Fələklər yandı ahimdən / Gözəllik aşiqi

Gözəllik aşiqi


    Səttarı tapmaq çox müşkülə keçmişdi. Gününü təbiət qoynunda keçirərək bir-birindən gözəl rəsm əsərləri yaradırdı. Sorağı gah Şamaxıdan, gah Qubadan, gah Naxçıvandan, gah Gəncədən, gah İsmayıllıdan gəlirdi.
Artıq müharıbə bitdiyinə görə ona Moskvadan diplomunu almaq üçün müraciətlər edilmiş, çoxları getməyi tövsiyyə etsə də, Səttar etiraz etmiş və demişdi: “ Rəssama qabiliyyətini göstərmək üçün istedad lazımdır, diplom yox.”
    Səttar çəkirdi, təbiətdən, Azərbaycan gözəlliyindən ilham alıb kətan üzərində gözəlliklər yaradırdı. Onun çəkdikləri hamı tərəfindən bəyənilsə də Rəssamlar İttifaqı bu rəsm əsərlərini çox ucuz qiymətə alırdı və bu Səttarın qəlbini çox incidirdi. Çünki rəsm işləri qat-qat ondan zəif
olanların, hətta tələbələrinin çəkdikləri şəkillər yaxşı pulla alınırdı. Səttar ona qarşı edilən bu haqsızlıqları görür və onların üzünə çox sərt ifadələr işlədirdi. Buna görə ona müxtəlif maneələr törədilir və onun rəsm əsərlərinin yayılmasının qarşısını hər cürə yollarla almağa çalışırdılar. Rəssamlardan ən çox Toğrul Nərimanbəyov, Tahir Salahov, Elmira Şaxtaxtinskaya və onun həyat yoldaşı Oqtay Sadıqzadə onunla dostluq edirdilər. Onlar da Səttara görə çox narahat olur və ona təsəlli verməyə çalışırdılar. Səttar isə bu təsəllinin müqabilində belə söylərmiş:
    - Görün, belə yerdə Füzuli nə deyib: Allahım! Ya çəkdiyim əziyyətlərə görə mənə güc ver, ya gücüm yetdiyi qədər əziyyət”.
Amma, sizə onu da deyim ki, hərdən mənə elə gəlir ki, Füzuli nə yazıbsa gözünün qabağına məni gətirib yazıb. Çox qəribə haldır, elə deyil? “Doğma düzənlər”
     Səttar tələbələrilə də vaxt çox keçirərdi. Onlarla tez-tez rayonlara, kəndlərə gedər, o yerlərdə də tələbələrinin xüsusi qayğısına qalar, çətin, yol keçilməz yerlərdə ehtiyatlı olmalarını tapşırardı. Onlara rənglərin sehrindən danışar, təbiətin əsrarəngiz gözəlliyindən ilham almaq üçün tövsiyyələr edərdi. Gənclər də anlayırdılar ki, Səttar qədər heç bir rəssam onlara qarşı belə diqqətli ola bilməzdi. Onlar hər yeri gəzirdilər, dağları, dərələri, çaylardan keçir, bulaqlardan su içir, meşələrdə həm dincəlir, həm də işləyirdilər. Səttar onlara başa salırdı ki, sənət aləmində əgər sənətkar yorulursa, demək artıq o həyatda yoxdur.
Səttar təkcə tələbələri ilə yox, rəssam dostları ilə də Azərbaycanın füsunkar təbiətli, görməli yerlərinə gedərdi. Hamı bir yerdə oturub yeyib- içəndə bir də görərdilər ki, Səttar aralarında yoxdur. Axtardıqları zaman isə onu xeyli aralıda bir ağacın altında oturub gözləri uzaqlara dikilmiş nəsə fikirləşdiyini görərdilər.
    Belə gəzintilərin birində Göygöldə olarkən, o yenə hamıdan aralıda oturub hey nəsə düşünürdü. Elmira xanım Şaxtaxtinskaya həyat yoldaşı Oqtay Sadıqzadəyə dedi:
- Oqtay, gəl, gedək Səttarın yanına. Bax, orda tək oturub. Hava da sərinləşib, o isə nazik bir köynəkdədir, qorxuram ona soyuq dəyər.
Oqtay:
  - Bilirsən, Elmira, əgər Səttar tək oturubsa, deməli ona belə xoşdur və yaxud kimsə onun qəlbinə dəyib, o da incidiyi üçün kənara çəkilib. Nə bilirsən bəlkə də bu dəqiqə onun o ala gözləri artıq hansısa təbiət mənzərəsinin eskizini beyninə köçürür. Amma sən düz deyirsən, havanın sərinliyindən o xəstələnə bilər. Mənim jaketim mənə bəsdir, gəl pencəyimi aparaq qoy atsın çiyninə.
Cütlük Səttara yaxınlaşarkən onun dizlərini qucaqlayaraq yaşıl otların üzərində oturub uzaqlara baxdığını gördülər. Səttarda insanları tanıma qabiliyyəti güclü idi və heç vaxt yaltaq, ikiüzlü və s. xüsusiyyətlərə malik olanlarla yoldaşlıq edə bilmirdi. Onları bu xasiyyətlərinə görə danlayar və onlarla acıdil olardı. Buna görə belələri Səttarı xoşlamırdı. Amma qadınlara qarşı Səttar həmişə çox mədəni və diqqətli olurdu. Qadınlar onu görəndə bilirdilər ki, yanlarında hər zaman qayğılarını çəkəcək, səmimi biri var. Elmira da Səttarın bu nəcib xasiyyətinə görə ona hörmət edir və xətrini çox istəyirdi. Onların arasında böyük dostluq yaranmışdı və bu dostluqda Oqtay da kənarda qalmamışdı. Ər- arvad ikisi də ona qayğı ilə yanaşırdılar.
Bu üçlüyün dostluğundan Maral daha çox qıcıqlanırdı, sanki köhnə dostunu bir kimsə ilə bölüşmək istəmirdi. Bir dəfə bu barədə Səttara da eyham vuraraq Maral demişdi:
    - Səttar, özünə təzə dost- rəfiqələr tapandan sonra bizləri yavaş-yavaş unutmağa başlamısan. Məsəl var, deyərlər, hər şeyin təzəsi, dostun köhnəsi.
Səttar da onun bu yersiz qısqanclığını cavabsız qoymayıb demişdi:
   - Bu məsəli məncə Moskvada yaddan çıxarmışdın. Deyəsən axı, oralarda da mən sənin köhnə, İqor isə təzə dostun idi.
     Səttarın yerində verdiyi cavabın müqabilində Maral susmuşdusa da Elmira ilə yola getmirdi.
Nə isə... Səttar o qədər düşüncələrə dalmışdı ki, Oqtayla Elmiranın gəlişini heç hiss etmədi. Yalnız Oqtayın pencəyi onun çiyninə salmasından sonra onları fərq etdi və Kəpəz dağının ağaclarının əksi düşən Göygölü onlara göstərib dedi:

40

   Bayaqdan Kəpəzə baxıram və bilirsiniz ağlıma nə gəlir? Deyirəm, bəlkə elə bu göl Kəpəzin göz yaşından əmələ gəlib. Görün. əsrlər boyu nələr görüb, nə zülmlər, nə haqsızlıqlar, nə bəlalar çəkib başı və səslənməyə, hayqırmağa utanıb səsini içinə qısıb gizlincə ağlayıb. O qədər əzab-əziyyət çəkib, dərd görüb ki, onu heç kəsin duymadığını bilib için-için sızıldayıb elə hey ağlayıb və nəticədə bu gözəl göl yaranıb. İndi Kəpəzdən soruşsalar ki, dərdin nədir, susacaq, danışmayacaq, çünki dərdi anlayana deyərlər. İndiki dövrdə anlayan hanı? Bir insan ömrü çəkdiyi dərdlərə dözmür, bəs səkkiz əsrlik yaşı olan Kəpəz neyləsin?
Oqtayla Elmira Səttarın bu şairanə çıxışını dinləyib bir-birinə baxdılar və Oqtay əlini Səttarın çiyninə qoyub dedi:
     - Dostum, bu o deməkdir ki, yeni bir gözəl rəsm əsəri yaranmaq üzrədir.
    - İstəyirsiniz adını da mən deyim “Kəpəzin göz yaşları”, -deyə Elmira əlavəsini etdi. Səttar, gəl bir az yemək ye. Öz qayğına da qal. Oturub Kəpəzin dərdini çəkirsən, amma özünü unudursan, belə olmaz axı. O ki, qaldı dərd çəkməyə sən də içinə çox yığırsan qəmini, kədərini. İnsan dərdini paylaşdıqca yüngülləşər. Niyə bizimlə bölüşmürsən, məgər biz dost deyilik?
- Dostlarım, əzizlərim, hansını deyim? Elə götürək çəkdiklərimi. Siz tərifləyirsiniz, amma onlar... Əgər mənim çəkdiyim şəkillər sizin dediyiniz kimi gözəl olsaydı Rəssamlar İttifaqının komissiya üzvləri onları qəpik-quruşla qiymətləndirməzdilər. Məndən zəif çəkənlərə, əlinə hələ dünən fırça alanlara – tələbələrimə mənim rəsmlərimlə müqayisədə daha yaxşı pul verirlər. Məni yandıran pul deyil, saymaqdır. Məsəl var, deyərlər, qarnım üçün deyil, qədrim üçündür. Axı mən bilirəm nə çəkirəm. Ya onlar anlamır, ya da məni incitmək üçün qəsdən haqqımı kəsirlər. Çünki mən nöqsanlarını üzlərinə deyirəm, əyilmirəm, yaltaqlanmıram, onların istədiklərini çəkmirəm. Belə yerdə şairimiz Bəxtiyar Vahabzadə gözəl deyib:

Gözlər ağlamasın, gözlər neyləsin,
Sən qaşa verəndə göz qiymətini.

Amma eybi yox, qoy onlar elədiklərini eləsinlər, mən bilirəm ki, vaxt gələcək əsl sənət sərrafları mənim rəsmlərimi qiymətləndirəcək və bu rəsmlərim dünyanın sərgi salonlarının bəzəyi olacaq.
Oqtay, vaxtilə sənin atan, rəhmətlik Seyid Hüseynin Mirzə Ələkbər Sabirə etdiyi yaxşılıqdan indi də danışırlar. Sabirin də sağlığında qiyməti yox idi. Amma sonra...
Sabir firavan yaşasaydı uzun ömür sürə bilərdi. Lakin Bakıdakı harın milyonerlər aşnalarına xərclədikləri min-min manatların bir manatını da ona qıymadılar. Sabirin müalicə xərclərini isə bir xanım, Mirzə Cəlilin həyat yoldaşı Həmidə xanım Məmmədquluzadə öz üzərinə götürdü.
Sağlığında kitabını görmək ona qismət olmamışdı. Bu barədə Seyid Hüseynin xatirələrində oxumuşam.
Seyid Hüseyn bir gün Sabirin qolunda qovluq onun yanına gəldiyini deyir. Şair Seyid Hüseyndən xahiş edir ki, qovluqdakı şeirlərə baxsın, bu şeirlərdən ibarət olan kitabın qiymətini şairə desin.
Seyid Hüseyn 400 manatdan artıq bir məbləğ hesablayır. Amma Sabirə 300 manat deyir. Sabirin isə bu qədər pulu olmur.
            1911-ci ilin 12 iyulunda şair gözlərini yumdu. 1912-ci ildə isə kitab çap edildi. Kitabda Sabirin 110 satirası yerləşdirilmişdi. Bu pulu toplamaq üçün onun əqidə dostları, həmçinin də sənin atan çox əziyyət çəkdilər.
Oqtay nəyisə xatırlayırmış kimi dedi:
- Bu söhbətdən xəbərim var. Düz deyirsən, indi Sabirin şeirlərini uşaqdan böyüyə hamı əzbər bilir, hətta məktəbdə dərsliklərə salınıb.Əslində sənətkarı vaxtında qiymətləndirmək lazımdır ki, o daha da ruhlansın və yeni- yeni əsərlər yarada bilsin.
Dərin bir sükutdan sonra Elmira dilləndi:

41

- Səttar, sən ki bu qədər şəkil çəkmisən, onlardan ən çox hansını özün bəyənmisən? Şəxsən mənim üçün hamısı biri-birindən gözəl, mənalıdır. Bəs sənin üçün?
Səttar papirosunu yandırıb cavab verdi:
- Hə, rəhmətlik Mirzə Ələkbər Sabir bu yerdə də yaxşı deyib:
Günlərin bir günü Sabirdən soruşurlar: -Şerlərinizin hansını çox bəyənirsiniz? Sabir isə deyib: - Heç birini. Bəyəniləsi şerləri sonralar yazacağam.
İndi də mən özüm əslinə qalsa çəkdiklərimi çox da bəyənmirəm. Gileylənməyimə baxmayın, mən başqaları ilə müqayisədə bilirəm ki, rəsmlərimin qiyməti nədir. Amma özüm, hələ istədiyimi çəkməmişəm. Neçə illərdir bir insanın cizgilərini əks eləmək istəyirəm, amma ürəyim gəlmir, qorxuram ona layiq olmasın, çünki o mənə hamıdan əzizdir. İllərlə surətini göz önündə, yaddaşımda saxlayıram ki, bəlkə ilhama gəlib nəsə yarada bilim, amma cürət edə bilmirəm.
Elmira səbirsizliklə:
- Oooo! Səndə sirlər varmış xəbərimiz yox. Kimdir görəsən, bu qiymətli gövhər ki, qardaşımızın ürəyini fəth edib.
Səttar gülümsünüb dedi:
- Mənim anam. Elə bir şey çəkmək istəyirəm ki, ona layiq olsun. Siz Cəfər Cabbarlının “Ana” şeirini bilirsinizmi?

... Cahanda yox elə bir qüvvə baş əyim ona mən,
Fəqət nə güclü, zəif bir vücud var, yahu,
Ki, hazıram yaxılıb xaki-payinə hər gün
Öpüm ayağını icz ilə. Kimdir o? Nədir o?
ANA! ANA!.. O adin qarşısında bir qul tək
Həmişə səcdədə olmaq mənə fəxarətdir,
Onun əliylə bəla bəhrinə yuvarlansam
Yenə xəyal edərəm bəzmi-istirahətdir...

Bu dəfə Oqtay Sadıqzadə Səttarın bu gözəl şeir oxumasından sonra Elmiranın məst olmasını görüb dilləndi:
- Çox gözəl şeir və ifa. Afərin. Mən inanıram ki, sən elə bu şeirin təsiri altında möhtəşəm bir sənət əsəri yaradacaqsan.
- Mən anamın timsalında həm də Azərbaycanı təmsil etmək istəyirəm – iki anamı bir tabloda. Görək necə olacaq. Hələki fikirləşirəm, deyə Səttar gözlərini uzağa zilləyərək gələcək işindən danışdı.
- Bura bax, qardaş, eşitdim bu yaxınlarda Gülbaharla Pirquluya getmisən. O, Elmiraya danışıb sənin yaratdığın gözəlliklərdən. Bu Pirqulu macərasından bəlkə bizə də danışasan?- deyə Oqtayın verdiyi sual Səttarı düşüncələrindən ayırdı.
Səttar gülümsünüb dedi:
- Elmira kimi, Gülbahara da mən bacımdır, demişəm, hər ikisi mənə əziz və doğmadır. Hərdən deyirəm ki, mən xoşbəxt rəssamam, vallah. Gör, bu qədər rəssam dostlarımızın içində kimin qayğısına mənim qədər qalan var. Hansına soyuq olanda çiyninə pencək salırlar və ya evlərində çay- yemək süfrəsində olurlar. Hə? Sizdən soruşuram, amma mənim bu bacılarım mənim hər qayğıma qalırlar.
May ayında redaksiyadan Gülbaharı Şamaxıya ezam eləmişdilər. Gedər, Pirquluya çatanda lalələri görüb sürücüyə deyər ki, qayıdaq geri. Gəlib məni tələsdirər ki, tez ol, götür “silah” ını min maşına. Pirquluda laləri görəndə heyrətdən ağzım açıla qaldı. Hər tərəf al qırmızı güllərlə əhatələnmişdi, sanki lalə zəmisinə düşmüşdüm. Təkcə bunu deyə bildim: Laləzarlıq. Gülbahar məni maşından düşürtdü və üç saatdan sonra məni qayıdıb götürəcəyini vəd edib getdi. Mən elə bil cənnətə düşmüşdüm. Günəşin işığı lalələrin rənginə xüsusi parlaqlıq verirdi. Müxtəlif rakuslardan

42

istədiyim effekti almaq üşün lazımi etüdlər çəkməyə başladım. Bu üç saat nə vaxt bitdi, xəbərim olmadı. Bir də gördüm ki, maşın gəlib yanımda dayandı və Gülbahar düşdü:
            - Nə oldu, bir şey çəkə bildin? Aman, Allah, bu nədir, Səttar, sən bir sərgilik şəkil çəkmisən ki?
     Mən isə ona yalvarışlı baxışlarla dedim:
- Bacı, hələ işimi tam bitirməmişəm, sən qayıt Bakıya. Bu gözəlliyi əldən verə bilmərəm, hava hələ işıqdır, burdakı sarı gülləri görürsən nə gözəldir? Nə olar, imkan ver onları da çəkim, mənə hələ üç gün də vaxt lazımdır. Bu vaxt Elmira dedi:
- Gülbahar bunları bizə danışmışdı. Hətta ona sonradan “sənin haqqındır” deyə bir neçə tablo bağışladığını da söyləyib. Deyir Səttar lalələri görəndə uşaq kimi sevinib o tərəf bu tərəfə qaçırdı. Elə bil qorxurdu ki, güllər bir anlığa yox olub uçacaq.
Oqtay əlini Səttarın çiyninə qoyub dedi:
    - Kef səneee, Səttar. Sənin əsl rəssam olmağına səbəb fitri istedadın, bir də gözəllik aşiqi olmağındır.
Səttar başını aşağı salıb gülümsədi və:
- Bir məşhur deyim var: “Uğur zəngin təcrübənin məhsuludur, zəngin təcrübə isə kobud səhvlərin”. Təbii ki, mənim də səhvlərim var. Mənim bir rəssam kimi yetişməyimdə isə üç müdrik sənətin: qədim xalça və miniatür sənətimizin, bir də ki, Füzulinin odlu-alovlu poeziyasının böyük təsiri olub. Amma sən düz deyirsən, mən Füzuli qədər olmasam da gözəllik aşiqiyəm...
Elmira Səttarın söylədiklərinə öz əlavəsini edərək dedi:
    - Başqa bir gözəllik aşıqi də hal-hazırda Xınalıqdadır. Nədənsə Xınalıq onun diqqətini yaman çəkib. Ordakı üzüm salxımına bənzər evlər, dağlar, dar keçidlər onun yaman xoşuna gəlib. Elə hey, oralardan silsilə şəkillər çəkir.
     Səttar dilləndi:
- Maral da istedadlı rəssamdır. Onun Qobustanla bağlı, bir də Neft daşlarıyla bağlı rəsmləri həqiqətən maraqlı işlərdir.
Elmira:
- Özü deyən-gülən, şən, zarafatcıl, amma heyif ki, bəxti gətirmədi. Yoldaşından ayrıldıqdan sonra bütün həyatını bacılarının təhsilinə, bir də sənətinə həsr elədi. Görəsən, niyə sonradan ailə qurmaq istəmədi? Təklik qadın üçün çox çətin məsələdir.
    Səttar:
    - Onun rus millətilə ailə qurması həyatına böyük zərbə oldu, buna görə heç kim ona yaxın düşmədi. Yoxsa onun heyranları çox idi. Sonradan hamı yoxa çıxdı. O ki qaldı təkliyə, niyə tək olur ki? Bir bacısı Xanımın həyat yoldaşı heykəltəraş Fuad Əbdürrəhmanovdur. O, “Azad qadın” heykəli var ha, düzdür, hələ üzə çıxarmayıblar. Amma bu yaxınlarda şəhərin görkəmli yerində qoyacaqlar. Bax, o, heykəli Xanımın silueti əsasında düzəldib. Digər bacısı Cəmilə Sabit Rəhmanın oğlu, bəstəkar Emin Sabit oğlu ilə ailə qurub. Məryəm bacısı isə bir gürcüyə ərə gedib. Yəni dediyim odur ki, tək deyil, dövrəsində yeni qohumları da sənət adamlarıdırlar. O, tək deyil, tənhadır. Tənhalıq isə nə deməkdir, onu yalnız tənhalar yaxşı bilər...
Heç mən də tək deyiləm. Əvvəla mənim sizin kimi dostlarım var. Bir də məni evdə gözləyən bacım oğlu Rafael, mənə əsl sevinci dadızdıran insan...
    Həyat insanı hər cürə çətinliyə hazırlayır. Maral da çox əziyyətlərdən keçdi və bu gün ayaq üstə dayana bilirsə demək möhkəm adamdır. Bakıya qayıdan kimi gərək gedib ona baş çəkim.
Səttar rəssam dostları ilə birlikdə Bakıya gecə çatdılar. Oqtayla Elmira onu tək buraxmayıb evlərində gecələməyi təklif etdilər.
    Göygöl sahilində edilən maraqlı söhbətlər burda da davam etdi...

43


Popular Posts