Xalq rəssamı Arif Hüseynovun "Qarabağnamə - Tarixin səhifələri" kitabının təqdimatı keçiriləcək
Fevralın 24-ü saat 18.00-də Bakı Kitab Mərkəzində Azərbaycanın Xalq rəssamı
Arif Hüseynovun "Qarabağnamə - Tarixin səhifələri" kitabının
təqdimatı keçiriləcək.
Görkəmli qrafika ustası, xalq rəssamı Arif Hüseynov daim
axtarışda olan, milli folklora, adət-ənənəyə bağlı sənətkarlarımızdandır. Onun
illər boyu müxtəlif miqyaslı sərgilərdə nümayiş etdirilən əsərləri rəssamın
sənət dünyasındakı imzasını təsdiqləyəcək mühüm faktlardır.
Rəssamın mənəvi dəyərlərimizə göstərdiyi münasibətinin
parlaq ifadəsi olan əsərlərində bunu daha aydın görmək mümkündür. Bir çox
rəsmlərində ustadın qədim miniatür üslubu ənənələrinə bağlılığı ilə yanaşı,
vətəndaşlıq yanğısı və müasirliyə həvəs də qabarıq hiss olunur.
Qrafika sənətinin bədii və texniki imkanlarına kifayət
qədər bələd olan rəssam sonda cəlbediciliyi ilə yanaşı, həm də dərin fəlsəfi
məzmunlu əsərlər yaratmağa nail olmuşdur. O, ağ-qara cizgilərdə olan işlərə
azacıq rəng ovqatı qatmaqla əsərlərin bədii-psixoloji təsir gücünü artırır və
daha təsirli ifadə vasitələri axtarırdı. Ədəbiyyatı ürəkdən sevən Arif Hüseynov
böyük söz ustalarının yaradıcılığına dəfələrlə müraciət edib. Onun Nəsimi,
Gəncəvi, Füzuli, Sabir, Cavid, Səməd Vurğun, Rəsul Rza və digər
klassiklərimizlə bağlı yaratdığı əsərlər dəzgah qrafikasının ən gözəl nümunəsi
sayılır.
Arif Hüseynov xalqımızın həyatı və adət-ənənələrini
Azərbaycan nağılları və folkloru baxımından aydın və maraqlı, yumor və
fantaziya ilə əks etdirən rəngkarlıq və qrafika əsərləri yaratmışıdr. Bənzərsiz
nağıl xəzinəsini hər kəs uşaqlıqdan sevir və bilir. O zamanlar xəyalda canlanan
əşyalar, danışan heyvanlar və quşlar, qəhrəmanların igidlikləri oxucunu zəngin
sehrə salırdı. Rəssamın öz təxəyyülü cadugərlərin, divlərin, hiyləgər
vəzirlərin və qəddar hökmdarların, olduqca gözəl qəhrəmanların görünüşünü
tamamlayır. Nağıllar rəssamlar üçün yalnız illüstrasiyalarda deyil, hətta
nəqqaşlıqda, qrafikada, kinematoqrafiyada və digər incəsənət növlərində də
həyata keçirilən obraz və ideyaların tükənməz mənbəyi olaraq qalmaqdadır.
Əsərlərdə əks olunan nağılların koloriti detallarla zəngindir. Arif Hüseynov
nağılların təsvirinə fərqli yanaşır.
Rəssamın təsvir etdiyi əsərlər çox incəliklə çəkilmiş
ornamentlə — nöqtə mirvarilərlə, buruqlarla və ya digər qrafik elementlərlə
xırdalanır və bütövləşir.XX əsrin 70-ci illərindən başlayaraq Arif Hüseynovun
əsərləri dəfələrlə Bakıda, eləcə də dünyanın bir çox möhtəşəm sərgi
salonlarında tamaşaçıların diqqətinə çatdırılıb. Moskva, Praqa, Tokio, Ankara
və İzmirdə sərgilənən əsərlərinə görə A.Hüseynov müxtəlif mükafatlara,
diplomlara layiq görülüb.Bu gün A.Hüseynovun əsərləri Azərbaycan Milli
incəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında, Moskva Dövlət Şərq Xalqları
incəsənət Muzeyində, həmçinin şəxsi kolleksiyalarda saxlanılır.