"Azərbaycan musiqisi və təsviri sənət" mündəricat və ön söz

SƏADƏT ABDULLAYEVA 

AZƏRBAYCAN MUSİQİSİ VƏ TƏSVİRİ SƏNƏT


BAKI - 2010 

 Müəllif valideynlərinin əziz xatirəsi naminə kitabın nəşrinə köməkliyini əsirgəməyən Mütəllim bəyə öz dərin minnətdarlığını bildirir

 Elmi redaktorlar:  Azərbaycan Respublikasının xalq artisti, sənətşünaslıq doktoru, professor Ramiz Zöhrabov sənətşünaslıq doktoru Cəmilə Həsənzadə 

 Rəyçilər: Azərbaycan Respublikasının xalq artisti, professor Firəngiz Əlizadə Azərbaycan Rəssamlar İttifaqının üzvü, musiqişünas Xatirə Həsənzadə Abdullayeva S.A.

 Azərbaycan musiqisi və təsviri sənət. Bakı, “Oğuz Eli”, 416 səh.

 Kitabda Azərbaycan musiqili folklor nümunələrinin, mahnı, rəqs, muğam, aşıq yaradıcılığı, ifaçı, çalğı aləti, ansambl, bəstəkar, dirijor və eləcə də musiqi anlayışlarının təsviri incəsənətin boyakarlıq, heykəltəraşlıq, qrafika və dekorativtətbiqi sənət növlərində əks olunma xüsusiyyətləri musiqişünas baxışı ilə şərh olunur. Kitabın əsas qayəsi – sənət adamlarının yaradıcılığı ilə əlaqədar mövzuların seçilməsində yardımçı olmaqdır. Kitab incəsənətin müxtəlif sahələrində çalışan sənətşünaslar, musiqişünaslar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. 

 qrifli nəşr © Səadət Abdullayeva, 2010


 MÜNDƏRİCAT
 ÖN SÖZ 
4
 MUSİQİLİ FOLKLOR 
13
 DƏDƏ QORQUD VƏ QOPUZ 
64
 AŞIQ VƏ SAZ 
78
 MUĞAM 98 RƏQS 
111
 İFAÇI 141 ÇALĞI ALƏTİ 
210
 ANSAMBL 
261
 BƏSTƏKAR VƏ DİRİJOR
 293
 MUSİQİ ANLAYIŞI 
367 
SON SÖZ
 378

 İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT VƏ QAYNAQLAR
 380 
İLLÜSTRASİYALARIN SİYASİSİ 
388
 RƏSSAM, HEYKƏLTƏRAŞ, QRAFİK VƏ DİZAYNERLƏRİN ƏLİFBA GÖSTƏRİCİSİ 
405
 РЕЗЮМЕ 410 SUMMARY 
413 



3


 Ön söz 
Azərbaycan Bəstəkarlar İttifaqının yaradılmasının 75 illiyinə ithaf olunur

ÖN SÖZ
     Folklor və klassik poeziya ilə sıx əlaqədar olan Azərbaycan xalq, xalq-professional və şifahi ənənəli professional musiqisinə məzmun, xarakter, ifa
tərzi və melodik xüsusiyyətlərinə görə bir-birlərindən seçilən mahnı, aşıq hava-
ları, rəqs musiqisi və muğam aiddir.
    Milli musiqimizə əmək, mərasim, məişət, adət-ənənə və tarixi qəhrəman-
lıqlarla bağlı 2400-dən çox mahnı, 500-dən artıq rəqs havaları, 7 əsas və 5 kiçik həcmli muğam, 10 zərbi-muğam, 100-dən çox aşıq havaları və onların variantları daxildir. Göründüyü kimi, musiqimiz zəngin və çoxşaxəlidir.
     Xalqın milli sərvəti olan çalğı alətləri isə mədəniyyətimizin çoxəsrlik inkişaf yollarını və durumunu əks etdirən əyani göstəriciləridir. Xalq musiqisinin ifasında səslənən simli, nəfəs, zərb və özüsəslənən çalğı alətlərimizin hərəsinin özünə məxsus səsi, ifa tərzi və yeri vardır.
Orta əsr musiqişünaslarımızın risalələri, maddi-mədəniyyət abidələri, klassik şairlərimizin şeirləri, rəssamlarımızın çəkdikləri miniatürlər, divar rəsmləri, muzey kolleksiyaları və ölkəmizə səyahət etmiş müxtəlif peşə sahiblərinin yol qeydləri, müxtəlif dövrlərdə Azərbaycanda 90-a yaxın çalğı alətindən istifadə olunmasını təsdiqləyir. Lakin çox təəssüf ki, onların əksəri zaman axarında unudularaq sıradan çıxmışdır.
    Hal-hazırda Azərbaycanda ən çox yayılan tarın geniş diapazonu, ahəngdarlığı, çoxsəsli akkord və virtuoz passajların çalınmasının mümkünlüyü, onu muğamların əvəzsiz ifa alətinə çevirmişdir. Saz insanı düşündürməyə, emosional hisslərə qapılmağa sövt edir. Udun yumşaq, qanununun isə incə səsinə saatlarla qulaq assan belə doymaq olmur. Balaban və neydə səslənən
həzin lirik havalar insanı məftun edir. Çoban bayatıları elə bil tütək üçün nəzərdə tutulmuşdur.
4
Ön söz
Zurnanın möhtəşəm sədaları insanları cuşa gətirir, onları mübarizəyə səsləyir. Mərasim tamaşalarında iştirak edən zurnaçılar dəstəsinin çıxışı hamıda sevinc, xoş əhval-ruhiyyə hissi oyadır. Toy və el şənliklərində aşıqlar sazda qoşduğu havalar üstə müxtəlif şeir növləri (qoşma, gəraylı, bayatı, divani, ustadnamə, qıfılbənd, hərbi-zorba, gözəlləmə, vücudnamə, dodaqdəyməz, dildönməz, qo-şayarpaq, təcnis, müxəmməs və zəncirləmə) oxuyur, qəhrəmanlıq, məhəbbət, ailə-əxlaq mövzusunda dastan, rəvayət, hekayə və nağıllar söyləyirlər. Tulumçu dəstəsi yallı gedənləri müşayiət edir. Qarmonun şirin dilləri, nağara, qoşanağara və dümbəkdə vurulan ritmlər adamı, necə deyərlər, yerində oynadır.
Muğam, xalq mahnıları və aşıq havalarını ifa edən, milli çalğı alətlərində ifaçılıqda şöhrət qazanmış mahir musiqiçilərimizin, habelə rəqs ustalarımızın adları keçmişdə olduğu kimi, indi də respublikamızda və ondan kənarda da məşhurdur. Onların adlarını sadalasaq bir neçə səhifəyə sığışmaz.
    Xalq musiqisi kimi, təsviri sənət də çox şaxəlidir. Bura boyakarlıq (rəngkarlıq), heykəltəraşlıq, qrafika, qliptika, dekorativ-tətbiqi, bədii foto sənəti, rəqəmli təsvir və kompüter qrafikası daxildir.
    Əsrlər boyu Şərq boyakarlığı təsviri sənətinin özünəməxsus növü olan miniatür əsasında inkişaf etmişdir. Bu sənətin Yaxın, Orta Şərq, Mərkəzi Asiya və Hindistanın mədəniyyət mərkəzlərində kompozisiyaların düzülüşü və rənglərin əlvanlığı ilə seçilən öz məktəbləri (Təbriz, Şiraz, Herat, İsfahan, Məşhəd, Buxara, Moğol) inkişaf etmişdir. Onların arasında istedadlı rəssam Sultan Məhəmmədin (1470-ci illərin sonu - 1555) başçılıq etdiyi Təbriz məktəbi daha məşhur idi. Bu məktəbə daxil olan rəssamların çəkdikləri miniatürlər Şərq poeziyasının klassikləri – Firdovsi, Nizami, Xosrov Dəhləvi, Əbdürrəhman Cami, Əlişir Nəvai, Şah İsmayıl Xətai, Fizuli və başqalarının əsərlərinin xəttatlar tərəfindən köçürülən əlyazmalarını bəzəmiş, onlara xüsusi gözəllik və rövnəq vermişdir. Əlyazmaların həcmindən asılı olaraq şəkillərin sayı müxtəlif idi. Ən çox (2000-ə yaxın) miniatürü olan Firdovsinin “Şahnamə” epopeyası və Nizaminin “Xəmsə”si seçilir.
   Rəssamlar fırçaları ilə oxuduqları misralara və əsərlərdə cərəyan edən hadisələrə öz münasibətlərini bildirmişlər. Onların yaratdıqları əsərlərdə insana
xas olan cəhətlər, məişət səhnələri, saray təmtərağı və hərbi döyüş anları əks olunmuşdur. Bununla da, rəsm əsərləri cəmiyyətin mənəvi və maddi aləmi haq-
qında məlumat verən qiymətli mənbəyə çevrilmişdir. Belə ki, miniatürlərə görə orta əsr dövrünün baş örtükləri, paltarları, hərbi geyimləri və silahları, ovçuluq ləvazimatı və s. ilə yanaşı mövsüm, ailə-məişət mərasim və şənliklərdə, mey-
dan tamaşaları, oyun və əyləncələrdə, şadlıq məclislərində, hərbi döyüşlərdə və
ovda səslənən müxtəlif çalğı alətləri haqqında dəyərli məlumatlar əldə etmək
5

Ön söz
mümkündür.
    Miniatürlərə əsasən ifa olunan musiqi haqqında konkret mühakimə yürütmək mümkün olmasa da, çalğı alətlərindən (xüsusən nəfəs və zərb) çıxan səslərin ucalığı barədə müəyyən fikir söyləmək olar. Bundan başqa, miniatürlər çalğı alətlərinin yayılma məkanı və inkişafının öyrənilməsində böyük əhəmiyyət kəsb edir. Onlara əsasən, zaman çərçivəsində alətlərin xarici görünüşlərinin dəyişməsini izləmək mümkündür və qismən də olsa cəmiyyətin geniş kütlələrinin həyatında musiqinin rolunu dərk etmək olur.
Miniatürlərə görə, başqa mənbələrdən fərqli olaraq, çalğı alətlərinin xari-ci görünüşü, konstruktiv elementləri (çanaq, üz-deka, qol, kəllə, aşıx, sim və pərdələrin sayı), quruluş xüsusiyyətləri, çalınma tərzi haqqında əyani məlumat əldə etmək olar. Çalğı alətlərini ifaçıların özü və ya miniatürdə əks olunmuş baş-qa əşyalarla müqayisə edərək, onların ümumi və müxtəlif hissələrinin ölçüləri haqqında da fikir yürütmək mümkündür.
    Şəkillərdə əks olunan eyni çalğı alətlərinin müqayisəsi, onların çanaq-larının forması, simlərinin sayına görə fərqlənən növlərini ayırd etməklə yanaşı, inkişafını da izləmək olur. Təsvir edilmiş musiqili məclislərdə səsləndirilən çalğı alətlərinə əsasən ansamblların növləri və tərkibi barədə bilgi əldə etmək olar. Miniatürlərdə orta əsrlərdə Azərbaycanda keçirilən musiqi ilə müşayiət olunan mövsüm mərasim və şənliklərinə, Novruz bayramı ərəfəsində göstərilən tamaşa və oyunlara (“Təkə oyunu”, “Cütcü şumu”, “Çövkən”), eyş-işrət, şadlıq məclislərinə, dəbdəbəli qarşılanma, döyüş və ov səhnələrinə və eləcə də rəqslərə geniş yer verilmişdir.
   XVIII əsrin sonu – XIX əsrin birinci yarısında Avropa boyakarlığının təsiri ilə rəssamlıqda Qərb və Şərq ənənələrini özündə birləşdirən, yəni əlvan rəng, geyimlərin dəqiq təsviri ilə seçilən yeni rəngkarlıq nümunələri yaradılır. Bu dövrdə əsasən çalğı alətlərini səsləndirən qadın surətləri çəkilir. Tədricən müasir boyakarlıq növləri inkişaf edir. Onlarda da müxtəlif musiqi səhnələrinə geniş yer verilir.
    Obyektiv varlığı – insanı, təbiəti, real həyat hadisələrini, mifoloji surətləri kətan, divar, ağac, şüşə və s. üzərində rəsm və rənglərlə əks etdirən boyakar- lıq təsviri sənətin əsas növlərindən biridir. Boyakarlığın təsvir vasitələri kompozisiya, xətt, işıq-kölgə, rəng və fakturadır. Bədiilik, canlılıq, ifadə gözə-lliyi isə bu sənətin əsas əlamətləridir. Onu ərsəyə gətirəndə ideya, mövzu, süjet və xarakterlərin vəhdətinə çalışırlar. Boyakarlığın monumental (freska, mozaika, vitraj, mayolika - kaşı), dekorativ (müxtəlif məişət qablarının bəzəkli naxışlarla işlənməsi), teatr-dekorativ (səhnə tamaşaları və kinofilmlərin bədii tərtibatı ilə
əlaqədar işlənilən dekor, əlbəsə və təsvirlər) və molbert adlanan xüsusi dəzgaha
6
Ön söz
bənd edilən kətan, taxta lövhə, karton və s. üzərində əsasən yağlı boya və həmçinin tempera (su və yumurta sarısı, yağ ilə qarışdırılaraq suda həll edilmiş bitki və yaxud heyvandan alınan yapışqanla rənglərin qarışığı ilə), pastel (üzlüksüz quru, yumşaq rəngli karandaşlarla, əsasən ştrixlərlə), akvarel - sulu boya (adətən bitki yapışqanından hazırlanan rəngin su ilə qatışdırılması), quaş (buğda nişastası və başqa yapışdırıcı maddələr ilə narın piqmentdən suda hazırlanıb ağ mineral boyaqla qarışdırılan rəng), tuş (qara və başqa rəngli akvarel mürəkkəb) və mina (rəngli şüşə təbəqəsi) işləmə üsulları və rəqəm texnikası ilə çəkilən dəzgah növlərində musiqi səhnələri geniş əks olunmuşdur.
Məzmuna görə boyakarlıq sənəti baş verən hadisələri əks etdirən tarixi, mifoloji, insanların ailə, əxlaqi münasibətləri, gündəlik güzəranı ilə əlaqədar məişət, konkret şəxslərin surətlərini canlandıran portret, təbiətə həsr olunan – mənzərə, müxtəlif əşyaların təsviri – natürmort və batal (döyüş səhnələri) janrlarına bölünən təsviri sənət növlərində ön plana ifaçılar vasitəsilə musiqinin insanlarda yaradığı emosiya, xoş duyğular çəkilir. Rəssam elə bil səsin rənglərini görür. Onların qarşısında duran məqsəd – şəklə baxan tamaşaçıların musiqini duymasıdır. Ona görə də rəssamlar musiqinin ecazkar gücünü ifaçıların hərəkət və üzlərinin cizgiləri ilə vermək istəyirlər. İfaçının surətini və ya çalğı alətlərinin görünüşünü kətan üzərinə köçürən rəssam, bir qayda olaraq, onları dəqiqliklə verməyə o qədər də cəhd etmir. Yalnız xarakter cəhətlərini canlandırmağa çalışır. Səy göstərir ki, tamaşaçıda gördüyü şəkildən xoş təəssürat yaransın, onu düşündürsün.
     Rəssamlar ifaçını və çalğı alətini müxtəlif rakurslarda göstərərək, musiqi səhnələrinin insanlara təsir edən amilləri ön plana çəkirlər. Bu cəhətdən muğam və xanəndə mövzularında yaradılan tablolar səciyyəvidir.
     Boyakarlıq əsərləri sırasında bəstəkar, dirijor, xanəndə surətləri, tar, kamança və udu səsləndirən çalğıçılar, milli güləş ustalarının möhtəşəm görkəmləri böyük maraq doğurur. Toy səhnələrini, tamaşa və bayram səhnələrini canlandıran şəkillər də az deyildir. Portret janrında qopuzu əlində tutan və ya səsləndirən Dədə Qorqudun nurani sifəti canlandırılmışdır. Üzeyir Hacıbəyli, Müslim Maqomayev, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Mirzə Sadıq Əsəd oğlu, Qurban Pirimov, Bəhram Mənsurov, Hacı Məmmədov və Habil Əliyev kimi məşhur bəstəkar, dirijor və ifaçıların, xanəndələrdən Xan Şuşinski, Həqiqət Rzayeva və Sara Qədimovanın, müğənnilərdən isə Bülbülün, Rəşid Behbudovun və b. portretləri real görünür. Aşıq Qurbani, Aşıq Abbas Tufarqanlı, Aşıq Alı və
    Aşıq Ələsgər kimi ustad aşıqlarımızın surətləri çəkilmiş, aşığın ümumiləşdirilmiş obrazı yaradılmışdır. Müxtəlif çalğı alətlərini birləşdirən ansambl, zurnaçılar dəstələrinin, rəqqasələrdən Əminə Dilbazi, Roza Cəlilova,
7
Ön söz
Qəmər Almaszadə, Leyla Vəkilovanın və Rəfiqə Axundovanın çıxışları təsviri sənət nümunələrində canlılığı ilə seçilir.
    Vahid mühitdə qrup şəklində yerləşdirilən müxtəlif əşyaların təsviri verilən natürmortlar çalğı alətləri əsasında da işlənilmişdir. Bu vaxt təsvir obyekti kimi çalğı alətlərinin seçilməsində əsas meyar onların xalq arasında geniş yayılması, orkestr və ansamblların tərkibində daha çox istifadə olunması götürülmüşdür.
Emalatxanalarda tar və başqa çalğı alətlərini hazırlayan ustaların da surətləri çəkilmişdir.
    Həcmli (üçölçülü) təsvir prinsipinə əsaslanan incəsənət növü olan
heykəltəraşlıqda təsvir obyekti kimi əsasən insan surətləri, o cümlədən bəstəkar, dirijor, ifaçılar seçilir və plastik (gil, mum), bərk (daş, ağac, sümük və s.), materiallardan hazırlanan heykəltəraşlıq əsərləri yapma, yonma və kəsmə, metal, gips, betondan tökmə, metaldan döymə yolu ilə dairəvi, yəni ətrafına dövrə vurmaqla tamaşa etməyə imkan verən və relyef - barelyef (alçaq qabartma) və qorelyef (yüksək qabartma) şəklində yaradılır.
      Azərbaycanda heykəltəraşlıq sənətinin ilk elementlərinə Qobustan qaya təsvirlərində rast gəlinir. Qafqaz Albaniyası dövründə (IV-VII əsrlər) daş və metal üzərində qabartmalar - barelyeflər geniş yayılmışdı. Qəbirüstü daşlarda oymalar, naxışlar, at və qoyun heykəlləri ilə yanaşı, çalğıçılar və çalğı alətləri həkk edilmişdir.
Dövrümüzdə heykəltəraşlıqda Dədə Qorqud, dahi bəstəkar Üzeyir Hacıbəyli, məşhur müğənnilər Bülbül və Rəşid Behbudov, mahir və virtuoz tarzən Hacı Məmmədov, kaman ustası Habil Əliyev, Sarı Aşıq, Molla Cuma, Aşıq Hüseyn Bozalqanlı, Aşıq Hüseyn Saraclı və b. təsvir obyekti kimi seçilmişdir. Heykəltəraşlar tərəfindən yaradılan muğam sənətini yaşadan üçlük (xanəndə, tarzən və kamançaçı) öz emosiyalığı ilə seçilir. Zurnaçıların təsvirləri böyük maraq doğurur. Güləş və rəqs səhnələri və eləcə də çalğı alətləri heykəltəraşlıqda öz əksini tapmışdır.
     Görkəmli bəstəkarların (Üzeyir Hacıbəyli, Müslim Maqomayev) portretləri medalyer sənətində, yəni metaldan tökülən xatirə medallarında canlandırılmışdır.
     Musiqi mövzusu qrafikaya aid edilən əsasən kağız (bəzən perqament və parça) üzərində cizgi, xətt, ştrix və ləkələrlə əllə çəkilən rəsm, lövhə üzərində həkk edilmiş rəsmin basma (çap) üsulu ilə və rənglə örtülmüş yastı şəklin təzyiq altında metal, ağac, daş, linoleum və maqnezium üzərinə köçürülən qravüra, ofort, litoqrafiya, ksiloqrafiya, linoqravüra, eləcə də kitab qrafikası, karikatura, plakat, kitab sahibinin adı yazılan və simvolik şəkil çəkilən bədii kitab nişanında – ekslibrisdə də yer almışdır.
8
Ön söz
    Qrafik əsərlərdə əsasən xalq tamaşaları, muğam sənəti, çalğıçı, ansambllar, rəqs səhnələri, çalğı alətləri, onları emalatxanada hazırlayan ustaların və eləcə də Aşıq Ələsgər, Aşıq Pərinin və Aşıq Alının surətləri əks olunmuşdur.
Musiqi sənətinə həsr olunmuş atlas, kitab və məcmuələrin üz qabığının bədii tərtibatında təsviri sənətin müxtəlif növlərində işlənmiş şəkillər geniş yer almışdır. Əsərin məzmuna uyğun olaraq çalğı alətlərinin ümumi görünüşü, konturları, ənənəvi muğam üçlüyündə səsləndirilən, əsər qəhrəmanının istifadə etdiyi alətlərin şəkillərindən istifadə edilmişdir.
İctimai-siyası və məişət mövzulu satirik və ya yumoristik rəsmlərlə şarj və qrotesk (insanların və ya əşyaların fantastik böyüdülmüş, eybəcər-komik şəkildə verilməsi) vasitələri ilə nəzərə çatdıran karikaturalarda, xüsusən Azərbaycanda ilk illüstrasiyalı “Molla Nəsrəddin” satirik jurnalında verilmiş təsvirlərdə xalqın gündəlik həyatında rast gəlinən xoşagəlməz mənfi halları, çatışmazlıqları əks etdirmək üçün xalq tamaşaları, rəqs və çalğı alətlərindən bacarıqla istifadə edilmişdir.
    Qrafikanın geniş yayılan növü olan, təşviqat, reklam, məlumat və tədris məqsədini daşıyan plakatlarda görkəmli musiqişünaslar Səfiəddin Urməvi, Əbdülqadir Marağai və Üzeyir Hacıbəylinin surətləri əks olunmuşdur.
    Musiqi məzmunlu ekslibrisin tərtibində şəxsin sənəti, onun yaradıcılığında baxılan məsələlər və maraq dairəsi əsas götürülmüşdür.
İctimai və şəxsi məişətdə təcrübi əhəmiyyət kəsb edən bədii məmulatlar (qobelen, keramika, naxış tikmə, toxuma, zərgərlik) və tökmə, ağacişləmə, döymə, metalişləmə, cızma, oyma, yandırma, divara naxış çəkmək, bəzək vurma üsullarla işlənmiş əşyaların daxil olduğu dekorativ-tətbiqi sənət nümunələri Azərbaycanda çox qədimdən yaranmışdır. Bu sənətə aid çoxsaylı nümunələr müxtəlif materiallar (keramika, çini qab, şüşə, parça, metal, ağac, daş və s.) əsasında hazırlanmışdır. Ağac və daş oyma işlərində başqa səhnələrlə yanaşı, xanəndə və çalğıçıların şəkilləri də vardır. Metalişləmə nümunələrində oyma, döymə, qravüra, yəni dəmir qələmlə cızma üsullarla həndəsi (üçbucaq, romb), buta, badama oxşar fiqurlar və nəbati naxışlar vurulmuş musiqi məzmunlu şəkillər həkk edilmişdir.
Bu sənət növündə yaradılan rəqqasə surəti, toy tamaşasına həsr olunan deko- ativ panno və saxsı boşqab üzərində çəkilən muğam üçlüyü diqqəti cəlb edir.
Kilimə çox yaxın olan qobelenlərdə, yəni əl ilə toxunulmuş divar xalçalarında, keramika və parça üzərində musiqili səhnələr də yer almışdır.
     Naxışlarla bəzədilmiş çalğı alətlərinin hissələrini təşkil edən çanaq, sağa-
naq, qol, kəllə və aşıx nadir dekorativ sənət nümunələridir. Muzey eksponatları göstərir ki, tar, saz, qaval, zurna və balabanın bəzədilməsi Azərbaycanda XIX
9

Ön söz
əsrin ikinci yarısından başlayaraq geniş yayılmağa başlamışdır. Bu ənənə indi də davam edir.
     Dekorativ-tətbiqi sənət növünə aid edilən xalçaçılıq xüsusi qeyd olunmalıdır. Qədim yunan filosoflarının qeydləri, arxeoloji qazıntılar Azərbaycan ərazisində yaşayan xalqların xalçaçılığa çox qədimdən meyl etmələrini göstərir. Çünki bu sənətlə məşğul olmaq üçün lazım olan bütün materiallar (yun əldə etmək üçün qoyunçuluq təsərrüfatı, əlvan boyalar hasil etmək üçün isə müxtəlif bitki növləri) burada var idi.
     IX-X əsrlərdə Azərbaycana gələn səyyahlar, o cümlədən tarixçilər burada toxunan xalça və xalça məmulatları haqqında məlumat verirlər. Xalçaçılıq, xüsusən XV-XVII əsrlərdə Səfəvilər dövründə daha geniş inkişaf edir. Orta əsrlərdə Azərbaycanın demək olar ki, bütün şəhərlərində xalça toxunulmuşdur. Xalça növlərinə də şəhərlərin adı verilmişdir (Quba, Şirvan, Bakı, Təbriz, Qarabağ, Gəncə, Qazax, Naxçıvan). Bu xalçalar çeşnilərinə, yəni naxışlarına, başqa bəzək elementlərinə, işlədilən boyalara və ölçülərinə görə bir-birindən seçilmişdir.
    Qız-gəlinlər dəzgah arxasında müxtəlif xovlu və xovsuz xalça, palaz, kilim, zili, cicim, şəddə, sumağı, çul və s. toxumuşlar. Xalçanın toxunub başa çatması hər məhəllədə sevinclə qarşılanırdı. Xalça ətrafında qız-gəlinlər oxuyur və oynayırdılar. O yola sərilir, üstündən adamlar, araba və atlılar keçirdi. Yalnız bundan sonra sınaqdan çıxan xalça çayda yuyulurdu.
Xalçalar otaqlara yaraşıq verməklə yanaşı, soyuq qış gecələrində oraya isti nəfəs də gətirir. Onun naxışları insanların zövqünü oxşayır, onlarda xoş ovqat yaradır. Otağın divarına vurulan xalça üstündən asılan tar, kamança və saz üçün yaraşıqlı fon rolunu oynayır. Azərbaycanda toxunmuş xalçalara diqqətlə baxdıqda, yallı, qaytağı kimi xalq rəqslərini andıran naxış kompozisiyalarını sezmək olur.
   Təsadüfü deyildir ki, ürəyə yatan naxış ritminə və rəng ahəngdarlığına görə xalça musiqiyə və şeirə bənzədilmişdir. Xalılar simfonik musiqi kimi müxtəlif tərkibə malik sənət növünə aid edilmişdir. Xalça rəssamı bəstəkarla müqayisə edilmiş, toxucu musiqi ifaçısı ilə eyniləşdirilmişdir. Toxucuların çevik və iti barmaqları skripkaçının və ya pianoçuların barmaqlarına oxşadılmışdır. Taxta çərçivədə tarım çəkilmiş iplər və hana bütövlükdə arfaya – çəngə bənzədilmişdir. Musiqi və xalça – incəsənətin unikal forması, xalqın improvizasiya dahiliyinin təkrarolunmaz yaradıcılıq məhsulu sayılmışdır .
    Böyük qürur hissi ilə qeyd etməliyik ki, muğam, aşıq yaradıcılığı, çalğı alətlərimizdən ən mükəmməli tar və miniatür sənəti ilə yanaşı Azərbaycan xalçaçılığı da ölkəmizə şöhrət gətirən milli mədəniyyətimizin simvollarından bi-
10
Ön söz
ridir.
Naxışlı və portret xalça növlərindən başqa, müxtəlif mövzuda, o cümlədən musiqi ilə əlaqədar süjetli xalçalar da yaranmışdır. Onların sırasında ney çalan çobanın təsviri olan “Dörd fəsil” (XIX əsrin sonunda Təbrizdə toxunub), “Səfiəddin Urməvi”, “Əbdülqadir Marağai”, “Dədə Qorqud”, “Şəbi-hicran”, “Segah”, “Musiqi korifeyləri” və “Yallı” xalçalarını göstərmək olar.
Həqiqəti obyektiv canlandırmaq deyil, müəyyən niyyəti ifadə etmək üçün xüsusi seçilmiş səhnələri qeyd etmək məqsədini daşıyan bədii foto sənətində musiqili səhnələr daha dəqiq görünür. Kitabların tərtibatında musiqi məzmunlu foto sənət növü də geniş istifadə olunmuşdur.
    Əsərləri elektron təsvirlərin insanın kompüter imitasiyası yolu ilə yaranan rəqəmli boyakarlıq və kompüterlə rəsmlərin sintezi və həmçinin real dünyadan alınan vizual məlumatların işlənməsi olan kompüter qrafikası kinematoqrafiya və cizgi filmlərində daha çox istifadə olunur. Təsviri sənətin bu növlərində musiqi səhnələri geniş yer almışdır.
    Göründüyü kimi, ifaçı və çalğıçıların iştirak etdiyi xalq mərasim və oyun tamaşaları, şifahi ənənəli musiqinin səsləndiyi səhnələr, şəxsiyyət kimi bəstəkarlar və onların yaradıcılığı, dirijorların çıxışları rəssam və heykəltəraşlar üçün dərin məzmunlu və qiymətli mövzu mənbəyidir.
Rəssamların özlərinin etirafına görə, bir sıra tablolar elə müxtəlif musiqi melodiyalarının təsiri ilə yaranmışdır. Ona görə də rəsm və heykəl əsərləri adlandırılanda onlar musiqi anlayışlarından istifadə etmişlər.
    Kitabdakı şəkillər təsviri sənət ustalarına həsr olunmuş əsərlərə və onların sərgi kataloqlarına daxil edilmiş reproduksiyaların və habelə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Üzeyir Hacıbəyli, Bülbül, Niyazi, Hüseyn Cavid və Vaqif Mustafazadənin ev-muzeylərində nümayiş etdirilən eksponatların, Bakı meydanlarındakı heykəllərin, fəxri xiyabanda görkəmli şəxslərin qəbirüstü abidələrin, yaşadıqları evlərin divarlarına vurulan xatirə lövhələrin müəllif tərəfindən çəkilmiş foto şəkillərinin surətləridir.
    Kitabda verilən şəkillər, əlbəttə, Azərbaycan musiqi incəsənətinə həsr olunmuş bütün təsviri sənət nümunələrini əhatə etmir. Bununla belə, onların sırasından seçilərək kitaba daxil edilmiş nümunələr “Azərbaycan musiqisi və təsviri sənət” mövzusunu, fikrimizcə, müəyyən qədər səciyyələndirir.
Təsviri sənətdə musiqi səhnələrinin əks olunmasına həsr olunmuş əsər, bu mövzu üzrə dərc edilmiş az sayda məqalələri (əsasən miniatür və qrafikaya aid) nəzərə almasaq, musiqişünaslığımızda ilk təşəbbüsdür. Bunu nəzərə alaraq, kitabın məzmunu, baxılan məsələlərin dolğunluğu və həmçinin nöqsanları haqqında öz mülahizə və fikirlərini müəllifə (ünvan: AZ 1014, Bakı şəhəri,
11
Ön söz
Şəmsi Bədəlbəyli küçəsi, 98, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası) bildirən oxuculara qabaqcan minnətdarlığımı bildirirəm.
     Müəllif əsərin əlyazmasını elmi redaktə etmək zəhmətini öz üzərinə götürən Azərbaycan Respublikasının xalq artisti, sənətşünaslıq doktoru, professor Ramiz Zöhrabov və sənətşünaslıq doktoru Cəmilə xanım Həsənzadəyə, Azərbaycan Respublikasının xalq artisti, professor Firəngiz xanım Əlizadə və musiqişünas, Azərbaycan Rəssamlar İttifaqının üzvü Xatirə xanım Həsənzadəyə işə rəy verdiklərinə görə öz təşəkkürünü bildirir.

Popular Posts