan indiyənə qədər mənə elə gəlir ki, mən onunla bərabər hər şeyi itirmişəm. Bu şamların istisində anamın ilıq nəfəsini, şöləsində gözlərinin parıltısını görürəm.
Hər səhər mən yuxudan ayılanda görərdim ki, çayımı dəmləyib, süfrə açıb, məni gözləyir. Hər evdən çıxanda onun üzündən öpüb gedərdim. Bəzi vaxtlarda o yuxudan qalxmayanda özüm sakitcə çaydanı qızdırıb, çay dəmləyib səhər yeməyimi yeyər, sonra da onun üzündən ehtiyatla öpərdim ki, oyanmasın və evdən çıxardım.
Amma bir gün yenə səhər özüm oyandım, çayımı dəmləyib içdim və evdən çıxmamış anama yaxınlaşıb üzündən öpdüm. Onun üzü bumbuz idi, sən demə, keçinibmiş mənim də xəbərim yox...
Bu sözlərdən sonra Səttar hönkürtü ilə ağladı və onun bu hekayəsindən hamı məyus olub gözləri dolmuşdu.
Çox təsirli bir mənzərə yaranmışdı. Övladın ad günündə zərif, kövrək, lakin dağ vüqarlı bir ananın xatirəsi yad edilirdi.
65
Səttar ad günündən savayı bir də Novruz bayramını xüsusi təmtəraqla keçirməyi xoşlayardı. O, bu əziz bayram günündə mütləq bacısı oğlu Rəfaelə hədiyyə alar, bayram xonçasına ləziz şirniyyatlar düzər, uşaqların yumurta döyüşünə, tonqaldan tullanmasına tamaşa edib özü də uşaq kimi sevinərdi.O heç vaxt sovet dövrünün bayramlarını qeyd etməzdi. Səttar belə bayramlara - 1 May, 7 Noyabr və s. əldədüzəltmə bayramlar deyərdi. Həmişə deyərdi ki, bunlar bizə yad bayramlardır. Bizim öz milli bayramlarımız var, onları da uzun illər bizə qadağa qoydular. Lakin xalq onsuz da bildiyini eləyəndir, xəlvəti də olsa bu bayramları keçirir. Onun tez-tez işlətdiyi və sevdiyi bir ifadə də vardı. Deyirdi ki, Həzrəti Əli (ə) buyurub: “ Günah işlətmədiyim gün mənim üçün ən böyük bayramdır”.
Səttar bütün fəsilləri sevirdi. Xüsusilə yaz aylarında təbiətin oyanmasını öz gözlərilə görmək arzusu onun ürəyində həmişə baş qaldırıb.
Bir dəfə telefonun dəstəyini qaldırıb yaxın dostu bəstəkar Arif Məlikova zəng vurur və deyir:
- Salam, Arif. Deyirəm yaz gəlib, mən isə oturub qalmışam şəhərdə. Əgər vaxtın varsa bəlkə bir çıxaq təbiət qoynuna, necə bilirsən?
Arif Məlikov rəssamın kövrək, tez inciyən qəlbli olmasını nəzərə alıb etiraz eləmir və:
- Vaxt nə deməkdir, qardaşım? Qurbandır mənim bütün vaxtım sənə, - deyə onun könlünü xoş etməyə çalışır. Sabah səhər tezdən maşın olacaq sizin qapıda.
Səhərisi günü onlar Bakıdan çıxıb üz tuturlar üzü Lənkəran tərəfə.
Maşın gözəl bir düzənlikdə dayana-dayanmaz Səttar cəld qapını açıb əlindəki dəzgahlarla tez düşdü. Heyranlıqla ətrafa göz gəzdirib dedi:
- Arif, bilirsən bizim oxşar cəhətimiz nədir?
Arif də dostunun sualına maraq dolu nəzərlərlə baxaraq soruşdu?
- Nədir? Bəlkə ikimizin də təbiət vurğunu olmağımızdır?
- O öz yerində, - deyə Səttar əlini yellədi. Təbiət vurğunu olmaqdan başqa ikimiz də bu otları, ağacları, qarşıdakı dağları, ilan kimi qıvrılan çayların hənirtisini duyuruq. Sən bu duyğunu səslərlə ifadə edirsən, mən rənglərlə.
Qardaş, sənin baletin Rusiyətdə fəğan eləyir, bəs, bizdə nə vaxt tamaşaya qoyulacaq? Sorağını eşidirəm, yaman tərifləyirlər.
Arif dostunun tərifindən məmnun qalıb deyir:
- Bizimkilərin səsi çıxmır, görünür, bəyənmirlər. Bax, burda da bizim oxşar cəhətimiz var. Sənin də rəsmlərini qəbul eləmirdilər ki, zəifdir. Elə ki, kənardan tərifləndi başa düşdülər səhvlərini. Yaxşı, Səttar, sənin ki, baletdən zəhlən gedir, nə əcəb maraqlanıb soruşdun?
Səttar:
- Bir dəfə mənim üçün o əsərdən bir hissəni çalmışdın, çox xoşum gəlmişdi. Əsl Şərq üslubunda yazmısan.
Arif:
- Çünki əsər özü də Şərq dastanı üzərində qurulub. Bu baletin musiqisi məşhur “Fərhad və Şirin” dastanı əsasında yazılıb. Librettosu Nazim Hikmətindir. Nakam bir sevgidən bəhs edir. Adını “Məhəbbət əfsanəsi” qoymuşam”.
Səttar:
- Hə, bilirəm, Nizami Gəncəvi də “Xosrov və Şirin” poemasında bu dastandan istifadə edib. Adını da gözəl seçmisən. Görəsən niyə nakam sevgilə bağlı əsərlər ürəyə daha yatımlı, daha doğma olur? Sevgililərin qovuşması bəyəm günahdır?
- Yəqin hamı sevgilisinə qovuşsaydı onun şirinliyi, dadı itərdi. İnsan həmişə əlçatmaz varlığa can atır. Sən bunları məndən daha yaxşı bilərsən, çünki aramızda Füzulişünas sənsən, - deyə Arif dostunu təriflədi. Mənim aləmimdə hər bir insanın qəlbində gizli bir eşq dastanı yaşayır və əgər muradına çatmırsa onda əfsanəyə çevrilir. Bunları qoyaq bir kənara, Səttar, heç özünə baxmırsan,
66
doxsan yaşlı qoca kişilərə oxşayırsan, bir az özünə fikir ver. Az çək bu “Avrora”nı, yeməyinə fikir vermirsən, amma papirosu papirosa calayırsan.Səttar gülərək deyir:
- "... Ey cəfaçı dünya!
Bildim ğəmini sənin ki çoxdur,
Ğəm çəkməyə bir hərif yoxdur.
Gəldim ki, olam ğəmin hərifi,
Gəl, təcrübə eylə mən zəifi!" – Ay kişi, gec, ya tez onsuz da hamımız öləcəyik də. Bir də mənim ömrüm tarixin üç mərhələsindən keçib: uşaqlıq dövrüm kapitalizm, gəncliyim inqilab və müharibə dövrünə, yaşlılığım isə sosializmin inkişafı dövrünə təsadüf edib. Bir insan ömrü üçün bu çox deyilmi? Hər cürə sifətlər, hər cürə insanlar görmüşəm. Mərdi də olub, namərdi də, alçağı da olub qeyrətlisi də. Mərdi, qeyrətlini görəndə nə qədər sevinib qürrələnmişəmsə, namərdi, alçağı görəndə bir o qədər məyus olub bikeflənmişəm. Son vaxtlar mədəmin ağrıları da çoxalıb, məni yaman incidir. Hərdən məndən soruşurlar ki, neçənci ildənsən, cavab verirəm ki, 1909-cu ildə dünyaya gəlmişəm, amma dünya məndən nə vaxt bezəcək, bax, onu bilmirəm.
Arif dostunun bədbin notlarla dediyi sözlərdən təsirlənərək onun sözünü kəsdi:
- Bəsdir görək. Nə ölmək, ölmək salmısan? Belə tez ölməyə sənin haqqın çatmır. Sən hələ nə qədər gözəl əsərlərinlə bizləri sevindirməlisən.
Səttar əlini Arifin kürəyinə vuraraq dedi:
- Qədeş, elə ona görə tələsirəm görüb görmədiklərimi çəkib qurtarım, vaxt azdır. O günü Ənvər Məmmədxanlının bacısı Həbibə mənə deyir ki, Səttar, çəkdiyin bütün şəkillərdə sənin ruhun yaşayır. Zarafatla deyirəm, ağəz, mən ölmüşəm ki, ruhum onun- bunun evini gəzsin.
- Həbibə xanım düz deyir, yaradıcı insanların yaratdığı əsərlərə onların ruhu hopur və ürəklərə sirayət edir, qəlbləri oxşayır. Məsələn, əgər küçədən keçərkən mənim bəstələrimi hansısa bir evdə səsləndiyini eşitsəm mən çox sevinərəm. Nəinki sevinərəm, hətta özümü çox xoşbəxt sayaram. Çünki bizim yaratdıqlarımız bizim övladlarımızdır. Biz onlara can veririk, həyat bəxş edirik və sonra veririk xalqın ixtiyarına.
Mənim üçün maraqlı bilirsən nədir, Səttar? Sənin o sinəndə döyünən yumruq boyda ürəyinə bu boyda Azərbaycan necə sığışır? Bu böyüklükdə sevgini necə yerləşdirirsən o sinənə? Hələ bu qalsın bir tərəfə, bu boyda geniş mənzərəni bir ağ kağıza necə sığışdıra bilirsən? Sən xoşbəxt sənətkarsan, səni sevənlərin çoxdur. Kimə sağlığında heykəl, büst qoyurlar, rəsmini çəkirlər? Amma sənin hələ cavan yaşından büstün hazırlanıb. Əgər səhv etmirəmsə deyəsən, müəllifi də Fuad Əbdürrəhmanovdur.
Səttar Arifin sözünü təsdiqlədi:
- Hə, Fuad Maralın yeznəsi 1947-ci ildə. Hələ mənim o vaxtlar 38 yaşım var idi. Zahirən qətiyyən mənə oxşamır. Təsəvvür elə Səttarı saçsız vəziyyətdə mərmərdən büstü. Fuad mənim xarakterimi əks etdirmək istəyib. Çılğın, narahat, daima axtarışda. Ondan başqa heykəltəraş P. Sabsay da 1964- cü ildə mənim portretimi yaratmışdır. Onun yaratdığı da çox maraqlı işdir. Aliminium və ağacdan istifadə edərək gözəl bir portret yaradıb. Əsas qarağac və qoz ağacından olan materiallardan istifadə edib, ən çox xoşuma gələn bilirsən nədir, ağacların kələkötürlüyüdür. Yəqin vücudumun qeyri- adiliyi sənətkarların diqqətini cəlb edib. Yaraşıqlı olsaydım bəlkə də heç kəsin marağında olmazdım.
Arif Səttarın səmimiyyətlə dediklərinə qulaq asıb əlavəsini etdi:
- Səttar, məşhur fransız yazıçısı, romanları dillər əzbəri olan Viktor Hüqonun “Paris- Notr- Dam kilsəsi” adlı əsərini bəlkə də oxumusan. Bu romanın baş qəhrəmanlarından biri Kvazimodo digər surətlərlə müqayisədə çox eybəcər və qorxunc görkəmi olan və buna görə ətrafdakıların istehzasına tuş gələn biri olur. Lakin yazıçı onun zahiri görkəmini kölgədə qoya biləcək daxilini açıb göstərir və onun ətrafdakı insanlardan qəlbinin gözəlliyinə görə nə qədər üstün olduğunu oxucuya
67
çatdırır. İnsanın mənəviyyatı zəngin və gözəl olsun, xarici görkəm gəldi- gedərdi. Bir mahnıda deyildiyi kimi: “Gedər, ay qız, bu gözəllik, sənə də qalmaz”. Qəlbin gözəl olmasaydı, sən bu qədər gözəlliyi necə duyar və yarada bilərdin? Sənin ürəyinin təmizliyi, gözəlliyi gözlərində həkk olunub. Əgər mən rəssam olsaydım, sənin gözlərini, baxışlarını çəkərdim. Saf bulaq suyu kimi dupduru, tərtəmiz. Sən özün də bilirsən sənin dostların və səni sevənlərin niyə çoxdur, onlar sənin vücudunu yox, səmimiyyətini, saf ürək sahibi olduğunu qəbul edib sevirlər. Sənin dostlarının içində qadınlar da çoxdur, çünki onlar sənin qeyrətinə, təmiz münasibətinə arxayındırlar. Diqqətinə çatdırım ki, bu az məsələ deyil.Səttarın üzündə təbəssüm yarandı və o:
- Sağ ol, dostum. Hərdən adama belə sözlər elə xoş gəlir ki, yaşamağa həvəsim artır. Deyirəm, yoxee, bir 90 il yaşayaram. Amma elə ki, adamın kölgəsini başlayırlar qılınclamağa, onda deyirəm ki, elə üzü sulu getsəm yaxşıdır. Ölüm insanın öz əlində deyil ki, istədiyi vaxt canını tapşırsın. Fərman Onun (Allah nəzərdə tutulur) fərmanıdır, nə vaxt məsləhət bilsə onda da köçəcəyəm bu yalançı dünyadan. Rəhmətlik Mirzə Ələkbər Sabir ömrünün axır günlərindən birində deyir:
İstərəm ölməyi mən, leyk qaçar məndən əcəl,
Gör nə bədbəxtəm, əcəldən də gərək naz çəkəm!
Arif həmsöhbətinə təsəlli verdi:
- Sənin üçün ölmək hələ tezdir, qardaşım. Bu mövzunu tamam unutsan yaxşıdır. Hələ gör, nə qədər görməli işlərin var qabaqda. Ölməli adamlar qalıb bir yanda, sən ölümdən danışırsan.
Səttar həmsöhbətini sanki eşitmirmiş kimi asta-asta pıçıldadı:
- Bu yerdə Füzuli sağ olsaydı belə deyərdi:
Ya rəb, bəlayi-eşq ilə qıl aşina məni!
Bir dəm bəlayi-eşqdən etmə cüda məni!
Az eyləmə inayətini əhli-dərddən,
Yəni ki, çox bəlalara qıl mübtəla məni!
Olduqca mən götürmə bəladan iradətim,
Mən istərəm bəlanı, çün istər bəla məni!
Təmkinimi bəlayi-məhəbbətdə qılma süst,
Ta dust tən edib deməyə bivəfa məni!
Getdikcə hüsnün eylə ziyadə nigarımın,
Gəldikcə dərdinə bətər et mübtəla məni!
Mən qandanü mülaziməti-etibarü cah,
Qıl qalibi-səadəti-fəqrü fəna məni!
Öylə zəif qıl tənimi firqətində kim,
Vəslinə mümkün ola yetirmək səba məni!
Nəxvət qılıb nəsib Füzuli kimi mənə,
Ya rəb, müqəyyəd eyləmə mütləq mana məni!
... Hərdən mənə elə gəlir ki, Füzuli ilə mən eyni adamıq, bu dünyaya ikimiz də dərd yükünü daşımaq üçün gəlmişik. Hərdən mənə elə gəlir ki, Füzulinin ruhunu öz cismimdə daşıyıram... Qəribə hisslərdir, elə deyilmi? Mənə tez-tez deyirlər ki, insanlardan qaçıram. Yox, elə deyil. Mən yaxşı, gözəl qəlbli insanlardan niyə qaçım ki? Belə olsaydı, bu qədər dostlarım olmazdı ki? Düz demirəm? Qorxduğum adamlardan qaçıram, bax, bu düzdür.
- Qorxduğun?- deyə Arif dözməyib soruşdu.
Səttar:
- Hə, qorxduğum. Mən həmişə ikiüzlülərdən, yaltaqlardan, işləri başqalarına böhtan, iftira atanlardan, xəbərçilərdən, yalançılardan və niyyətini gizlədənlərdən qorxmuşam. Onlar insan deyil, şeytandırlar. Acı da olsa sözün düzünü demək lazımdır, daha üzdə tərifləyib, arxanca pisləyənlərdən
68
yox. Hərdən mənə deyirlər ki, acıdiləm, söyüş söyənəm. Mən belələrinə qarşı necə xoşrəftar olum? Hz. Əli (ə) buyurub ki, haqsızlıq qarşısında əyilməyin çünki haqqınızla bərabər şərəfinizi də itirərsiniz. Belələrini görəndə ya emalatxanamdan çıxmayıb gecə- gündüz şəkil çəkmək, onlarla dərdləşmək, ya da təbiət qoynuna gedib Uca Allahın yaratdığı bu gözəl nemətlərə baxıb şükr etmək və ilham almaq istəyirəm. Mən əgər şəkillərimdə gözəllik yaradıramsa çirkinliklərlə barışa bilmərəm və onlarla mübarizə aparmağa daha gücüm, taqətim qalmayıb, fikirləşdikcə qəlbim ağrıyır. Özün fikirləş, mənim Praqadakı sərgimi çıxsaq əgər, Qafqazdan o yana bir dəfə də olsun fərdi sərgim keçirilməyib. Dünənin uşaqlarının soraqları haralardan gəlir, mən isə heç paytaxtda- Moskvada öz rəsmlərimi nümayiş eləyə bilməmişəm. Niyə? Çünki qoymayıblar, həmişə mane olublar, qarşımı kəsiblər. Çəkdiyim rəsmləri də su qiymətinə alıblar, xaricilərin on qat artıq verdiyi məbləği qəbul eləməmişəm, demişəm ucuz da alsalar, eybi yox, qoy öz millətimə qalsın. Mənə bu vaxta qədər verdikləri ən yüksək qonorar bilirsən nə qədər olub? Dörd min manat. O da canım anama həsr etdiyim “Mənim Anam” portretinə görə. Qurban olsun hamısı anama. Mən pulagir adam deyiləm. Neyləyirəm? Goruma aparmayacağam ki? Evdə bir bacımdır, bir də Rəfaeldir, o da maşallah məndən yaxşı qazanır. Bacım mənim üçün daha çox narahat olur. Elə ki, evdən çıxıram, tez soruşur ki, nə vaxt qayidacağam. Deyirəm, iki ya da üç günə. çəkir on beş, iyirmi gün, bu da burda dəli olur ki, görəsən haralardayam. Guya bilmir ki, mən təbiət aşiqiyəm, bir gözəl yer görsəm ordan ayrılmaq mənim üçün çətindir. Mənim ən böyük problemim səhhətimdir. Sağlamlığım imkan vermir. Mədəmdəki küt sancılar daha da şiddətlənir. Mən mədəmdən xəstəyəm, onların qəlbi xəstədir. Pislik eləməkdən, ürək sındırmaqdan nə çıxar? Kiminsə bədbəxtliyinə necə sevinmək olar? Bu paxıllıq hissi bizə Adəm övladları Habillə Qabildən bir mirasdır. Təmizlənmək əvəzinə, daha da kirlənirik, daha da günahlar içində batırıq.Arif Səttarın dərdli gözlərinə baxıb dedi:
- Bu qədər dərdi özünə yük eləmə. Dünyanı günahlardan xilas eləmək sənlik deyil. Bakıya qayıdan kimi ertəsi günü gedirik həkimə. Sənin ən birinci işin özünü həkimə göstərməkdir.
Ertəsi günü dostlar vəd etdikləri kimi həkimin qəbuluna gəldilər. Onlarla birgə Səttarın bacısı oğlu Rəfael də gəlmişdi. Həkimin müayinəsindən sonra Səttara tapşırıqlar verildi: mədəniz tamam sıradan çıxmaq üzrədir, papiros, içki və çox işləmək qəti qadağandır. Sizə bolluca istirahət lazımdır. Səttar isə əvəzində əsəbiləşib dedi:
- Doktor, necə yəni içki, papiros, işləmək qadağandır. Mən bütün ömrü boyu istifadə etdiyim bu işlərdən necə əl çəkim? Daha de ki, yıxıl, öl. Mənə yazdığın bu dərmanlar da lazım deyil. Mən işləyəndə dincəlirəm. Bütün dərd-sərimi, dünyanı unuduram. Çəkməsəm yaşaya bilmərəm ki?
Həkimin otağını tərk edib həyətə çıxdılar. Bəstəkar Arif Məlikovla Rəfael onu güclə sakitləşdirirdilər ki, arxadan kimsə səsləndi:
- Səttar müəllim, Səttar müəllim.
Bir gənc qız Səttara yaxınlaşıb əlini uzatdı və:
- Salam, Səttar müəllim. Necəsiniz? Mən Hacıyev Şövkətin qızı Laləyəm, yəqin ki, məni tanımadınız. Siz bizim evdə çox olmusunuz. Atam həmişə bizə sizin böyük rəssam olmağınızdan danışır.
Bir az hirsi soyumuş Səttar dilləndi:
- Xoş gördük, qızım. Necəsən? Sən hara, bura hara?
Lalə dedi:
- Mən Azərbaycan Dövlət Tibb İnstitutunun dördüncü kursunda təhsil alıram, necə deyərlər, gələcəyin həkimiyəm.
Səttar mədəsinin ağrılarını biruzə verməmək üçün məcburi gülümsünüb dedi:
- Sənin atana böyük hörmətim var, o da mən əqidəli adamdır. Ürəyində həmişə bu kommunistlərə qarşı kin- küdurət oldu. Salamımı mütləq çatdırarsan Şövkət müəllimə. O ki, qaldı mənim xəstəliyimə, mən bu həkimlərə etibar eləmirəm, olmayan xəstəlikləri də yükləyirlər adamın
69
boynuna. Amma sənə canımı etibar eləyərəm, nə qədər olmasa da Şövkətin qızısan. Təhsilini bitirən kimi ilk xəstən mən olacağam, yaddan çıxarma.Gənc qız bu sözlərdən fərəhlənib gülərək dedi:
- Heç yaddan çıxararam? Sizin kimi dahi bir rəssamın həkimi olmaqdan böyük xoşbəxtlik ola bilər?
Qızın sözləri Səttarın çox xoşuna gəldi. Ümumiyyətlə ona rəssam deyə müraciət ediləndə çox məmnun olardı. O, gənc tələbə qızın əllərindən tutub dedi:
- O gün ki, mən belə gözəl üzlər, gözəl ürəkli insanlar görürəm, mənim üçün bayramdır. Mən təkcə gözəlliyin qarşısında təslim oluram və bu mənim üçün böyük bir nemətdir, qızım. Bax, səni gördüm, kefim açıldı və bu gün mənim bayramımdır. Mən axı təbii, gözəl bayramları sevirəm...