Ələkbər Muradov


Ələkbər Muradov


Əməkdar incəsənət xadimi Muradov Ələkbər Yunus oğlu 1948-ci il avqust ayının 1-də Bakının Əmircan kəndində anadan olmuşdur. Orta təhsilini kənddəki 97 saylı məktəbdə almışdır. Məktəbdə oxuduğu illərdə rəssamlıq və fotoqrafiya ilə məşğul olmuşdur. 1966 – 1971-cı illərdə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki ADNA) geologiya fakultəsində təhsil aldığı dövrlərdə institutun nəzdində fəaliyyət göstərən “Azneftximfilm” həvəskar kinostudiyasına rəhbərlik etmişdir. Burada o, ilk filmlərini - “İmtahana üç gün qalıb” və “Səttar Bəhlulzadə” sənədli filmlərini çəkmişdir. Birinci film Ümumittifaq kinohəvəskarları festivalında mükafata layiq görülmüşdür. Həvəskar kinostudiyadakı yaradıcılığı onun operatorluq potensialını üzə çıxarmış və bütünlüklə kinoya bağlamışdır. Ələkbər Muradov 1973-cü ildə Moskvada Ümumittifaq (indiki Ümumrusiya) Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsinə qəbul olunmuş, məşhur kinooperatorlar A.V.Qalperin və A.D.Qolovnyadan dərs almışdır. 1978-ci ildə institutu fərqlənmə diploma ilə bitirərək "Azərbaycanfilm" kinostudiyasında işləməyə başlamışdır. Sonralar AzTV-nin “Ekran” Yaradıcılıq Birliyində, Lider TV-də və İctimai TV-də də çalışmışdır. Həmçinin BSU-nin “Yeni media və kommunikasiya texnologiyaları” kafedrasında müəllim işləmiş, fotojurnalistikasından dərs demiş, fotojurnalistika tədrisinin əsasını qoymuşdur. Burada Azərbaycanda ilk “Foto, kino, radio və televiziya tarixi” muzeyini yaratmışdır. O, “Azərbaycanda jurnalistika tədrisinin inkişafına dəstək” layihəsi çərçivəsində nəşr olunan, jurnalistika ixtisası üzrə təhsil alan ali məktəb tələbələri, media professonalları və jurnalistlər üçün nəzərdə tutulan “Fotojurnalistika” dərsliyinin həmmüəllifi olmuşdur.
Ələkbər Muradov milli kinomuzda 30-dan artıq müxtəlif janrlı filmlərdə operator kimi işləmiş, “Qaladan tapılan mücrü” (1982), “Zirzəmi” (1990), “Müqəddəs oda yanaram” (1991), “O dünyadan salam” (1992), “Mənim ağ şəhərim” (1993), “Hökm” (1994) bədii filmlərinin quruluşçu operatoru olmuşdur. “Güllələnmə təxirə salınır” və “Sonuncu dərviş” filmləri Ələkbər Muradova ən çox uğur gətirən ekran əsərləridir. O, bu filmlərin həm ssenari müəllifi, həm də quruluşçu rejissoru olmuşdur. Onun bir sıra görkəmli şəxsiyyətlərin ömür yolundan bəhs edən “Yaşar Nuri olduğu kimi” (2001) “Dədə Şəmşir” (2002), ““Hacı Mail” nağılı” (2005), “Anamın duaları” (2007) sənədli filmlərinin müəllifidir. 
Ələkbər Muradov 1990-cı il 20 Yanvar hadisələrində əlində kamera gözünü qan örtmüş sovet ordusu əsgərlərindən qorxmadan “Azadlıq” meydanında, Bakının küçələrində, şəhərətrafında çəkilişlər aparmış, qanı su yerinə axıdılan həmvətənlərinin faciəsini ürək ağrısı ilə lentə köçürürmüşdür ki, gələcək nəsillər sovet imperiyasının əsl simasını onun gözü ilə izləsinlər, unutmasınlar.
Ələkbər Muradov yaradıcılığına rəssamlıqdan başlamışdır. İlk fərdi sərgisi 1967-ci ildə 1-ci kursda oxuyarkən institutda təşkil edilmişdir. Daha sonra 2003-cü ildə Berlində (Almaniya), 2007-ci ildə Bakıda Vəcihə Səmədova adına Sərgi Salonunda, 2008-ci ildə Urmiyada (İran) “Rəzəvi” şeir-sənət festivalı çərçivəsində fərdi sərgiləri keçirilmişdir. Urmiyadakı sərgidə onun əsasən dini mövzuda 19 əsəri göstərilmiş və festivalın qızıl medala layiq görülmüşdür. Əsərləri Bakı, Moskva, Berlin, London, İsveçrə, İran və Türkiyədə şəxsi kolleksiyalarda saxlanılır.
Ələkbər Muradov Azərbaycan Kinematoqraflar İttifaqının, Rusiya Kinematoqraflar İttifaqı Konfederasiyasının və Azərbaycan Rəssamlar İttifaqının üzvü seçilmişdir. 2005-ci ildə Əməkdar incəsənət xadimi fəxri adına, 2010-cu ildə Kino sahəsi üzrə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.
Ömrünün 47 ilini sevdiyi sahəyə həsr edən Ələkbər Muradov uzun sürən xəstəlikdən sonra 2013-cü il öz ad günündə, avqust ayının 1-də 65 yaşında vəfat etmiş və Əmircanda dəfn edilmişdir. 


“Səttarın şamı”, kətan, yağlı boya, 38,5x45 sm


“Merac”, kağız, pastel, 27x37 sm
“Nağılın sonu”, kətan, yağlı boya, 89,5x74 sm
               
Resim yazısı ekle
Mənbə: facebook /Əmircan ensiklopediyası.

Popular Posts