İsa Məmmədovun “Mənim vətənim” adlı fərdi sərgisi
Azərbaycan Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində 3 mart 2020-ci il saat 12:00-da tanınmış rəssam, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Rəngkarlıq” kafedrasında baş müəllimi İsa Məmmədovun “Mənim vətənim” adlı fərdi sərgisi keçirilir. Sərgidə rəssamın 50 əsəri nümayiş olunur.
Sərgi Azərbaycan Rəssamlıq Akademiyası Muzey-sərgi kompleksi və Azərbaycan Rəssamlıq Akademiyasının Həmkarlar İttifaqının birgə təşəbbüsü ilə həyata keçirilir.
İsa Məmmədov Çağdaş Azərbaycan təsviri sənətində özünəməxsus dəst-xəttə malik olan fırça ustalarından biridir. Əsərləri müxtəlif muzeyləri, yerli və xarici ölkələrdəki nüfuzlu şəxsi kolleksiyaları bəzəyir. Rəssam yaradıcılığında mənzərə janrına üstünlük verir. Bu janr rəssama onu əhatə edən gerçəklikdən, daha çox isə təbiətdən aldığı təəssüratlarını sənətsevərlərə özünəməxsus bədii şərhlə, işıq-kölgənin məharətlə uyğunlaşdırılması yolu ilə çatdırmağa imkan verir. İsa Məmmədovun yaradıcılığı impressionistlərin yaradıcılıq üslubu ilə yaxınlıq təşkil edir. Rəssamın əsərlərindəki sərbəstliyi ilə seçilən kompozisiya quruluşu, bölünmüş yaxılardan istifadə və real həyata lirik-poetik baxış bunun əyani göstəricisidir. Bu mənada onun “Bakı mənzərəsi” (2005), “Şəki motivi” (2006), “Dənizkənarı milli park” (2007), “Paytaxtın Nizami küçəsi” (2006), “Payız” (2007) əsərlərini xüsusi qeyd etmək olar.
İsa Məmmədov işıq və hava effektlərini tabloda canlandırmağı özünün başlıca yaradıcı vəzifələrindən hesab edir. Rəssam təsvir prosesində fərdi müşahidələrinə – canlı naturadan alınan ilk təəssürata əsaslanır, açıq havada işığın təsiri altında daim dəyişən rənglərin ahənginə xüsusi diqqət yetirir. Duyulası sevgi və həyəcanla kətana köçürülmüş “Qadın” (2003) əsərində rəssamın işıq və rənglə ifadə olunmuş ustalığı açıq-aydın şəkildə özünü büruzə verir. Rəssamın rəng çalarlarının zənginliyi ilə seçilən əsərlərindən biri də “Güllər” (2006) natürmortudur.
Doğma paytaxtımızın tərənnümü İsa Məmmədovun sevimli mövzularından biridir. Bu baxımdan onun Bakı şəhərini ilin müxtəlif çağlarında, günün müxtəlif vaxtlarında görüntüyə gətirən “Bakı motivi” (2005), “Vağzalyanı meydan” (2006), “Bakı mənzərəsi” (2006), “Fəvvarələr meydanı” (2006), “Üç qız parkı” (2006), “Bakı. Bizim küçə” (2007), “Bakının Milli parkı” (2007), “Bakı vağzalı” (2007) və s. əsərlərini qeyd etmək olar.
Rəssamın Bakıya sonsuz sevgisini əks etdirən çoxsaylı əsərlərinin arasında “Payız” (2007) mənzərəsi xüsusilə seçilir. Bu tabloda rəssamın əsas məqsədi Bakının payız aylarında füsunkar görünməsini, təbiətlə insan arasında olan vəhdəti əks etdirməkdir. Qədim şəhərə həsr olunmuş digər bir əsər isə sadəcə “Bakı” (2009) adlanır. İsa Məmmədovun ilin müxtəlif fəsillərində və günün ayrı-ayrı vaxtlarında Bakının görüntüsünü əks etdirən əsərlərindən biri də 2010-cu ildə çəkilmiş “Bakı mənzərəsi” tablosudur. Bu tabloda bir-birini tamamlayan isti və soyuq rənglər əsasən günün qürub çağını ifadə edir.
İsa Məmmədovun həyatın, təbiətin əsrarəngiz gözəlliklərindən aldığı dərin təəssüratı, dəyişkən hisslərini tablolarında bizə çatdıra bilməsi yurdumuzun dilbər guşələrindən sayılan Şəkinin ürəkaçan mənzərələrinə həsr olunmuş lövhələrdə də hiss olunur. (“Şəki mənzərəsi”, 2006; “Şəki motivi”, 2007; “Şəki. Kiş kəndi”, 2007) İsa Məmmədov hal-hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Rəngkarlıq” kafedrasında baş müəllim vəzifəsində çalışır. Azərbaycan Rəssamlar İttifaqının və YUNESKO-nun nəzdindəki rəssamlar birliyinin üzvüdür.
Çox vaxt rəssamların əsərlərini onların daxili aləminə açılmış işıqlı pəncərələrə bənzədirlər. Bu mənada İsa Məmmədovun yaradıcılığını və müxtəlif janrlarda gerçəkləşdirdiyi lövhələri də onun özünəməxsus gözəllik duyumunun çox cəlbedici və duyğulandırıcı, başqalarına dəyişkən ovqat bəxş edən görüntüləri hesab etmək olar. Rəssamın fərdi sərgilərinin (2009-cu ildə Almaniyanın Berlin şəhərində, 2010-cu ildə isə Türkiyənin İstanbul şəhərində fərdi sərgisi təşkil olunub) davamlı uğuru, özünə çoxsaylı pərəstişkar qazandırması da bunu təsdiqləyir. Rəssamın 2011-ci ilin aprelində Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına salonunda 50-dən çox əsərdən ibarət “Azərbaycan mənzərələri” adlı, 2016-cı il fevralın 18-də 60 illiyinə həsr olunmuş fərdi yaradıcılıq sərgisi keçirilmişdir. Rəssam sənətsevərlərə 56 əsərini təqdim edir. Onun Almaniya və Türkiyədə də fərdi sərgiləri keçirilib.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində (H. Əliyev pros. 24) təşkil olunmuş sərgi 3 dekabr 2019-cu il tarixinədək davam edəcəkdir.