Eldar Mikayilzadə

Eldar Mikayilzadə


  Mikayılzadə Eldar Hidayət oğlu 1956-cı il yanvar ayının 18-də Bakının Əmircan kəndində anadan olmuşdur. Kənddəki 97 və 226 saylı məktəblərdə natamam orta təhsil almışdır. 1971 – 1975-ci illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinin Rəngkarlıq fakültəsini, 1978 – 1983-cü illərdə isə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU) Dekorativ Tətbiqi Sənət fakültəsini Xalçaçılıq ixtisası üzrə bitirmişdir. Təhsilini o vaxtkı Leninqrad Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda davam etdirmişdir. 1984-cü ildən xalçaçı-rəssam kimi peşəkar fəaliyyətə başlamışdır. 1983 – 1986-cı illərdə Azərbaycan SSR EA-nın (indiki AMEA) Memarlıq və İncəsənət institutun xalçaçılıq şöbəsində kiçik elmi işçi, 1986 – 1990-cı illərdə “Azərxalça” Elmi Yaradıcılıq İstehsalat Birliyində baş rəssam kimi çalışmışdır. Əmək fəaliyyətini həmin birlikdə baş direktorun müavini, baş direktor vəzifələrinin icraçısı olaraq davam etdirnişdir. Sonralar özünün “Xalı” şirkətini yaratmışdır. 1993 – 2018-ci illərdə Qafqaz Müsəlmanları İdarəsinin Mədəniyyət işləri üzrə sədr müavini olmuşdur. 2005-ci ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında pedaqoji fəaliyyətə başlamışdır. Hazırda “Dekorativ-tətbiqi sənət” fakültəsi “Bədii toxuculuq və xalça sənəti” kafedrasının baş müəllimidir.
Eldar Mikayilzadə 1977-ci ildə yaratdığı ilk sənət əsərini doğma kəndinə həsr etmiş və onu “Yeni Xilə” adlandırmışdır. Bundan başqa o, “Bütöv Azərbaycan” (1981), “Şəbi-hicran” (1981, 2006), “Azərbaycan nağılları”, “114. Bismillah”, “Əfşan” (1983, 1995, 1996), “Nağıllar aləmi” (1983), “Rəsul Həmzətov” (1983), “Azərbaycanın musiqi korifeyləri” (1985), “Azərbaycanın poeziya korifeyləri” (1985), “Lətif Kərimov” (1986), “Şam (Füzuli)” (1989), “Xətai” (1990), “Bürclər” (1991, 2000), “Suliddin” (1991), “Xəmsə” (1990), “Sirlər xəzinəsi” (1992), “İslam” (1992), “Təbriznamə” (1993), “Namazlıq” (1993), “Hillari Klinton” (1994), “İthaf” (1995-1997), “Xilaskar” (1995-1997), “Moskvanın və bütün Rusiyanın patriarxı Aleksiyin portreti” (1997), “Üç din” (1998), “Peyğəmbərlərin şəcərəsi” (1998), “Tövrat” (1999), “Bütün Qafqazın şeyxülislamı Hacı Allahşükür Paşazadənin portreti” (1999), “İsanın zühuru” (2000), “Akademik Midhət Abbasovun portreti” (2000), “Bismillahir-rəhmanir-rəhim” (2003), “Üç peyğəmbər” (2004), “Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev” (2003, 2008), “Pirəbədil” 2009), “Yaranış” (2010), “Kəhkəşan” (2012) və s. xalçaların müəllifidir. O, müəllimi Səttar Bəhlulzadəyə 4 xalça həsr etmişdir: “Səttar dünyası” (1979), “Səttar Bəhlulzadə və dostları” (1982), “Səttar” (1999) və “Səttarın arzusu” (2012). Sonuncu xalçanın kompozisiyasında dahi rəssamın 36 rəngkarlıq əsərindən istifadə olunmuşdur.

Eldar Mikayilzadə 1978-ci ildə “Bakı” adlı xalça ilə ilk dəfə respublika sərgisində iştirak etmişdir. 1983-cü ildə Beynəlxalq Xalça Simpoziumunda ilk dəfə Beynəlxalq sərgidə iştirak etmişdir. Londonda (1991), Moskvada (1992), Parisdə (1993), İstanbulda (1995), Brüsseldə (1996) fərdi sərgiləri təşkil olunmuşdur. 2010-cu ilin mayında Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində “Dahilərə ithaf” adlı sərgisi keçirilmişdir. Əsərləri Rusiya, Böyük Britaniya, Fransa, Türkiyə, Səudiyyə Ərəbistanı, Küveytdə şəxsi kolleksiyalarda və muzeylərdə saxlanılır.



Eldar Mikayılzadə xalça motivlərindən istifadə edərək 1992-ci ildə tədavülə buraxılmış milli valyutanın eskizlərinin müəllifidir. O, AXC dövründə yaradılmış gerb layihəsində müəyyən dəyişikliklər etmiş, alovun yerinə alov dilləri ilə “Allah” kəlməsini yazmışdır.
Eldar Mikayilzadə 1984-cü ildən Azərbaycan Rəssamlar İttifaqının, 1986-cı ildən keçmiş SSRİ Rəssamlar İttifaqının, 2004-cü ildən Rusiya Rəssamlar İttifaqının və YUNESKO yanında Rəssamlar Birliyinin üzvüdür. Müəllifi olduğu “Yaranış” xalçası Frankfurtda, “Kəhkəşan” xalçası isə Amerikada keçirilmiş beynəlxalq sərgilərdə qızıl medala layiq görülmüşdür. Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 27 may 2018-ci il tarixli Sərəncamı ilə ona “Xalq rəssamı” fəxri adı verilmişdir.






Mənbə: facebook /Əmircan ensiklopediyası.

Popular Posts