Fələklər yandı ahimdən, Neft qoxulu Bakı

Neft qoxulu Bakı


     Moskva - Bakı qatarı sürətlə şimaldan cənuba şütüyürdü. Böyük Moskva şəhəri müharibə abu
- havasını yaşayırdı. Küçələrindən dəstə-dəstə əli tüfəngli əsgərlər nizamla addımlayaraq üzü
vağzala sarı irəliləyir və oradan da birbaşa qatarlar minib döyüş bölgələrinə yollanırdılar.
Əvvəlcədən hazırlığını görmüş Alman faşist ordusunun Sovetlər ölkəsinə qəfil hücumu ölkəni
sarsıtmışdı. Sovet İttifaqının Kommunist Partiyasının Baş katibi, Ali Baş Komandan İ.V.Stalinin
əmrilə ölkənin hər yerində, o cümlədən bir yumruq kimi Moskvanın idarəçiliyi altında birləşmiş on
beş respublikada müharibə vəziyyəti elan olunmuşdu. Hamı Stalinin və marşal M.Jukovun
yürütdüyü siyasətə inanaraq əzmlə müharibənin tezliklə bitəcəyinə ümid edirdi.
    Moskva büsbütün müharibə şəraitini yaşayır. Görəsən, Bakıda vəziyyət necədir? Müharibə
dedikdə insanın ağlına nələr gəlmir ki, - aclıq, səfalət, dul qadınlar, yetim uşaqlar, əlsiz - ayaqsız
döyüşçülər üçbucaq şəklində bükülü “qara” məktublar, xarabazara çevrilmiş şəhərlər, kəndlər...
Səttar bunları düşündükcə ürəyi sıxılır, dəhşətə gəlirdi. Bizimkilərin vəziyyəti necədir, görəsən?
Anam, bacılarım, qardaşım onlar neyləyir, necə dolanırlar? - deyə gənc rəssam pıçıldadı və sözünün
davamını gətirdi: - Bu qədər insanı gözüyaşlı qoyanları görüm, lənətə gəlsin.
Səttar perronda dayanaraq papirosunu yandırıb vaqonun pəncərəsindən gözünün önündən
sürətlə ötən günəbaxan zəmilərini, çəmənləri, bir sözlə təbiəti seyr edirdi. Əslində sürətlə ötən onun
getdiyi qatar idi, seyr etdikləri isə yerindəcə durub, sanki sərnişinlərini yola salırdı.
    Səttar yol boyu şütüyən ağaclara, çöllərə baxıb elə hey düşünürdü. Artıq geridə buraxdığı
Moskva şəhəri, təhsil illəri, ona rəssamlığın sirlərini öyrətmiş əziz müəllimləri Vladimir Favorski,
Mark Şaqal, Lev Bruni, P.Pavlikov, K.İstomini, bir də ona acı həyat dərsi vermiş Maralı xatırladı.
Sonra isə çöhrəsində sanki bir təbəssüm qondu. Çünki Səttar bir də Bakını yadına saldı. Bakı
Moskva qədər nəhəng olmasa da onun üçün isti, doğma bir yuva idi. Bu şəhərdə anası, bacısı,
qardaşı, qohum- əqrəbası, dostları və bir də xətrini atası qədər çox istədiyi Əzim Əzimzadə, yəni
Əzim müəllim var idi. Səttar başdan-ayağa həyat eşqilə yaşayan, hamının can atdığı Moskvadan

27

uzaqlaşıb Bakıya tələsirdi. Nə idi onu bu şəhərə bağlayan? Təkcə dost-tanış, qohum-əqrabamı? Göz
oxşayan, gözəl arxitekturalı bir şəhəri - möhtəşəm parklarını bəzəyən əlvan rəngli gül-çiçək ətrini,
şəninə şeirlər, nəğmələr həsr edilmiş uca ağcaqayın ağaclarını Bakının boz rəngli daşlardan
hörülmüş binalarına, onun üçün doğma olan neft qoxusuna, bozarmış, qaralmış neft buruqlarına
dəyişirdi. Bəli, Səttar üçün doğmalıq anlamı bu idi... O, üstü güllü ağ çit parçadan çadraya bürünmüş
anasının mehriban üzünü gözünün önünə gətirdi. “Canım məmə” deyərək dərindən bir ah çəkdi.
Uzun qollu, uzun ətəkli donu, başında yaylığı üstəlik çadraya bürünərək özünü yad kişilərin
baxışından qoruyan, abır-həyası, isməti ilə seçilən Şərq qadını.
    Səttar bir də uşaqlıq illərində anasına verdiyi sualları xatırlayıb gülümsündü: “Ay mə, bu
güllərin rəngi nöşün başqa-başqadır? Nöşün bu qırmızı, o biri sarıdır? Bəs ağacın yarpaqları nöşün
yaşıldır? Nöşün başqa rəngdə yox, elə yaşıl olurlar?
    Uşaqların paltarlarını suya çəkən qadın oğlunun aramsız verdiyi suallara səbrlə cavab verdi:
 - Mən hardan bilim, a bala? Allahın işidir də. Yarpağı yaşıl məsləhət bilib, gülləri də
rəngbərəng. O biləni biz hardan bilək? Amma ağacın yarpaqları fəsil dəyişəndə dəyişir, payızda
saralır, qızarır. Heç görməmisən?
Səttar anasını maraqla dinləyib demişdi:
- Kaş yarpağı rəngini dəyişən vaxt görəydim. Görəsən, necə dəyişir?
Anası isə oğluna baxıb məzəmmət edərdi:
- Bu fikirlər hardan sənin ağlına gəlir, hələ də baş açmıram. A bala, get sən də xalqın uşaqları
kimi küçədə oyna də, yarpağın, gülün rəngindən sənə nə?”
Səttar gözləri dolmuş halda anası Hökumə xanımı, bacıları Bikəxanımı və Pərzadı, qardaşı
Fəttahı xatırladı. Onları görmək üçün sanki burnunun ucu göynəyirdi...
    Qatar Mahaçqalaya yaxınlaşanda Səttar göygözlü Xəzərini görüb uşaq kimi sevindi və öz-
özünə dedi: Mən indi bildim Almas Yıldırımın “Əsir Azərbaycan” şeiri niyə belə yanıqlıdır.
Qürbətdə Vətən xiffəti çəkib ona görə, deyib asta-asta şeiri söyləməyə başladı:

    Hanı məni gül qoynunda doğuran,
    Xəmirimi göz yaşıyla yoğuran,
    Beşiyimdə, ”layla balam” çağıran…
    Azərbaycan, mənim baxtsız anam oy…
    Neçə ildir həsrətinlə yanam oy…
    Salam desəm, rüzgar alıb götürsə,
    Ağrı dağdan Alagözə ötürsə,
    Gur səsimi göy Xəzərə yetirsə,
    Xəzər coşub zəncirini qırsa oy…
    Hökm etsə bu sərsəm gediş dursa oy…
    Xəbər alsam Muğanımdan, Milimdən,
    Nazlı Bakım, o neft qoxan gülümdən,
    Kim demiş ki, düşmüş adı dilimdən…
   Azərbaycan, mənim eşsiz yurdum oy…
   Ölməz eşqim, içimdəki dərdim oy!…
   Könlümə tək Kəbə etdim səni mən,
   Sənsiz neylim qürbət eldə günü mən,
   Sənsiz neylim Allahı mən, dini mən …
   Azərbaycan, mənim taxtım, tacım oy!..
   Oyanmazmı kor olası baxtım oy!..

Mən də Bakıya çatan kimi ilk rəsm işimi doğma şəhərimə həsr edəcəyəm.
Elə bu vaxt arxadan bir səs onu xəyallarından ayırdı:

28

    Oğlum, bayaqdandır səni dinləyirəm, bağışla, amma o qədər bu şeiri ürəkdən söylədin ki,
dayana bilmədim. Demək, rəssamsan, özün də çoxdandır Bakıdan çıxmısan. Yolunu niyə qürbətlərə
salmışdın, xeyir ola?
Səttar onunla həmsöhbət olmaq istəyən kişiyə tərəf döndü və:
- Əhməd dayı? Salam, nə xoş təsadüf? Necəsiniz? Tanımadınız? Mənəm də Səttar- Bəhlulun
oğlu.
    Tərəf müqabili Səttarın adını eşidən kimi onu qucaqlayıb bağrına basdı və dedi:
  - Səttar, maşallah, cavan oğlan olmusan, dəyişilmisən. Gör, neçə ildir səni görmürəm, hardan
tanıyım?
   Onlar yenidən ata-oğul kimi bir-birlərinə sarılıb qucaqlaşdılar.
Səttarın həmsöhbəti onun həmkəndlisi Əhməd Bakıxanov idi. Əhməd Bakıxanov
Azərbaycanın Dövlət Konservatoriyasında dərs demiş, tanınmış tarzən, Azradiokomitənin nəzdində
xalq çalğı alətləri ansamblının təşkilatçısı və rəhbəri olmuşdur. O, Abbasqulu Ağa Bakıxanovun
nəvəsi idi.
Səttar maraqla soruşdu:
    - Əhməd dayı, oğlunuz Tofiq necədir? Uşaqlıqda o da musiqiylə yaman maraqlanırdı.
Tarzən dilləndi:
     - Tofiqin hələ on bir yaşı var, amma bizim mahnıları tarda çox gözəl ifa edir. Deyirəm,
maşallah, Əmircan torpağı yaxşı sənətkarlar yetişdirir. Belə getsə o da deyəsən bir yana çıxacaq.
    - Əlbəttə çıxacaq. Görün, siz kimin nəslindənsiniz. Tələt neyləyir? Qardaşınız oğlunu deyirəm,
kamançasını yenə çalır?
Əhməd Bakıxanov gülə-gülə deyilənləri başı ilə təsdiqlədi. Və sonra nə düşündüsə birdən-
birə qanı qaraldı və dedi:
- Amma heyif müharibə çox arzularımızı ürəyimizdə qoydu.
***
         Bikəxanım anasını tez-tez tələsdirərək dedi:
      - Ay mə, Səttarın qatarı yəqin ki, Bakıya çatıb, oğlun bir azdan evdə olacaq. Düşbərəni büküb
qurtarsaq, qutabı da təndirdə bişirib çatdırarıq. Gör nə vaxtdır oğlunu görmürsən, indi ürəyin tup-tup
eləyir. Görəsən, Maral da onunla birlikdə gəlir?
     Gözləri dolmuş ana dilləndi:
- Kiminlə gəlir-gəlsin, balam təki salamat çatsın evinə-eşiyinə. Məcməyidəki düşbərələri bir
az unla xəmiri yapışmasın. Səttara nə var, bir də gördün elə vağzaldan düz gedib rəssamın evinə
(Əzim Əzimzadə nəzərdə tutulur), birinci onu görməyə.
Ana həqiqətən də yanılmamışdı. Səttar qatardan Bakı vağzalına düşən kimi həmyerlisi Əhməd
Bakıxanovla xudahafizləşib üz tutdu düz sevimli müəllimigilə.
Əzim müəllim tələbəsini qapıda görən kimi gülümsəyib onu bərk-bərk qucaqladı və:
- Oğlum, Allaha min şükür, nəhayət, gəlib çıxdın vətəninə. Səni görməyimə çox sevindim,
keç, keç içəri oturub doyunca söhbət edək.
     Səttar isə bir az tərəddüd edərək dedi:
  - Mən sizi aparmağa gəlmişəm. Bilirəm indi anamgili mənim gəlişim münasibətilə möhkəm
hazırlıq görüblər, əgər burda otursaq gecəyə qədər söhbətimiz bitməyəcək. Sizin üçün narahatçılıq
deyilsə gedək bizə - Əmircana, həm doyunca söhbət edərik, həm də anamın bişirdiyi təamlardan
yeyərik.
Əzim müəllim isə:
     - Yox, Səttar, mən gəlməyim. Əvvəlki vaxtlar olsaydı “Xilə qutabı”nı yemək üçün özüm bir
bəhanə uydurub gələrdim, amma indi müharibə başlayıb, ərzaq qıtlığı dövrü yavaş-yavaş özünü
göstərməyə başlayır, gəlib tikənizə şərik olmayım.
Səttar incik halda dilləndi

29

      Əzim müəllim bu nə sözdür deyirsiniz. Əksinə sizsiz mənim boğazımdan keçməyəcək.
Ruzunu paylayan Allahdır, qonaq olan evin ruzusu qonaqdan qabaq gəlir, deyirlər. Gedək.
Əmircana getmək üçün Sabunçu vağzalı deyilən yerdən elektrik qatarına mindilər. Yol boyu
tələbə öz sevimli müəlliminə Moskvadakı tələbəlik həyatından, müəllimlərindən həvəslə danışdı,
lakin Maralın adı bir dəfə də olsun çəkilmədi və bu Əzim müəllimin diqqətindən yayınmadı.
Məcburən özü Səttara sual verdi:
     - Maral necədir? Səninlə qayıtmadığına görə, yəqin arada ciddi bir səbəb var. Yoxsa bir
inciklik baş verib?
     Bayaqdan maraqla ağız dolusu Moskva macəralarından danışan Səttar birdən susdu və dedi:
- Sizdən hədsiz dərəcədə xahiş edirəm məndən heç nə soruşmayın.
Əzim müəllim təəccüblənsə də tələbəsinin üstünə çox getməməyi qərara alıb dedi:
- Yaxşı, soruşmağına soruşmaram. Qoy sənin dediyin kimi olsun. Maralın anasıgilə də baş
çəkməyəcəksən?
    - Yox, deyə Səttar sakit, lakin qətiyyətlə cavab verdi.
Əmircan stansiyasında düşüb dar tin və küçələri keçib evə yollandılar.
Hündür səkinin üstündən küçə ilə evlərinə tərəf yaxınlaşan Əzim Əzimzadəni və Səttarı
görcək Bikəxanım “ay mə, gəldilər” deyib ayaqyalın qapıya cumdu. Ana- oğul bir-birinə sarıldılar.
Ana və bacısının sevindikdən ağladıqlarını görüb Səttar:
    - Deyəsən, məni görməyinizə sevinmədiniz, mən çıxım gedim, deyə zarafatla dedi.
     Əzim müəllim də tələbəsinin bu zarafatına bir az da duz qataraq söylədi:
   - Görürəm, mənə də bir xoşgəldin deyən yoxdur, elə mən də üzüsulu getsəm yaxşıdır.
   - Bu nə sözdür, ay oğul, məni xəcalətli eləməyin, balama da qurban, onun qonağına da.
Sevindiyimizdən başımızı itirdik, neyləyək? Siz Allah, bizi bağışlayın, keçin içəri.
     Bikəxanım da söhbətə qoşuldu:
- Sənin üçün ən çox xoşladığın yeməkləri bişirib yolunuzu gözləyirdik. Biz əvvəldən bilirdik
ki, sən Əzim müəllimi görməmiş evə gəlməzsən. İkiniz də xoş gəlmisiniz.
     Qadınlar həvəslə süfrənin üstünü doldurmağa başladılar. Süfrədə nə yox idi ki? Duz-istiot,
çörək, sumağ, quru nanə, göy soğan, sirkəli sarımsaq, nar suyunda doğranmış baş soğan, düşbərə,
məşhur xilə qutabı.
     Əzim müəllim iştahla süfrəyə düzülmüş təamları görüb dedi:
    - Bacım, müharibə dövründə bu qədər yeməyi süfrəyə düzərlər? Bu yeməklərlə bir ordunu
doydurmaq olar. Hitler bu süfrəni görsə hirsindən bağrı partlayar. Ölkədə aclıq başlayıbee. Amma,
nə deyirsiz deyin, xilə qutabına varam.
       Bikəxanım anasının əvəzinə dilləndi:
    - Siz yeməyinizi yeyin, narahat olmayın, bunlar hamısı köhnə ehtiyatımızdandır. Maşallah
hələ ehtiyatımız var. Əmircana gələsən, düşbərə-qutab yeməyəsən, bu olan iş deyil. Allah Hitlerin
evini yıxsın, millətin başına açdığı oyuna bax. Nuş eləyin.
    Yemək yeyərkən Əzim müəllim Səttara dedi:
- Sabah Rəssamlar İttifaqına üzv olmaq üçün gələrsən, qoy bu Bakıda sənin ilk işin olsun.
Moskvada çəkdiklərindən özünlə bura gətirmisənmi?
    - Əlbəttə. Orda əsasən tarixi mövzulara müraciət edirdim. Diplom işim “Babək üsyanı” adlı
rəsmim oldu. Müəllimim Mark Şaqalın çox xoşu gəldi, xüsusilə də Babək haqqında, Xürrəmilər
hərəkatı haqqında verdiyim məlumatları lap bəyəndi. Bilirsinizmi, Azərbaycan kimi kiçik bir
məmləkətdən Babək kimi qəhrəmanın çıxmasına təəccübləndi və mən ona Azərbaycanın Səfəvilər
dövləti dövründə necə böyük sahəsi olduğunu danışdım. Mark Şaqal dediklərimdən heyrətə
gəlmişdi.
    - Düz eləmisən,- deyə Əzim müəllim tələbəsinin sözünə qüvvət verdi. Azərbaycanımızı
tanıtdırmaq bizim ən ümdə borcumuzdur. Yoxsa onlar bizi həmişə barbar, vəhşi, bisavad millət kimi

30

tanıyıblar. Vaxt gələcək onlar Azərbaycanı sənin kimi bir rəssama görə də tanıyacaqlar. Yəqin,
diplom işinin müdafiəsi də uğurla keçdi.
- Yox, - deyə Səttar müəlliminin sözünü kəsdi. Müdafiə edə bilmədim. Müharibə
gözlənilmədən başladı və işimi saxladılar sonraya. Mən də çıxdım gəldim Bakıya.
Yeməkdən sonra Səttar Moskvada çəkdiyi “Fətəli xan” portretini müəlliminə göstərdi.
Əzim müəllim maraq və böyük fəxrlə rəsmə baxıb dedi:
- Gözəl, çox gözəl. Afərin. Amma mən sənin mənzərə şəkillərinə də baxmaq istərdim. Səndə o
qədər rənglər fantaziyası var ki, sənin yaradıcılığına mənzərə rəsmləri daha çox uyğun gəlir. Mənim
fikrimcə sən bu janrda bütün rənglərdən düzgün və dolğun istifadə edə bilərsən. Bax gör, təbiətin
neçə cür rəngi və hər rəng neçə cür çalarlara parçalanır. Əgər yaxşı istifadə etsən, duyduqlarını və
gördüklərini tablolarda ifadə edə bilərsən.
Uzun və maraqlı keçən söhbətdən sonra Səttar sevimli müəllimini elektrik stansiyasına qədər
yola salıb, qatara mindirdikdən sonra evinə qayıtdı. Məhəllələrinə çatana qədər Əzim müəllimin
təklifini beynində götür-qoy edirirdi ki birdən bir səs onu düşüncələrindən ayırdı:
- Səttar əmioğlu, xoş gördük. Axır ki, gəlib çıxdın evinə - eşiyinə?
Səttar səs gələn tərəfə başını qaldırıb qonşusu Ağabalanı gördü. Uşaqlıqdan quşlara-
göyərçinlərə böyük həvəsi olduğu üçün hamı onu quşbaz Ağabala çağırırdı. İndi də damda quşlar
üçün çarpayının dəmir torundan çəpər düzəltmiş və onları yemləyirdi. Ağ göyərçinlərin pərvazlanıb
uçması Səttara xoş gəldi və qonşusuna gülümsəyərək dedi:
- Xoş günün olsun, Ağabala. O quş damına bəlkə məni də qonaq çağırasan?
- Alə, qurbandır, çıx yuxarı, gör necə nazənin göyərçinlərim var,- deyə qonağını dəvət etdi.
Səttarla qucaqlaşıb görüşdükdən sonra fəxrlə quşlarını təqdim etməyə başladı. Əmioğlu, bax, bu
Gümüşdür, yanındakı Xallıdır, üstündə bir neçə yerdə qara xalı var, ona görə belə çağırıram, o
birisinin adı Yelpikdir, qanadlarını açanda yelpiyə oxşayır. Bu sağ tərəfdəkinin adı isə Rəqqasdır,
havada uçanda elə süzür ki, elə bil rəqs edir. Hə. Necədir, xoşuna gəldi göyərçinlərim?
Səttar Ağabalanın təklif etdiyi kətilin üstündə oturub quşlara tamaşa edərək dedi:
- Qədeş, dünya top- tüfəngdən darmadağın olur, hər yerdə müharibə gedir, sən də burda oturub
damının üstündə sülh carçıları ilə müşavirə keçirirsən, sülh quşlarını qoruyursan, əhsən sənə. Alə,
yer-göy yanır, camaat qarnına yemək tapmır, sən bunları nəylə yedirirsən?
- Atamın qəbri üçün bunu mənə evdəkilər də deyir. A balam, bunlar da canlıdır də. Neyləyim,
buraxım havaya, ya ac pişiklər yeyəcək, ya ikiayaqlı canlılar, ya da acından öləcəklər. Günahdır,
axı? İndi nə deyirsən, özüm bilə-bilə günaha batım? Gör, havaxtandır mən bu quşların qulluğunda
dayanıram, onları bəsləyirəm. Bu nemes Hitlerlə bizim Stalinin sözü çəp gəlib deyə biz də
ölməliyik, quşlarım da? Əcəbdiye, sən Allah. İnan, qədeş, bax, nə içki içirəm, nə papiros çəkirəm,
heç kəslə işim yox, səhərdən çıxıram dama ta axşama qədər. Bilirsən, bunlar nədir? Adamlardan
etibarlı, hara uçurlar uçsunlar, yenə qayıdırlar bu yuvalarına. Mən indi onları uçurdum sən də tamaşa
elə, sonra sözünü de.
Ağabala göyərçinləri göyə uçurtdu, quşlar qanad açıb pərvazlandılar. Səmada bir neçə dəfə ağ
göyərçinlərin uçuşu doğrudan da Səttara xoş gəldi və o:
- Göyərçinlər bu dünyada sülh quşu, o biri dünyada isə cənnət quşudur, deyirlər. Doğrudan
gözəl yaranışdır. Bunların hərəsi bir nazlı gəlinə bənzəyir, bir tək Vağzalısı çatmır. Ağ rəng
təmizlik, paklıq rəmzidir.
Ağabala qonşusunun tərifindən daha da ürəkləndi. Qolunu uzatdı və Səttara da həmin hərəkəti
etməyi söylədi. Bir neçə göyərçin onların qollarının üstünə qondular. Bu mənzərə Səttara xüsusilə
ləzzət elədi. Ağabala dedi:
- Əmioğlu, bu quşlar hər adama yaxın durmazlar, amma sənin qolunda gəlib oturdular, bilirsən
nöşün? Çünki sən də onlar kimi təmizsən, safsan. Heç kəslə işin yox, ancaq öz aləmindəsən. Necə
mən quşlarla söhbət eləyirəm, sən də rənglərlə gecə-gündüz danışırsan. Səninlə söhbət eləmək mənə
xoş oldu, nöşün ki, qanan adamsan. Yoxsa İsabala qonşu?. Bilirsən o gün mənə nə deyir?

31

Deyir ki, sənin göyərçinlərin kəfən kimi ağappaq tərtəmizdir. Cin vurdu təpəmə, dedim, alə,
mənim , quşlarımı kəfənə oxşadırsan, ölü özünsən. Söyüb biabır elədim onu. Az qaldı quşların su
qabını vurum onun kəlləsinə. Özümü güclə saxladım.
Səttar qonşusunun bu məzəli söhbətinə o ki var gülüb dedi:
  - Bax, Ağabala, mən sənə bir- iki sual verim, sən də cavab ver. Səncə kəfən çirkli, napak ola
bilər? Yox, düzdür? Düzdür. Və yaxud kəfən qara, ya allı-güllü ola bilər? Yenə yox. Hər
müsəlmanın arzusudur ki, onu kəfənlə basdırsınlar, yəni ona kəfən qismət olsun. Bəlkə düz
demirəm?
Ağabala dözməyib birdən Səttarın sözünü kəsdi:
   - Alə, dayaneee, mən indi başa düşdüm İsabala yetim nə demək istəyib. Vay, vay, vay. Alə,
mən neyləmişəm, alə? Yazığı söyüb batırmışam, hardan ki, o quşlarımı tərifləmək istəyib. Görürsən,
bax, oxumaq budureee. Sən Moskvada oxumasaydın, intiligent olmasaydın məni kim başa salardı.
Gərək gedim ondan üzr istəyim. Heç yaxşı düşmədi.
Səttar Ağabalanın peşman olduğunu görüb söhbəti dəyişdi:
- Dolanışığınız necədir? Evin ərzağını çatdıra bilirsən?
Ağabala razılığını bildirərək dedi:
  - Allah canuvu sağ eləsin, qədeş, birtəhər başımızı saxlaya bilirik. Amma sağa – sola baxanda
görürəm ki, camaatın dolanışığı çətindir, hələ üstəlik fırıldaqçıların da sayı artıb. Vallah, bizim Xan
olmasa, Allahverdini deyirəmee, kəndi oğru, quldur basar. Çox qeyrətli adamdır, özü qabaqlar
oğurluq üstündə türmədə yatıb çıxıb, amma indi bir dəstə düzəldib, kasıb çamaatımızı qoruyur.
Kimin həddi nədir, kimisə aldatsın, o dəqiqə Xana xəbər çatdırırlar, o da gəlib dərslərini verir.
Çamaat onun xətrini çox istəyir. Varlılardan alıb kasıblara paylayır, deyir ki, müharibədir, gərək
hamı bir-birinə kömək olsun. Bütün Bakıya nəzarət eləyir, milisin də çestinə dəyir ki, biz olan yerdə
bu kimdir. Nə isə. Qədeş get sən də dincəl. Deyəsən baş-beynüvü apardım.
Səttar güc-bəla ilə yaxasını Ağabalanın əlindən qurtarıb evinə döndü...
Ertəsi gün Əzim müəllim Maraldan nigaran qaldığı üçün bir xəbər almaq məqsədilə qızın
anasıgilə yollandı. Lakin ordan da heç bir məlumat ala bilmədikdə nigarançılığı daha da artdı və
Marala özü məktub yazmaq qərarına gəldi:
“Gözəl qızım, Maral. Salam. Əvvəlcə sənə Bakıdan atəşin salamlar göndərirəm. Necəsən?
İşlərin nə yerdədir? Niyə Səttarla Bakıya qayıtmadın? Səttardan soruşdum səbəbini demədi, bildim
ki, aranızda böyük inciklik yaranıb. Eybi yox, gənclər arasındə belə şeylər olur. Amma məndən sənə
bir məsləhət. Çalış bu incikliyin müddətini uzatmayasan. Siz axı, möhkəm dostlarsınız. Elə bu gün
sizin evə baş çəkdim. Evdəkilər hamı yaxşıdır.Bizim bir tək nigarançılığımız sən tərəfdəndir. Anan
gileyləndi ki, çoxdandır onlara məktub yazmırsan. Belə olmaz, qızım. Onların gözü yoldadır, gələ
bilməsən də məktubla tez-tez əlaqə saxla, özün haqda məlumat ver ki, narahat qalmasınlar. Biz
sənin xətrini çox istəyirik, unutma ki, burda yolunu gözləyən və sənin üçün darıxan doğmaların var.
Əminəm ki, mənim məktubumu cavabsız qoymayacaqsan və tezliklə mənə yazacaqsan.
Hörmətlə,
Sənə yaradıcılıq uğurları arzusuyla Ə. Əzimzadə.
Avqust, 1941-ci il.”
Ayrıl

32



Popular Posts