Fələklər yandı ahimdən İtirilmiş səadət




 Maral həqiqətən də çox çalışırdı. Onun da sorağı Səttar kimi respublikanın hər yerindən
gəlirdi. O artıq elə püxtələşmişdi ki, rəngkarlığın bütün növlərindən xüsusilə qravürdən məharətlə
istifadə edirdi.Lakin sonralar temper və yağlı boya ilə işləməyə başlayır. Onun “ Azərbaycan- neft
ölkəsi”, “Bizim Xəzərdə”, “Avtoportret” əsərləri çox şöhrət qazandı. Mənzərə janrında çəkdiyi
“Naxçıvan dağları”, “Quba bağları”, “ Lənkəran meşələri”, “ Xınalıq” və sairə başqa rəsm əsərləri
sərgilərin bəzəyi oldu.
   Maral öz işlərində qrafika janrını da unutmamışdı. Böyük Vətən Müharibəsi illərində rəssam
xanım yaradıcılığında vətənpərvərlik mövzusuna xüsusilə üstünlük vermişdi.
   Daha sonra kömür işləmlərilə, qara akvarellə illüstrasiyalar çəkməyə başladı. Onun ən uğurlu
işləri “Odlar yurdu” və Ş. İ. Xətainin “Dəhnaməsi”ndə qadın obrazlarını yaratması oldu. Eləcə də
M. F. Axundovun “Aldanmış kəvakib” tarixi əsərində də illüstrasiya işlərinin öhdəsindən məharətlə
gəlmişdir. C. Cabbarlının iki cildlik kitabının da illüstrasiyasını Maral işləmişdi və çox
bəyənilmişdi.
Onun istedad və bacarığını nəzərə alaraq A. Puşkinin “Yevgeni Onegin” və Y. Lermontovun
“Əsrimizin qəhrəmanları” əsərlərinin tərcümə variantının bədii illüstrasiyasını da Marala həvalə
edirlər.
   Sanki ömrünü bu sənətin qurbanına çevirmişdi. Artıq ailə problemləri bitmiş olsa da, yəni
bacıları öz həyatlarını qursa da Maral üçün yeganə maraq dairəsi yalnız rənglər, boyakarlıq və
molbert idi. Maral rayonları gəzməklə, ordakı insanlarla ünsiyyət qursa da özünü tənhalıqdan
qurtarmağa çalışırdı. Dost-tanışlarının əhatəsində olanda belə şaqraq, şən gülüşü, zarafatları hamıda
gözəl əhval-ruhiyyə yaradar, tək qaldıqda isə molbertin qarşısına keçərək nəzərdə tutduğu rəsmi
çəkər və bu anda göz yaşları yanağından mirvari kimi süzülüb axardı. Onun içini göynədən nə idi,
görəsən? Bunu bir özü bilirdi, bir də sirr dostu Səttar...
    Səttar gecəni Oqtaygildə keçirtdikdən sonra səhər birbaşa Maralın emalatxanasına üz tutdu.
Maral yenə işləyirdi və Səttarı görüb gülümsündü, fırçanı qoyub dedi:
    - Oooo, köhnə dostum nə əcəb məni yada salıb, qapımı açıb. Xoş gəlmisən. Keç əyləş, mən də
qəşəng bir pürrəngi çay dəmləyim oturub söhbət edə-edə içək. Eşitdim uşaqlarla (rəssam dostlar
nəzərdə tutulur) Göygölə getmişdin. Yaxşı dincələ bildin? Mənim tanıdığım Səttar ora dincəlməyə
yox, maraqlı etüdlər toplamağa gedib. Bir şey tapa bildin?
- Hə, getmişdim, maraqlı oldu. Kəpəzi, Göygölü gözlərimdə oğurlayıb gətirmişəm Bakıya.
İndi tələsirəm gördüklərimi molbertin üzərindəki kətana köçürəm. Elmira artıq çəkəcəyim rəsmə ad
da fikirləşib, -deyə Səttar gələcək planlarından söhbət açdı.
Maral dilləndi:
- Əgər Elmira orda olubsa, yüz faiz mənim arxamca nə qədər danışıb.
Səttar:
  - Düz deyirsən, danışıb, amma pisliyinə yox. Adamın Allahı var, o sənin yaxşı rəssam
olduğunu deyir. Bilmirəm sən niyə onunla yola getmirsən. Nə vermisən ona ala bilmirsən? Nə isə.
Görüm, sən nə çəkirsən?
  Dənizi o qədər canlı gözəl çəkmisən ki, axırda Ayvazovskini kölgədə qoyacaqsan. Görəsən, o
niyə dəniz mövzusuna bu qədər müraciət edib, bilmirsən?
Maral eşitdiyi tərifdən xoşlanaraq dedi:
   - Çox şişirtmə. Mənim Ayvazovskiyə çatmağıma hələ neçə yüz il vaxt lazımdır. Əgər mənim
çəkdiyimdə cazibəli nəsə tapmısansa, o da Xəzərimin öz gözəlliyindəndir. Mən hər dəfə dənizi
çəkəndə yadıma uşaqlıq illərimiz düşür, dənizin dalğaları, qumlu sahil, bizim qaçdı-tutdu
oynamağımız... Hara getdi o illər? Niyə biz geriyə qayıda bilmərik? Necə qayğısız, şən günlərimiz
var idi, Səttar... Yadına gəlir, guya sən ölmüşdün, biz də üstündə şaxsey-vaxsey gedirdik.
44

nələrlə əylənərdik. Nə tez keçdi o günlər, o uşaqlıq illəri. Bütün günümüz deyib-gülməklə keçirdi,
amma indi... əlimizdə yalnız xatirələri qalıb. Yaxşı ki, onları bizdən alan yoxdur. Başımı qatmaq
üçün dəzgahın qabağından çəkilmirəm. Mənə sadiq qalan bir o xatirələrdir, bir də bu molbert...
- Çoxdandır səni belə bikef, bədbin görmürdüm. Nəsə olub?,- deyə Səttar rəfiqəsindən cavab
gözlədi.
Maral isə içdiyi çay fincanını kiçik masanın üstünə qoyub dedi:
- Keçən həftə Moskvadakı tələbə yoldaşlarımdan biri Viktoru gördüm. Bakıdadır. O həm də
İqorla möhkəm dost idi. Ondan İqoru soruşdum. Evlənibmiş, hətta uşaqları da var. Bu xəbər məni
çox pis sarsıtdı.
Səttar:
- Bu xəbər səni niyə sarsıtmalıydı, anlamadım. Siz onsuz da ayrılmışdınız. Onun ailə qurması
təbii haldır, gec ya tez o bu addımı atmalıydı.
Maral:
- Bilirəm, onu da başa düşürəm. Biz ayrılandan sonra neçə il tək yaşadı və mənə
məktublarında Moskvaya – onun yanına getməyimi hər dəfə təklif edirdi. Sonradan məktubların
arası kəsilsə də çox vecimə olmadı. Ayrı olsaq da yenə onu özümünkü bilirdim, bilirdim ki, o yalnız
mənimdir, amma indi evliliyi haqqında eşidəndə onu birdəfəlik itirdim. Bəlkə də bu bir eqoistlikdir,
özümüzə aid olanı heç kəslə bölüşmək istəmirik. Biz qadınlar beləyik, həm güclüyük, həm zəif.
Ətrafımdakılar hamısı məni şən, qayğısız, zarafatcıl bir insan kimi tanıyırlar. Özümü onlara belə
tanıtdırmağa çalışıram ki, heç kəsin mənə yazığı gəlməsin. Elə ki, bu kiçik emalatxanama daxil
oluram, yüz səksən dərəcə dəyişirəm. Hər çəkdiyim rəsmdə rənglərə mənim göz yaşlarım da qarışır,
kövrəlirəm, özüm-özümlə danışıram və sabah yenə güclü olmağım üçün özümü proqramlaşdırıram,
- bu sözləri deyərək dostuna baxdı.
Səttarın da Maralın söylədiklərindən gözləri dolmuşdu. Maral dostunu kövrəltdiyini görüb
gülümsədi:
- Əziz və qədim dostum. Paulo Koelyo deyib ki, bütün qadınlar mələkdir əslində. Yalnız
qanadları qırıldığında süpürgələrinə əyləşərlər. Vəssalam... Mənim üçün narahat olma, mən elə də
aciz deyiləm. Baxıram sağıma- soluma və deyirəm: Mən sevgi üzərində məni anlayan bir insanla
ailə qurdum, sevdim, sevildim, ondan həmişə özümə qarşı hörmət və diqqət gördüm, qayğı gördüm,
o şirin hissləri yaşadım və tərk edilmədim, əksinə şəraitə görə özüm tərk etdim.. O qədər
qadınlarımız var ki, sevgisiz ailə qururlar və ailəni dağıtmamaq üçün hər cürə əzab- əziyyətə
dözürlər. Onlar belə şəraitdə necə yaşaya bilirlər anlamıram. Mən azad qadınam, istədiyim kimi
yaşaya bilirəm. Belələrilə müqayisədə xoşbəxt qadınam, heç olmasa şirin xatirələrimlə baş-başa qala
bilirəm. Bəs onlar? Robot kimi, yalnız ərlərinə, uşaqlarına qulluq üçün yaşayırlar. Bu həyatdır?
Onsuz da ömrümüz qısadır, onu da başqaları üçün xərcləyirik. Bəs özümüz? Özümüz üçün
yaşamağa nə vaxt başlayacağıq, buna haqqımız yoxdurmu?
Səttar bu məqamda bir neçə söz demək istədi, lakin susdu. Ona görə ki, rəfiqəsini şirin
yalanları ilə baş – başa buraxmaq qərarına gəldi.
Səttar yaxşı bilirdi ki, Maral özünü sındırmamaq üçün belə deyir. Əgər qadın ərini xoşbəxt edə
bilirsə, ailədə əmin-amanlıq, qarşılıqlı hörmət varsa, övladlarına göstərdiyi qayğının bəhrəsini
görmək onun üçün böyük səadət deyilmi? Səttar bütün bu düşündüklərini ürəyinə gömdü və susdu.
Çünki yaralı bir ürəyi yenidən yaralamağın bir mənası yox idi...
Maralın səsi onu fikirlərindən ayırdı:
- Səttar, yadına gəlir, Moskvada sən mənə oxumağa bir kitab vermişdin. Məmməd Səid
Ordubadinin “Qılınc və qələm” romanı, o kitabı tapıb sonradan oxudum. Doğrudan da çox
möhtəşəm əsərdir.
Səttar:
- Heyif. Çox gec başladın oxumağa. Oxusaydın, bəlkə də həyatın başqa cür ola bilərdi.
- Yəni necə?- deyə Maral soruşdu.

45

Bəlkə də mənə gələrdin, - nəhayət Səttar özündə cəsarət tapıb dilləndi.
Maral dostunun dediklərini anlamayıb əlini yellədərək etiraz etdi:
- Eeeh, mən də deyirəm nə deyir. O vaxt gənc qız idim. Bu romanı indiki kimi o qədər də dərk
edə bilməzdim. Amma artıq bilirəm ki, biz öz keçmişimizi öyrənməliyik, dərk etməliyik və qədrini
bilməliyik. Yadına gəlir sənin İqoru “nokaut”a salmağın? Necə heyranlıqla səni dinləyirdi. O günü o
sənə valeh olmuşdu. Səttar istəyirsən, sənin portretini çəkim. Görüm, səni düz tanıya bilmişəm?
Səttar rəfiqəsinin reaksiyasına bir ah çəkdi və:
- Rəsmini çəkdiklərindən ölüb-itən olmayıb ki?, - deyə Maralın təklifinə zarafatla cavab verdi.
Maral heç nə anlamayıb dedi:
- Başa düşmədim, niyə ölməlidirlər ki?
Səttar bayaqkı sözünə aydınlıq gətirərək dedi:
- Bir gün bəstəkar M.P.Musorqski rəssam Repindən şəklini çəkməyi xahiş edir. Şəkil çəkilib
hazır olan kimi Musorqski ölür. Repin A.F.Pismenskinin portretini çəkir, Pismenski də ölür. Repin
şair F.İ.Trutçevskinin portretini çəkməyə hazırlaşır. O, da dünyadan köçür. Bir dəfə yumoristlərdən
biri Repinə yalvararaq deyir: - İlya Yefimoviç bizə rəhminiz gəlsin. Stolıpinin də şəkilini çəkin.
Repin Stolıpinin də şəkilini çəkir. Şəkil hazır olan kimi Stolıpin Kiyevə yola düşür və orada onu
güllə ilə vurub öldürürlər.
İndi mən də, istəyirəm öyrənim taleyimi kimin əlinə etibar edirəm.
Səttarın bu zarafatından hər ikisi o ki, var güldü. Bu dəm o, üzü gülən Maralın ala gözlərinə
baxdı və bu baxışlarda qəmin, kədərin möhkəm iz saldığının şahidi oldu. Lakin, o öz gözlərindəki
dərd yükünü özündən başqa hamının gördüyünü bilmirdi...
Elə bu vaxt Maralın emalatxanasındakı şəhər telefonu zəng çaldı. Maral dəstəyi götürüb dedi:
- Salam, Toğrul, necəsən?.. Sağ ol, mən də yaxşıyam... Kim? Səttar? Bəli, burdadır, bir
dəqiqə, -deyib dəstəyi Səttara uzatdı.
Səttar:
- Alo, salam, dostum, necəsən?.. Lap yaxşı, mən də şükürlər olsun, babatam... Başa
düşmədim... Onun mənimlə nə işi ola bilər? Yaxşı, gözlə, gəlirəm ora, - deyib dəstəyi telefonun
üstünə qoydu. Və üzünü Marala tutub dedi: - Heç nə başa düşmədim, Rəssamlar İttifaqından zəng
vurub deyirlər ki, məni Azərbaycan KP MK-nin ikinci katibi Pyotr Matveyeviç Yelistratov axtarır,
onun qəbuluna getməliyəm. Mən hara partiya işçisi hara. Görəsən, nə məsələdir?
Maral da həyəcanlanaraq dedi:
- Bəlkə hardasa yenə dilini dinc saxlamamısan, ağzıgöyçəklər də səni satıb. Ürəyindəkilərin
hamısını dilinə gətirmə də, bir az da içində saxla. Kim bilir səndən nə danışıblar.
Səttar təmkinlə dedi:
- Mən nə deyirəmsə haqqına deyirəm, onlardan qorxmayacağam ki? Məgər repressiya
dövrüdür? Amma Toğrulun səsi heç həyəcanlı gəlmirdi, əksinə çox gumrah və rahat danışırdı.
Gedim, görüm, nə istəyirlər.
Maral dostunu tək buraxmayıb dedi:
- Dayan, mən də səninlə gedirəm. Beş dəqiqə gözlə hazırlanım, çıxaq.
Onlar Rəssamlar İttifaqının binasına yaxınlaşıb pilləkənlərlə yuxarı mərtəbəyə qalxdılar.
Maral həyəcanını heç cür gizlədə bilmirdi. Atası Yusifin də dilinin ucbatından həbs olunduğunu
bildiyi üçün çox narahat idi. O illərin xofu hələ də canından çıxmamışdı. Foyedə Toğrul
Nərimanbəyovu görüb ona yaxınlaşdılar. Maral dözməyib dilləndi:
- Yenə nə dedi-qodu çatdırıblar yuxarılara? Bunların Səttarla nə işi var, niyə qoymurlar rahat
yaradıcılığıyla məşğul olsun?
Toğrul Maralın həyəcanından heç nə anlamayıb güldü və:
- Maral xanım, nə dedi-qodu, nə çatdırma, sizə nə olub? Eşitdiyimə görə Səttarı başqa
məsələyə görə çağırtdırıblar və bu onun xeyrinədir. Məndən yalnız bu qədər, qalanını özü içəridə eşidər.

46

Toğrulun bu sözlərindən sonra Maral rahat nəfəs aldı və Səttarın içəri keçib çıxmasını
səbirsizliklə gözlədi.
Bir müddətdən sonra kabinetdən çıxan Səttar həyəcanla:
- Məni Yelistratov çağıtdırıb, getməliyəm, dedi və aşağı mərtəbəyə düşdü.
Toğrulla Maral da onun arxasınca pilləkənləri düşdülər. Maral soruşdu:
- Nə olub, nə məsələdir? Niyə çağırıblar?
Səttar Toğrula baxıb dedi:
- Demək sən bilirdin, hə? Qızın ürəyi partladı ki, heç olmasa ona deyəydin sakitləşsin.
Toğrul Maralı sakitləşdirməyin lazım olduğunu indi dərk edib dedi:
- Qorxmayın, yaxşı xəbərdir. Səttarın Çexoslovakiyada sərgisini açmaq istəyirlər. Hər şey
qaydasındadır.
Səttar isə sevinc qarışıq həyəcanla tələsərək yoluna davam edib deyir:
- Alə, nə qaydasındadır? Mən başa düşmürəm, sərgiyə mənim dişlərim lazımdır, yoxsa
işlərim? Katibin nəyinə lazımdır mənim qalstukum? Bu xaltanı mütləq taxmaq lazımdır?
Artıq hər şey aydın idi. Toğrulla Maral Səttarın bu deyingənliyinə o ki var güldülər. Doğrudan
da Səttar azadlıq aşiqi idi, o heç kəsdən, heç nədən asılı olmadan yaşamağı xoşlayırdı. Onun dişləri
çox erkən, yəni gənclik illərindən tökülmüşdü və o qətiyyən protez diş qoydurmaq istəmirdi. Hətta
yoldaşları ona tövsiyə edəndə belə deyərdi:
- Yox, qardaş, hər şeyin təbiisi. Süni şeylər mənlik deyil.
O ki qaldı qalstuka, bunun tamam əleyhinə idi. Bir dəfə onu partiya sıralarına daxil olmağı
təklif edirlər. Səttar isə deyir: “Alə, gedün işüvüzlə, gücüvüzlə meşğul olun. Mən dəli-zadam,
noxtanı keçirdim boynuma, sonra onlar nə dedi, mütləq onu çəkim. Ömrümün də çox hissəsi gərək
iclaslarda keçsin. Mənə bu lazımdı? Ay hay... Yaradıcı adam gərək sərbəst olsun, azad olsun, heç
kəsə boyun əyməsin, istədiyi kimi geyinsin, gəzsin, dolaşsın”.
Səttarın Çexoslovakiyada sərgisini açmaq da bir maraqlı faktla bağlı idi. Necə olur ki, onu
sevməyən bir neçə komissiya üzvü Səttarın, hələ bu vaxta qədər Avropa ölkələrində heç bir
azərbaycanlı rəssamın yox, məhz Səttarın əl işlərini Çexoslivakiyada nümayiş etdirmək qərarına
gəlir? Onun da kiçik bir tarixçəsi var. Belə ki, Bakıda Səttarın rəsmlərindən ibarət sərgi təşkil olunur
və bu sərgiyə tamaşa etmək üçün çexiyalı qonaqlar da təşrif buyurur. Onlar rəssamın çəkdiyi portret,
mənzərə və natürmotlardan ibarət işlərinə heyran qalır və vətənlərinə dönən kimi öz paytaxtlarında –
Praqada belə bir fərdi sərginin açılması üçün məsələ qaldırırlar. Ordan Moskva rəsmilərinə müraciət
edilir və sərginin tərtib olunmasına qərar verilir.
Səttar kabinetə daxil olan kimi katib ayağa qalxıb böyük sevinclə dedi:
- Salam, Səttar Bəhluloviç. Sizi görməyimə çox şadam. Bax, görürsünüz, başınıza şahlıq quşu
qonub. Azərbaycandan ilk rəssam siz olacaqsınız ki, fərdi sərginiz Avropada nümayiş etdiriləcək.
Toğrul Nərimanbəyov da sizinlə birlikdə gedəcək. Nə çətinliyiniz olsa o, sizə kömək edər. Lakin,
sizdən bir- iki xahişim olacaq. Yəqin ki, Rəssamlar İttifaqında sizi artıq məlumatlandırıblar. Tez bir
zamanda protez dişlər qoydurmalısınız, xərci üçün narahat olmayın, ödəniləcək. Axı biz özümüzü
xaricdəkilərə güldürə bilmərik. Deməzlər ki, bunlara baxın, böyük Sovet ölkəsində rəssamlarına
qayğı göstərmirlər. Siz axı Azərbaycan Sovet Respublikasının İncəsənət xadimisiniz, Azərbaycan
SSR Xalq rəssamısınız. Sizin yüksək titullarınız var. Bir də geyiminizi bir az müasirləşdirin, biz axı
zəngin bir ölkənin vətəndaşlarıyıq.
Səttar katibin söylədiklərini dinləyib dedi:
- Pyotr Matveyeviç , protez qoyduraram, lakin inciməyin qalstuk mənlik deyil.
Katib gülərək dedi:
- Yaxşı, yaxşı, sizin qəribə insan olduğunuzu eşitmişdim. Açığı şəklinizi görməmişdən əvvəl
sizi tamam başqa cür təsvir edirdim. Rəssamlara məxsus saqqal, boynunuzda şərf, başınızda kepka.
Ümumiyyətlə belə bir deyim var, saqqalsız rəssam, şalvarsız kişi kimidir. Bu əlbəttə bizim sovet
quruluşuna aid deyil. Lakin avropada çox yayılmış ifadədir. Yəni rəssam deyərkən göz önünə ilk

47

növbədə onun saqqalı gəlir. Sizinlə isə tanış olmağıma çox şadam. Əgər icazə versəniz bir gün
işlərinizə məmnuniyyətlə tamaşa etməyə gələrdim.
  - Buyurun, Pyotr Matveyeviç, ürəyiniz nə vaxt istəsə gələ bilərsiniz. Mənim qapım sənət
sevərlərin, onu qiymətləndirənlərin üzünə həmişə açıqdır, deyən Səttar getmək üçün ayağa qalxdı.
Səttar katibin yanında olduğu vaxt Toğrulla Maral aşağıda maşında onun gəlişini gözləyərək
söhbət edirdilər. Toğrul Səttarın yaxşı bir dost, yoldaş olmasından danışırdı. O danışdıqca Maral da
hər dəfə onun dediklərini təsdiqləyirdi.
Toğrul:
   -Səttar heç vaxt “yuxarılar”ın tapşırığı ilə şəkil çəkmir və mənə də həmişə deyir ki:
«Kommunist partiyasının ideologiyasıyla bağlı əsər yaratsan, yuxarılarda səni tərifləyərlər, amma o,
sənət əsəri olmayacaq. Sən ürəyin istəyən şeyi çəkməlisən ki, o səni yaşatsın.»
Səttarın zahiri ilə batini arasında çox böyük fərq var. Təsəvvür edin, Maral xanım, Rəssamlar
İttifaqında rəssamlar üçün xüsusi tikilmiş binadan Səttara da iki otaqlı mənzil verirlər və o buna çox
sevinir. Çünki Əmircanda yaşadığı o köhnə evdə həm bacısı, həm də qardaşının ailəsi yaşayırdı. Bu
isə onun yaradıcılığına mənfi təsir göstərirdi. Yaradıcı adam təklik xoşlayır, sakitlik istəyir. Nə isə.
Bütün evlər paylanılır və dostumuz Tahir Salahov gecikdiyi üçün ona mənzil çatmır. Onun isə həyat
yoldaşı və iki qızı artıq yeni mənzilə köçmək arzusuyla idarəyə gəlirlər və bəd xəbəri eşidib çox pis
olurlar. Vəziyyəti belə görən Səttar mənzilinin açarlarını Tahirə verib deyir: “Mənim qalmağa yerim
var, özüm də tək adamam. Amma sənə və ailənə ev lazımdır. Götür bu açarları, sağlıqla yaşayın.”
İnanın, rəssamların içində Səttardan qat-qat yaxşı yaşayan yoldaşlarımız vardı, lakin onlardan heç
biri bu addımı atmadı. Səttar belə ürəyə sahibdir.
Maral da həmsöhbətinin dediklərini təsdiqləyərək dilləndi:
    - Toğrul, sən kimə kimdən danışırsan? O mənim uşaqlıq dostumdur, biz texnikumda da,
Moskvada da bir yerdə oxumuşuq, günlərimiz, illərimiz bir yerdə keçib. Onu yoldaşlarımızın içində
məndən yaxşı kim tanıya bilər? Bakıya tətilə gəldiyimiz günlərdə belə bir yerdə olardıq və «Neft
daşları»na da birgə gedib eskizlər edərdik.»
Səttar «Neft daşları», «Estakada», «Dəniz mədənləri», «Dənizdə buruq», «Dənizin
dərinliklərində» adlı əsərlərini yaratsa da, mən ona deyərdim: «Səttar, Quba bağları səni gözləyir.»
   Doğrudan da qəhrəman neftçilərimizin əməyi onu maraqlandırsa da, qrafik üslubda uğurlar
qazansa da, nazlı təbiət onu daim özünə çəkir. Səttarın ömrü tarixin üç mərhələsindən keçib: uşaqlıq
dövrü kapitalizm, gəncliyi inqilab və müharibə dövrünə, yaşlılığı isə sosializmin inkişafı dövrünə
təsadüf edib. Ona görə o zahirən qoca, düşüncəsi müdrik, qəlbi isə uşaq qəlbi kimi tərtəmizdir. Bu
insan müharibənin aclıq, çətin günlərini də görüb, indiki firavanlığı da. Lakin, inan,            Toğrul, heç bir
quruluş bu insanı dəyişdirə bilməyib. O yenə öz köhnə adət-ənənəsinə sadiq qalıb, öz milliliyini
qoruyub saxlaya bilib. Nə qədər kövrək olsa da, bir o qədər sərtdir, əqidəsində möhkəmdir. O, çox
mərd adamdır. Bu həyatda nə qazanıb, nəyi itirib bunu bir o bilir, bir də mən... Siz cavanlar, onu
məndən soruşun, məndən...
  Sonra isə “ bəlkə də mən onun üçün itirilmiş bir səadət idim” deyə asta səslə pıçıldadı.

48

Popular Posts