Tofiq Kazımov

Tofiq Kazımov


Tofiq Səməd Mənsur oğlu Kazımov 1923-cü il 14 yanvar ayının 14-də Bakıda anadan olmuşdur. Burada yeddiillik məktəbi bitirdikdən sonra 1939 – 1942-ci illərdə Bakı teatr məktəbində təhsilini davam etdirmişdir. 1942-ci ilin sentyabrından 1943-cü il iyul ayının 15-ə qədər Cənub-Qərb cəbhəsinin 57-ci ordusunun 37-ci qırıcı aviapolkunun tərkibində mexanik kimi Böyük Vətən müharibəsində iştirak etmişdir. Mineralnıye Vodı rayonundakı döyüşdə qəlpə yarası alaraq ordudan tərxis olunduqdan sonra 1943-cü ildən Gənc Tamaşaçılar Teatrında aktyor işləmişdir. Əyyub Abbasovun “Məlik Məmməd”, Abdulla Şaiqin “Ana” dramlarının tamaşalarında Bulud və Əmrah rollarını oynamışdır.


Tofiq Kazımov 1945 – 1951-ci illərdə Moskvada Ümumittifaq Teatr Sənəti İnstitutunda rejissor təhsili almışdır. Hələ tələbə ikən Ağdam Dövlət Dram Teatrında Həsən Qasımovun “Kür sahilində” pyesini tamaşaya hazırlamışdı.
1951-ci ildə Akademik Milli Dram Teatrında diplom tamaşası kimi Hüseyn Muxtarovun “Ailə namusu” (“Allanın ailəsi”) pyesinə səhnə quruluşu vermişdir.
1952-ci il aprelin 25-də Gənc Tamaşaçılar Teatrına baş rejissor göndərilmiş, oktyabrın 1-də isə Akademik teatra rejissor təyin olunmuşdur. 1964-cü il martın 16-dan 1980-ci il avqust ayına qədər baş rejissor işləmişdir.

Baş rejissor kimi Akademik teatrda “Antoni və Kleopatra” (1964), “Hamlet” (1968), “Fırtına” (1974), “Sən həmişə mənimləsən” (1964), “Unuda bilmirəm” (1968), “Məhv olmuş gündəliklər” (1969), “Bağlardan gələn səs” (1975), “Ölülər” (1966), “Sənsiz” (1967), “Pəri cadu” (1969), “Nazirin xanımı” (1970), “Yalan” (1965), “Küləklər” (1970), “Yağışdan sonar” (1971), “Qızıl” (1971), “Aydın” (1972), “Nağıl başlananda” (1973), “Övlad” (1974), “Qılınc və qələm” (1976), “Ümid” (1976), “Bəşərin komediyası və yaxud Don Juan” (1977), “Daşqın” (1977), “Qızıldan qiymətli” (1977), “Müsyö Jordan və dərviş Məstəli şah” (1978), “Quşu uçan budaqlar” (1978), “Yastı təpə”, “Karıxmış sultan” (1980) pyeslərini tamaşaya hazırlamışdı. Tofiq Kazımov baş rejissorluğu dövründə teatra çoxlu istedadlı gənc cəlb etmiş, yeni teatr poetikası yaratmaqla, onun estetik səciyyələrini müəyyənləşdirdi. Tofiq Kazımov, sözün əsil mənasında, hazırladığı səhnə əsərlərində “tamaşanın müəllifi” səviyyəsinə yüksəlirdi.
Tofiq Kazımov uzun illər Azərbaycan Dövlət Teatr İnstitutunda (sonradan Azərbaycan Dövlət İncəsənət İnstitutu) aktyor və rejissor sənətindən dərs demişdir. Xalq artistləri Ağasadıq Gəraybəyli,
Məmmədəli Vəlixanlı, Kazım Ziya, Əliağa Ağayev (Zəfər Nemətovla birgə), İsmayıl Osmanlı barədə monoqrafiyalar yazmış, “Çağırış”, “İşıqlı yollarda”, “Şəfəq”, “Qoçaq Polad” və digər pyeslərin müəllifi olmuşdur. Mətbuatda teatr sənətinə, müxtəlif tamaşalara aid resenziya və məqalələrlə çıxış etmişdir.
Tofiq Kazımov 1961-ci ildə əməkdar incəsənət xadimi, 1974-cü ildə xalq artisti fəxri adlarına, 1965-ci ildə “Antoni və Kleopatra” (Uilyam Şekspir) və 1979-cu ildə “Şəhərin yay günləri” (Anar) tamaşalarına görə Dövlət mükafatlarına layiq görülmüşdür.
Böyük Vətən müharibəsində alman işğalçılarına qarşı döyüşlərdə göstərdiyi şücaətə və igidliyə görə SSRİ Ali Soveti Rəyasət heyətinin 05.01.1946-cı il tarixli Fərmanı ilə “İgidliyə görə” medalı ilə təltif edilmişdir.

Azərbaycanın görkəmli teatr rejissoru, aktyoru və pedaqoqu Tofiq Kazımov 1980-ci il avqustun 2-də avtomobil qəzasında həlak olmuş, Bakıda ikinci Fəxri xiyabanda dəfn edilmişdir.

Mənbə: facebook /Əmircan ensiklopediyası.

Popular Posts