Soltan Qara


Soltan Qara


    Soltan Qara (Qarayev Sultanəli Balaca oğlu) 1962-ci il iyul ayının 2-də Bakının Əmircan kəndində anadan olmuşdur. Orta təhsilini 226 saylı orta məktəbdə almış,       1978 – 1982 illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinində (indiki İncəsənət Kolleci) oxumuşdur. 1986-cı ildən bir çox respublika daxili və beynəlxalq sərgilərin iştirakçısı olmuşdur. 1988-ci ildən Yaradıcı Gənclər Assosiyasiyası və Bakı İncəsənət Mərkəzinin, 1990-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü idi.

1980-ci illərin axırlarında yaradıcı gənc ziyalıların nümayəndələrinin təşəbbüsü ilə Yaradıcı Gənclər Assosiasiyası, sonra isə Bakı İncəsənət Mərkəzi təşkil edilir. Rəssam Soltan Qaranın yaradıcılıq karyerası da həmin dövrdə başlanmışdır. O illərdə bu qurumlar tərəfindən təşkil edilən sərgilərdə və başqa müxtəlif aksiyalarda rəssamlıq məktəbini yenicə bitirmiş və incəsənətdə özünün məxsusi dəst-xəttini tapmağa çalışan əmircanlı gənc rəssamlardan ibarət kiçik bir qrup çox fəal iştirak edirdi.





Soltan Qaranının spesifik fərdi yaradıcılıq siması başqalarından aşkar fərqlənirdi. Süjetləri nüanslar, çalarlar, güclə sezilən emosional hərəkətlər əsasında qurulan əsərlərində insanı düşündürən, onu ehtiyatlı olmağa sövq edən məqamlar çoxluq təşkil edirdi.
Soltan Qara müasir Azərbaycan incəsənətində özünəməxsus dəsti-xətti olan bir rəssam idi. Onun əsərləri fəlsəfi-psixoloji fikirlərlə zənginliyi, simvolik bir ifadə tərzi, eyni zamanda kompozisiya və rəng həlli, yığcamlıq, sadəlik və lakoniklik xüsusiyyətlərilə də diqqət çəkirdi. Bütün həyatı boyu onu müşayiət etmiş sevgi hissinin əsərlərində sabit bir başlanğıc nöqtə kimi, bütün dəyərlərin ölçüsü kimi iz qoymuşdu. “Düzgün olmayana baxma, düzgün olmayanı eşitmə, düzgün olmayanı danışma” müdrik kəlamı Soltan Qara üçün həyat prinsipinə, müəyyən mənada özünüqoruma üsuluna çevrilmişdi. Dünyanın bir çox ölkələrində sərgi və yaradıcılıq ezamiyyətlərində olmuşdu. 1999 – 2008-ci illərdə ABŞ-nın Nyu-York və Nort Korelayn şəhərlərində yaşamış və yaradıcılıqla məşğul olmuşdu. Texas, Cənubi Karolina, Nyu-York statlarında və Vaşinqtonda keçirilən sərgilərdə iştirak etmişdi. 2004-cü ilin aprel ayında Vaşinqtonda, Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzində “Daxili dünyadan baxış” adlı fərdi sərgisi keçirilmişdir. Həyatının son illərində Bakıda bir sıra monumental işlər, dekorativ kompozisiyalar yaratmışdı (VTB bankı, Azərbaycan Qarabağ İcmasının binası, ART Garden qalereyası və s.).

Rəssam 2011-ci il oktyabrın 11-də Türkiyənin Konya şəhərində yaradıcılıq ezamiyyətində olarkən faciəli şəkildə həlak olmuşdur. Konya Səlcuk Universitetinin dəvətilə «Səlcukluda elm və sənət» mövzulu böyük bir monumental-dekorativ divar əsərinin mozaika hissələrini işləmək üçün gələn Soltan Qara qonağı olduğu rəssam dostunun emalatxanasının damından yıxılmış, ağır yaralı vəziyyətdə Səlcük Universiteti Məram Tibb Fakültəsi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmamışdı. 49 yaşlı rəssamın cənazəsi 13 oktyabr 2011-ci il Bakıya gətirilmiş, doğulduğu Əmircan kəndində torpağa tapşırılmışdır.
2013-cü ilin aprelində “Yeni Gallery” sərgi salonunda Baku Creative Center yaradıcılıq mərkəzinin təşkilatçılığı ilə “Baku Galleries Festival” layihəsi çərçivəsində “Sevinc – Kədər” adlı xatirə sərgisi keçirilmişdir.

Mənbə: facebook /Əmircan ensiklopediyası.


Popular Posts