Zakir Hüseynov
Zakir Hüseynov
Zakir Ağaxan oğlu Hüseynov 1961-ci il sentyabr 22-də Bakının Əmircan kəndində anadan olmuşdur. Hələ uşaqkən rəsm dərnəyində İslam Müzəffərovdan sənətin sirlərini öyrənən Zakirdə rəssamlığa böyük maraq yaranmışdır. Zakir Hüseynov kəndlərindəki 266 saylı orta məktəbi bitirdikdən sonra Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinə (indiki İncəsənət Kolleci) daxil olmuş, burada toxuculuq şöbəsində (1979-1985) təhsil almışdır. Onun sənət müəllimi Şairə Ələsgərova və Böyükağa Salahov olmuşdur. O, məktəbi bitirdikdən sonra toxuculuq kombinatına təyinat alsa da, oraya getməmiş, daha ciddi sənətlə məşğul olmuş, öz istəklərini, arzularını gerçəkləşdirmişdir. Sovet dönəmində ciddi təzyiqlərə baxmayaraq öz üslubunu yarada bilmişdir. Rəssam bununla da milli rəngkarlığımızda bir sənətkar rəssam kimi özünəməxsus yer tutmuşdur. 30 illik yaradıcılıq yolunda bu sənətin dərvişinə, döyüşçüsünə, fədaisinə çevrilmişdir.
1988-ci ildən Bakı İncəsənət Mərkəzinin, 1996-cı ildən “Labirint” İncəsənət Xadimləri Cəmiyyətinin, 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olmuşdur.
Çoxəsrlik milli bədii ənənələrə müraciət edən rəssamlardan olan Zakir Hüseynov öz yaradıcılığı ilə Azərbaycan incəsənətini təbliğ etmişdir. Rəssamın yaradıcılığında xüsusilə Abşeron təbiəti böyük məharətlə tərənnüm olunub. 1978-ci ildən başlayaraq ömrünün sonuna qədər müxtəlif miqyaslı sərgilərin, o cümlədən “Azərbaycan rəngkarlığı” (Fransa), “Müasir Azərbaycan incəsənəti” (Rusiya), “Azərbaycan mədəniyyəti günləri” (BƏƏ) sərgiləninin iştirakçısı olmuşdur. Əsərləri Azərbaycan, Rusiya, ABŞ, İngiltərə, Türkiyə , Fransa, Kanada Hollandiya və Avstraliya kimi ölkələrin nüfuzlu kolleksiyalarını və muzeyləri bəzəyir. Bir neçə əsəri Azərbaycan Milli İncəsənət Muzeyinin daimi ekspozisiyasındadır. Yaradıcılığı barəsində vaxtaşırı Azərbaycan və xarici ölkə mətbuatında çoxsaylı məqalələr dərc olunmuşdur.
Zakir Hüseynov 2010-cu il oktyabrın 31-də uzun sürən xəstəlikdən sonra 49 yaşında dünyasını dəyişmişdir. O, az ömür sürsə də, sənətdə öz sözünü deyə bilmişdir. Heç bir fəxri ad almasa da, sözün əsl mənasında xalqın rəssamı olmuşdur. O özünü rəssamlıq məkanımızın “tənha döyüşçüsü” adlandırırdı. Elə buna görə də sənətşünas Ziyadxan Əliyev rəssamın həyat və yaradıcılığına, əsərlərinin təhlilinə həsr etdiyi kitab-albomu “Tənha döyüşçü” adlandırmışdır. 2011-ci il dekabrın 7-də Xətai Miniatür Sənəti Qalereyasında dünyadan vaxtsız köçmüş sənətkarın 50 illik yubileyinə həsr olunmuş fərdi sərgidə bu kitabının təqdimat mərasimi keçirilmişdir.
Mənbə: facebook /Əmircan ensiklopediyası.