fələklər yandı ahimdən Yalqızlığı unutduran şöhrət
Yalqızlığı unutduran şöhrət
Maral yaradıcılıq sahəsində o qədər uğur qazanmışdı ki, artıq ona elə gəlirdi ki, hər bir işdə birinci olmaq onun qismətinə yazılmalıdır.
Hələ lap gənc yaşlarında tələbə ikən tanınmış rəssamlar L. Bruni və V. Qoryayev Moskvada yerləşən Ümumittifaq Kənd Təsərrüfatı sərgisi üçün Azərbaycanın pavilyonunun tərtibatını hazırlamaq məqsədilə Bakıya gələrkən onları Maral qarşılayır. Onlarla birlikdə Azərbaycanın dilbər guşələrini gəzərkən gördüyü gözəlliklərə heyran qalan Maral deyir: ”Mən Azərbaycan təbiətinin gözəlliyini hansı dillə təsvir edəcəyimi bilmirəm. Bir tərəfdə sıldırım qayalıqlar, sivri uclu dağlar, digər tərəfdə zərif, incə güllər, çiçəklər. Mən ilk dəfə Quba rayonuna gedərkən Şah dağı gördüm və onun əzəmətinə heyran qaldım. Xoşbəxt idim ki, müəllimlərimə bu füsunkar gözəlliyi fəxrlə göstərə bilirdim”
Milli təsviri incəsənət sahəsində ən parlaq fiqurlardan biri, Azərbaycanın xalq rəssamı, dövlət mükafatı laureatı, mükəmməl qrafika ustası, zərif illüstrasiyalar müəllifi, kişi iradəli, incə qəlbli qadın kimi tanınan Maral Rəhmanzadə.
Sənət sahəsində nə qədər çox uğur qazansa da buna görə o həmişə köhnə dostuna minnətdar olardı. Çünki hər sərgidən əvvəl ona ürək – dirək verən Səttar həm də ona arxa, dayaq olmağa çalışırdı.
Maralı ən çox cəlb eləyən Xınalıq idi. O bu yerlərin vurğunu idi. Bundan əlavə o, Xınalığa gedərək burada rəsm yaradan ilk rəssamlardan biridir.
Xəzər neftçiləri haqqında silsilə şəkillər çəkmək üçün rəssamların arasında ilk dəfə “Neft Daşları”na gedən də məhz Maral xanım olmuşdur.
Əsərləri xarici ölkələrdəki incəsənət sərgilərində (İngiltərə, Fransa, İtaliya, Yaponiya, Avstraliya, Belçika, Suriya, Livan və s.) nümayiş etdirilmişdir. Dəfələrlə Moskvada, Bakıda və Azərbaycanın digər şəhərlərində, eləcə də Şri-Lankada, Kubada fərdi sərgiləri göstərilmişdir. Əsərləri Tretyakov qalereyası (Moskva), R. Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və s. muzeylərdə, ABŞ və İngiltərədə şəxsi kolleksiyalarda saxlanılır.
O, hamı tərəfindən sevilir, sayılıb seçilirdi. Dostları nə qədər çox olsa da ürək qızdırdığı yeganə adam Səttar Bəhlulzadə idi. Səttar onun kitablara çəkdiyi illüstrasiyaları daha çox xoşlayırdı. Maralın xüsusilə “Qılınc və qələm” romanına çəkdiyi şəkillər onu gənclik illərinə qaytarır və hər dəfə məktubunun oxunmasını xatırladırdı. Hətta bir dəfə özündən asılı olmadan Marala demişdi: “Kaş o kitabın 159- cu səhifəsini açaydın.”
Səttarın bu səhifə ilə əlaqəli nə isə demək istədiyini vurğuladığını fikirləşərək Maral həmin səhifəni dönə- dönə oxumuş, lakin xüsusi heç nə tapa bilməmişdi.
Qadın obrazlarını təsvir etmək fikri təbii ki, təsadüfən yaranmamışdı. Maral hələ uşaqlıq dövründən yaddaşına həkk olunan xatirələri ağ kağıza əks etdirirdi. Nənəsinin toxuduğu əlvan rəngli xalçalarda ilmələrin yaratdığı sehirli naxışlar, atasının gördüyü zərif zərgər işləri, əmisinin daşlar üzərində saldığı bəzəklər, şəbəkə ustası babasının əl işləri – hamısı damla- damla Maralın püxtələşib mahir bir rəssam olmasının bünövrəsi idi.
Maral ailədə üçüncü uşaq olmasına baxmayaraq, atasının həbsindən sonra ailənin yükünü hələ gənc yaşlarından çəkməyə məcbur olmuşdu. O, bacı- qardaşlarına arxa- dayaq olması ilə yanaşı, onların da qanında genetik yaradıcılıq qabiliyyəti var idi. Onun böyük bacısı memar, kiçiyi musiqiçi, iki qardaşı isə heykəltəraş idi.
61
- Maral, həyatda sənin özünə ideal seçdiyin kimsə var?
- Əlbəttə var. Xurşidbanu Natəvan mənim idealımdır. O, zadəgan ailəsində doğulmuş, böyük zəka sahibi, vətənini, xalqını sevən bir xanım olub. Natəvanı mən öz ruhuma çox yaxın bilirəm. Hərdən mənə elə gəlir ki, mən onun təkrarıyam. Bax, o da sevgilisindən istəmədən ayrılıb, lirikanı xoşlayıb, şeirlərində gözəlliyi tərənnüm edib. Onun təkcə “Qərənfil” şeiri kifayətdir ki, necə incə qəlbli bir xanım olduğuna əmin olasan.
Səni kimdir sevən bica, qərənfil?
Sənə mən aşiqi-şeyda, qərənfil!
Səni gülşən ara aşüftə gördüm,
Yəqin bildim tutub sevda, qərənfil!
Belə pəcmürdə hal ilə durubsan,
Düşər güllər əra qovğa, qərənfil!
Driğa kim, vəfasızdır bu gülşən,
Gedər bu tələti-ziba, qərənfil!
Üzündən pərdeyi-nazın kənar et!
Unutma aşiqi, haşa, qərənfil!
Bir qədər sükutdan sonra Səttar deyir:
- Doğrudan da gözəl şeirdir. Bəlkə də ikiniz də qadın olduğunuz üçün ruhunuz yaxındır. Onu ağlına, cəsarətinə Fransadan Qarabağa gəlmiş məşhur yazıçı Aleksandr Düma da heyran qalıb. Bu barədə xatirələrində xüsusi qeyd edib.
Maral əlavə etdi:
- Təkcə ona görə yox ki, o qadındır. Mən mübariz insanları sevirəm. Məsələn Şah İsmayıl Xətai də mənim idealımdır. O da şair təbiətli, vətənpərvər və igid sərkərdə olub. Əgər bir əlində qılınc tutubsa, o biri əlində qələm şeirlər yazıb.
Birdən Səttar nəyi xatırladısa tez soruşdu:
- Qulaq as, mənim eşitdiyimə görə Nizami muzeyində Natəvanın heykəlini sənin siluetin əsasında hazırlayıblar, bu düzdür?
Maral gülüb deyir:
- Səncə?
Səttar:
- Vallah, səndən nə desən gözləmək olar. Bu hardan ağlına gəldi?
- Bu qədər gözəl qadın şəkilləri çəkirəm, qadınlarda olan gözəlliyi, zərifliyi, incəliyi önə çəkməyə çalışıram və Natəvanın ruhuna qarışaraq əbədiləşib daşlaşmağım mənim üçün göydən düşmə bir təklif oldu və mən o dəqiqə razılaşdım,- deyə Maral qürurla cavab verdi. Mənim üçün çadralı qadın da, müasir qadın da gözəldir. Və çadralı qadın daha sirli, daha cazibəli görünür. Vaxtilə nənələrimizin örtdüyü o çadraların altında necə ağbənizli, ala gözlü, qaraqaşlı, uzun kiprikli, ipək saçlı gəlinlər öz gözəlliklərini yad, naməhrəm gözlərdən qoruyublar, sirli, əlçatmaz olublar.
Keçmişdə Bakının dar küçələri ilə addımlayan təkcə gözlərindən savayı hər yeri qara çadraya bürünən bu qadınlar kənd qadınlarından nə qədər fərqlənərdi. Ümumiyyətlə qadın obrazları mənim yaradıcılığımda xüsusi yer tutur.
62
- Lakin mən deyərdim ki, sənin yaradıcılığında tək qadın obrazları yox, neftçilər, dəniz və Xınalıq da xüsusi yer tutur.
- Unutma ki, Xınalığa sən də müraciət etmisən, özü də çox gözəl rəsm əsəri alınıb: “Xınalıq otlağı”. Buna görə hətta sənə mükafat da veriblər. “Xınalıq otlağı” və “Oyanma” tablolarına görə SSRİ Rəssamlar İttifaqı Rəyasət Heyətinin diplomuna layiq görülmüsən.
Səttar böyük maraqla həmkar rəfiqəsinə qulaq asa-asa çəkdiyi rəsmlərə tamaşa edir və arada öz fikirlərini söyləyirdi.
Səttarın səmimiyyəti Marala çox xoş idi və buna görə də onunla hər mövzuda söhbət etmək ona asan gəlirdi.
Maral:
- Səttar, Pablo Nerudanın gözəl bir fikri var: “İnsanlarla üz-üzə danışaraq hər problemi həll edə bilərsiniz, amma bəzi insanlar var ki, hansı üzü ilə danışacağını bilməzsən”. Bax, sən həmin insanlardansan.
Maralın qəfil dediyi son cümlə Səttarın xoşuna gəlmədi və dedi:
- Başa düşmədim, demək istəyirsən ki, mənim neçə üzüm var?
Maral fikrini düz ifadə edə bilmədiyini hiss edib tez səhvini düzəltdi:
- Yox, yox, deyəsən, mən fikrimi düz ifadə etmədim. Əksinə səninlə mənim üçün danışmaq çox rahatdır. Sən səmimisən, fikrini açıq deyirsən.
Səttar dedi:
- Maral, sən Azərbaycanın Xalq rəssamı, Dövlət mükafatı laureatı, tanınmış rəssamsan və xoşbəxt adamsan, ona görə ki, həyata nikbin gözlə baxırsan. Səni yaşadan budur.
Maral dostuna gözünü dikib dedi:
- Səttar, mən indi sənə bir rəvayət danışacağam, bilmirəm həqiqətən olub ya yox, amma dillərə dastan olan bir mövzudur.
“ Bir xəstəxanada iki nəfər xəstə eyni palatada yatır. Xəstələrdən birinə həkimlər ağ ciyəri ilə yaranmış problemə görə günortadan sonra hər gün bir saat ayaq üstə dayanmasını tövsiyə etmişdilər. Onun yatağı pəncərənin qarşısındaydı. O biri xəstə isə bütün günü yataqda qalmaq məcburiyyətindəydi. Hər mövzuda saatlarla söhbət edərdilər: ailələrindən, əsgərlik illərindən, sevincli və kədərli günlərindən...
Pəncərə önündə dayanan xəstə bu bir saat ərzində pəncərədən gördüklərini həvəslə yataqda uzanan xəstə yoldaşına danışardı.
Yataqdakı yoldaşının dediklərini özü görməsə də gözünün önündə canlandırardı:
Pəncərə gözəl bir gölün yanındakı parka baxır. Balaca uşaqlar göldə oyuncaq gəmilərini üzdürür, ördəklər suyun üzündə oynayırdılar. Əllərində rəngbərəng gül dəstəsi olan sevgililər qol – qola parkda gəzişirlər. Pəncərə önündəki adam söylədiklərini o qədər aydın anladırdı ki, yataqdakı gözlərini yumub eşitdiklərini göz önündə canlandıraraq üzündə xoş bir təbəssüm yaranırdı.
Beləcə günlər, həftələr keçdi. Bir səhər tibb bacısı palataya daxil olan zaman pəncərə önündə çarpayısı olan xəstənin ölmüş olduğunu gördü. Hamı bu vəziyyətdən pis olmuşdu. Yatağa düçar olan xəstə tibb bacısından xahiş edir ki, onun yerini dəyişib pəncərə önündəki çarpayıda uzatsınlar. Onu keçmiş palata yoldaşının yerinə uzadıb rahatladıqdan sonra otaqdan çıxırlar.
Xəstə yavaş-yavaş ufuldayaraq dirsəklənib yoldaşının dediklərini öz gözlərilə görmək məqsədilə pəncərədən bayıra boylandı və boş bir divarın hörüldüyündən dilxor oldu. Tibb bacısını çağıraraq dedi:
- Mənim rəhmətlik palata yoldaşım hər gün pəncərədən gözəl mənzərəyə tamaşa edib mənə də danışardı. Bura hasar çəkildiyindən mən indi o mənzərəni görə bilmirəm.
Tibb bacısı isə heyrətlə deyir:
- Bu hasar burda uzun illərdir var və rəhmətlik heç bir mənzərə görə bilməzdi, çünki o gözdən kor idi. Onun heç bu hasardan da xəbəri yox idi. Bəlkə də təsvir etdikləri onun görmək istədikləri idi
63
Bax, Səttar, elə sən də, mən də içimizdə ümman qədər dərd ola- ola insanlara gözəllik bağışlayırıq, çəkdiklərimizlə onları sevindiririk.
Səttar:
- Çox təsirli hekayədir. Öz dərdini unudub başqasının dərdinə dərman olmaq. Bayaq dediyim kimi, xoşbəxt adamsan, nikbinsən. Səni yaşadan sənin nikbinliyindir.
Maral:
- Düz demirsən, Səttar. Məni yaşadan mənim xatirələrimdir. Kino lenti kimi tez-tez yadıma salıram Mərdəkandakı evmizi, sonra şəhərə köçməyimizi, üzümüzə həsrət qalan atamı, nənə- babamı, Əzim müəllimi, qumluqda çəkdiyimiz şəkilləri, sonra suyun onları yuyub aparmasını, Moskvadakı tələbəlik illərini, İqoru, onunla yaşadığım həyatımın ən gözəl günlərini... Bilirsən, mən onu unuda bilmirəm. Artıq uzun illər keçib, o evlidir, atadır, amma mənə elə gəlir ki, yenə emalatxanamın qapısı açılacaq və o içəri daxil olacaq, mənə yenə Moskvaya getməyi təklif edəcək.
Səttar:
- Əgər indi gəlib sənə təklif etsə onunla gedərsən?
Maralın üzünə kədər çökdü və:
- Bilmirəm. Heç bu barədə düşünməmişəm. Əvvəllər bacı- qardaşlarımın mənə ehtiyacı var idi, ona görə onları ata bilməzdim. Lakin indi onlar da hərəsi bir sənət sahibi olub, ailələri var və mən onlara artıq lazım deyiləm. Özüm isə tək qalmışam. İndi mənim kiməsə ehtiyacım var. Ən çox da xəstələnəndə bunu hiss edirəm, çünki bir stakan suyu verənim olmur, bax, onda İqorla getməməyimə azca peşman oluram. Axı biz bir- birimizi çox sevirdik. Sevgi olan yerdə ayrılıq olmamalıdır. Bayaqdan sadaladığın bu şan- şöhrət mənə yalqızlığımı unutdura bilmir.