Fələklər yandı ahimdən/ Xilə və xiləlilər

Xilə və xiləlilər

      Xilə haradır və xiləlilər kimdir? Bu sual sizi də maraqlandırırmı? Onda gəlin söhbətimizə əvvəlcə elə burdan başlayaq... 
    Sübh namazına qalmış ayın işığı minbərə öz gözəl səsilə Azan oxumağa çıxan müəzzimin üzünə düşdü. Onun avazı öz qədimliyi və özünəməxsus adət - ənənələri ilə fərqlənən Xilə kəndinin dörd tərəfinə yayıldı: Allahu Əkbər, Allahu Əkbər...
      Camaat yavaş-yavaş əzəmətli məscidə tərəf axışırdı. Artıq Ramazan ayı bitmək üzrə idi. Məhəmməd Hənifə axundun dediyinə görə bu gün fitr bayramını qeyd edəcəkdilər. Bu mübarək insan Əmircan kəndi ilə yanaşı bir neçə kəndin axundu idi. O bu kəndlərin Sovetlərə kimi son axundu kimi fəaliyyət göstərmişdi. Məhəmməd Hənifə həmçinin Murtuza Muxtarov məscidinin ilk axundu olmuşdur. Hələ bir gün əvvəldən günorta vaxtı milyonçu Murtuza Muxtarov Meydan yerində xiləlilərlə (əmircanlılarla) görüşüb söhbət etmiş, onların ehtiyaclarını ödəmək üçün yanındakı köməkçisinə göstərişlər verirdi. Cavanlar isə milyonçunun fitr bayramı münasibətilə gətirdiyi sovqat bağlamaları məscidin anbarına daşıyırdılar. Çünki bu sovqatlar kəndin yoxsul təbəqəsi arasında bölüşdürüləcəkdi. İmanlılar bayram namazını qılmaq üçün bir neçə saatdan sonra yenə bu məscidə yığışacaqdılar.
        Zahirən çox gözəl və əzəmətli görünən, göz oxşayan daş yonma ornamentlərlə tikilmiş bu məscid 1908-ci ildə Murtuza Muxtarovun şəxsi vəsaiti ilə memar Zivər bəy Əhmədbəyov, ustalar Kərbəlayi Əhməd Səməd oğlu və Mirzə Məlik Abbasqulu oğlu tərəfindən inşa edilmiş və əmircanlıların istifadəsinə verilmişdi.
      Məscidin 47 metr hündürlüyündə olan 2 minarəsi, 1 günbəzi, 16 pəncərəsi var. Hər iki minarənin birinci şərəfəsinin aşağısında ərəbcə "Kəlmeyi-teyyubə" yazılıb. Murtuza Muxtar məscidinin giriş qapısının sol tərəfində "Murtuza Muxtar məscidi", sağ tərəfində isə həmin sözlər ərəb əlifbası ilə yazılıb. Məscid dörd nəhəng tağ üzərində dayanıb. Günbəzin dairəvi hissəsinədək hündürlüyü 16 metr, yuxarı hissəsinədək isə 19 metrdir. Məscidin giriş qapısının hündürlüyü 6 metrdir. Qapıdan 3 metr yuxarıda mərmər üzərində iki kitabə həkk olunub. Orada belə yazılıb: "h.q.1317..." (XIX əsrin sonu - XX əsrin əvvəli). Məscidin sağ və sol tərəflərində peyğəmbərlərə salam, yeganə olaraq burada ərəb dilində həkk olunub. Mehrabın yuxarısındakı dairə isə Allahın varlığına, 4 tağ əsas peyğəmbərlərə, 4 nazik sütun müqəddəs kitablara, onların altındakı nazik xətlər isə 12 imama işarədir. Qapı üzərində 4 təsvir - 4 müqəddəs kitabı, ünsürü göstərir. 1908-ci ildə məscidin açılışında əmircanlı axund Əbu Turab ilk xütbəni oxuyub. Məscidin həyətində Muxtarov Murtuza Muxtar oğlunun (1855-1920) qəbri yerləşib. Haqqında söhbət açdığımız Əmircan kəndində tikdirdiyi bu məscid binası indiyədək öz memarlıq quruluşu və əzəməti ilə göz oxşayır.
     Xeyli vaxt idi yağış yağmırdı və kəndin ovdanlarının suyu tükənmək üzrə idi.
     Ümumiyyətlə, bu kəndin əksər həyətlərində şirin sulu quyular və kəhrizlər olurdu. Hətta neft mədənlərinə Sabunçu, Ramana, Suraxanıya Əmircandan arabalarla şirin su daşınırmış.
      Bu kənddə Şor adlanan böyük göl də var. Şor ərazisində ağ və göy gilabı çıxarmış. Bu sabunu əvəz edirdi. Şəhər əhalisi ağ və göy gilabıdan sabun yerinə paltar, palaz, xalça yumaq üçün istifadə edirmiş.
     Yerli əhali bu göldən məişətdə istifadə edilən duz yığırmışlar. Hər ilin iyul ayı duz yığımı mövsümü imiş. Abşeronun bir çox kəndlərindən duzu toplamaq üçün buraya gələrmişlər. Sonradan həmin duzu gəmilərə yükləyib Rusiya, Həştərxan, Türkmənistan, İran və başqa ölkələrə göndərirmişlər. Vaxtilə Əmircanda böyük taxıl sahələri mövcud olub. Kəndin varlı nəsillərindən olan Hacı Hacıbaba, Hacı Bəbir, Hacı Yusifin geniş əkin yerləri olub. Kənddə suvarma sistemi olmadığı üçün dəmyə taxıl əkilirmiş. Əmircan əhalisi həm də bağçılıq və bostançılıqla məşğul olub. Kəndin Şor tərəfi deyilən hissəsində böyük bağlar varmış. Burada əncir, üzüm, nar, püstə, heyva, ərik və s.
 3

meyvə ağacları olub. Bostançılıqda qarpız, yemiş və digər tərəvəz bitkiləri əkilərdi. Bu kənddə hətta ən qiymətli bitkilərdən olan zəfəran da yetişdirilib.
     Deyilənə görə kəndin varlı adamları Hacı Hacıbaba və Hacı Bəbirin dəvələrinin sayı minə yaxın imiş. Onların böyük taxıl zəmiləri var imiş. Dəvə karvanları ilə bu taxılı Kərbəla, Nəcəf və Məkkəyə aparırmışlar. Sonralar tədricən əhalinin bu məşğuliyyət sahələri tənəzzülə uğrayıb. 1843- cü ildən başlayaraq Əmircanın əkin yerlərində neft mədənləri salmağa başlayıblar.
      XIX əsrin sonları XX əsrin əvvəllərində Abşeronda Əmircan "xozeyinlər" kəndi kimi məşhur idi. Neftçıxarmada işləyənlərin də çoxu əmircanlılar olub.
     Hacı Heybətqulu Məmməd oğlu fəhləlikdən neft ustasına qədər yüksəlmiş, adlı-sanlı buruq ustası olmuşdur. İki oğlu, Məmmədəli və Əbdülhüseyn rus-tatar məktəbində oxumuşdur. Ruhanilərin təqiblərinə baxmayaraq həyətində iki otaqlı məktəb bina etmək təşəbbüsündə olmuş, lakin işini başa çatdıra bilməmişdir. Hacı Heybətqulu rus dilini bildiyi üçün müsəlman fəhlələri ilə rus kapitalistləri və çar məmurları arasında tərcüməçilik edirmiş.
     Hacı Heybətqulunun öz şəxsi kitabxanası var idi. 1920-ci ilə qədər kənd ziyalıları onun evinə yığışar, qəzet və jurnal oxuyardılar. Ev sahibi gələn qonaqları hörmətlə qarşılar, onlarla fikir mübadiləsi, yaradıcılıq mübahisələri edərdi. Hamı onun teatr həvəskarı olduğunu bildiyinə görə, söhbətlərin çoxu məhz bu istiqamətdə gedərdi. Onun Bakının tarixinə aid iki əlyazması qalmışdır. O, cəhalətə, avamlığa, savadsızlığa qarşı çıxmış, hərc-mərcliyi, cəmiyyətdəki ədalətsizliyi törədənlərə qarşı mübarizə aparmışdır. 1894-cü ildə Əmircanda baş vermiş fəhlə nümayişinin fəal iştirakçılarından biri də o idi. O, 1942-ildə 115 yaşında vəfat etmişdir.
     Usta Piri (Quliyev Piri Dostməmməd oğlu) Suraxanıda bir çox neft quyularının qazılması bilavasitə onun adı ilə bağlıdır. 1885-ci ildən əmək fəaliyyətinə başlamış, qazma ustası köməkçisi, qazma ustası kimi çalışmışdır. Ömrünün çoxunu qazma ustası işləmişdir. O, sürətli qazma metodunun təşəbbüskarı idi.Onun kimi neftçilər hələ texnikanın lazımi səviyyədə olmadığı dövrdə təcrübələri, əməli təklifləri ilə neft quyularının qazma sürətini artırmışlar.
    Usta Pirinin qızı Sona Nuriyeva isə ilk azərbaycanlı təyyarəçi qadınlardan biri olub. O, orta təhsilini başa vurduqdan sonra 1936-cı ildə Bataysk təyyarəçilik məktəbini bitirərək, 3-cü dərəcəli pilot peşəsinə yiyələnmiş və Azərbaycan mülki aviasiya idarəsində təyyarəçi işləmişdir. Böyük Vətən Müharibəsində iştirak etmişdir.
      Əmircanlılarda lap qədimdən sənətə meyl olmuşdur. Əmircanda bir neçə xalça karxanası və dabbaqxanalar vardı. Burada toxucular, papaqçılar, dulusçular, dərzilər fəaliyyət göstərib.Bu qədim sənət növlərindən biri xalçaçılıqdan ibarət idi. Əmircanlıların toxuduğu Xilə, Xiləputa, Xilə - Əfşan xalçaları dünya bazarlarında yüksək qiymətləndirilirdi. Xilə - Əfşan xalçasının adı xalq arasında “Sacayağı” adı ilə də tanınırdı. Əmircan xalçaları "Xilə Buta" və "Xilə əfşan" dünyanın hər yerində məşhur idi.
     Bu ərazi daim ağ nefti ilə tanınıb. O dövrdə yerli sahibkar Cavad ağa Əmircanın yuxarı hissəsində ağ neft zavodu tikdirib. Beləliklə, kənd əhalisinin həyatında dəyişikliklər əmələ gəlib. Neft quyuları qazılır, yollar çəkilir, müxtəlif texniki avadanlıqlar emalatxanaları meydana gəlir, buxarxanalar, yaşayış evləri, kazarmalar tikilməyə başlayır.
        Bu həmin dövr idi ki, Hacı Zeynalabdin Tağıyev, Şəmsi Əsədullayev, Musa Nağıyev, Murtuza Muxtarov kimi varlı adamlar meydana gəlmişdi.
      Kənd sakinlərinin güclü iman sahibi olması baxımından burda bir neçə məscid inşa edilib və istifadəyə verilmişdi.
     Bünyadlılar məscidi. Bu məscid Əmircan kəndində yerləşib. yonulmuş sal daşlardan inşa olunub və səkkiz tağı vardır. Günbəz də bu tağlar üzərində dayanıb. Günbəzdə 16 pəncərə qoyulub. Bünyadlılar məscidinin interyeri çox sadədir. Yerdən tavanadək hündürlüyü 5 metr, günbəzədək hündürlüyü 13 metrdir. Mehrabın hündürlüyü 3,5 metrdir. Məscidin iki hücrəsi də var. Məsciddə onun inşa tarixini göstərən daş kitabə də həkk olunub. Burada yazılıb: “Hacı Tağının atası Ağa Yusif. 1323-cü il”.
4

     Əmircan kəndi tarixən çox qədimdir və təbii sərvətlərilə zəngin torpaqlara malikdir. Vaxtilə böyük ziyalımız, mütəfəkkir istər hərb sahəsində, istər tarix elmi və ədəbiyyatımızda öz sözü, öz dəsti-xətti olan Abbasqulu Ağa Bakıxanov "Gülüstani-İrəm" əsərində doğma kəndinin adını "Əmir Hacan" yazmışdır. Yəni ərəb dilində “Hacılar əmiri” deməkdir.
    Kəndin qədim adı Xilə olub, sonradan isə dəyişdirilib Əmircan qoyulub. Rəvayətlərə görə, çox qədim zamanlarda burada Hillə qəbiləsi yaşayıb , kəndin əvvəlki adı da buradan götürülərək Xilə adlandırılıb. Tanınmış tarixçi alimimiz Sara Aşurbəyli "Şirvanşahlar dövləti" kitabında Xilənin qədim adının yaranması haqqında belə bir məlumat verir: "On üç əsr ərzində dəyişikliyə uğramadan dövrümüzədək qalmış Xilə adının tarixi Azərbaycanın ərəblər tərəfindən istilasına gedib çıxır. İraqda müstəqil əmirliyə malik olduqları Hillədən buraya köçüb gəlmiş rəbiə tayfaları kompakt halda Bərdədə, Şamaxıda və Şirvanın digər yerlərində məskən salıblar. Ehtimal ki, Abşerondakı Xilə kəndi İraqdakı Hillənin adı ilə adlandırılıb. Belə ki, burada məhz həmin yerdən gəlmiş və sonradan türklərlə qaynayıb qarışmış ərəblər məskən salıb. Lakin ərəblər də bu yerin ilk sakinləri deyildilər. Çünki başqa bir mənbə Abşerondakı Xilənin qədim əhalisi haqqında burada skiflərin yaşadıqlarını təsdiq edən arxeoloji tapıntılardan xəbər verir.
      Şirvan şahı və şeyxülislam o vaxtlar Xilənin adlı-sanlı adamlarından olan Əmir Nizaməddini əmirhac təyin edir. Əmir Nizaməddin XIV əsrdə Bakının tanınmış savadlı, ziyalı şəxslərindən olub, Əmircan adı da Əmir Nizaməddinin Əmirhac titulundan meydana gəlmişdir. XIV əsrdə tikilmiş Nizaməddin məscidi də məhz onun adıyla bağlıdır.Məscidin mərkəzi hissəsinin qapısının üstündə fars dilində bir beyt yazılıb: "Dünya bir əyləncə, dəbdəbə, şan-şövkət və iztirabdan başqa bir şey deyildir". Belə bir ayə Quranda da var.
        Kitabənin ərəb dilində yazılmış ikinci sətri isə belə oxunur:
       "Bu Allah evinin tikilməsini əzəmətli Fəxrəddin oğlu Əmir Nizaməddin Əmirhac əmr etdi. Hicri  qəməri 730-cu il (miladi tarix 1329-1330)".
    Kəndin abu-havasında, inkişafında xüsusi rolu olan tanınmış xiləliləri bir az tanısaq lap yerinə düşər. Azərbaycan yazıçısı və diplomat
       Abbasqulu ağa Bakıxanov və onun atası, babası Əmircanda Nizaməddin mülkündə yaşayıblar. Məscidin ətrafında qədim kəndin yerində bir neçə qədim nəslə malik evlər indi də qalmaqdadır. Nizaməddin məscidinin yanında Abbasqulu ağa Bakıxanovun yaşadığı mülkün bir hissəsi qalır.
Abbasqulu ağa Bakıxanov 1794-cü il iyun ayının 21-də Bakı şəhəri yaxınlığında Əmircan (köhnə adı Xilə) kəndində varlı bir ailədə anadan olmuşdur. Onun atası II Mirzə Məhəmməd xan Bakı xanları nəslindən, anası Sofiya xanım isə müsəlmanlığı qəbul etmiş gürcü qızı idi. Bakıxanov səkkiz yaşına qədər Bakıda yaşamış, uşaqlığının ilk dövrünü Abşeronun Əmircan, Maştağa, Balaxanı, Ramana kəndlərində keçirmişdir. 1802-ci ildə atası xanlıq taxtı uğrunda vuruşmalarda öz əmisi oğlu Hüseynqulu xana məğlub olduğuna görə məcburiyyət qarşısında qalaraq Qubaya, vaxtı ilə dayısı Fətəli xanın ona bağışladığı Əmsar kəndinə köçməli olmuşdur. Abbasqulu ağa 1819-cu ilədək Qubada, Əmsar kəndində yasamış, yarımçıq qalan təhsilini davam etdirmişdir. 1819-cu ildə Bakıxanov general Yermolovun dəvəti ilə Tiflisə gəlib Qafqaz Baş Hərbi İdarəsində şərq dilləri tərcümanı vəzifəsinə qəbul olunmuş və 26 il bu vəzifədə çalışmışdır. Ömrünün sonlarında o, Yaxın Şərqi səyahətə çıxmışdır. 1847-ci ildə Abbasqulu ağa Bakıxanov Məkkədən Mədinəyə gedərkən Vadiyi-Fatimə adlanan yerdə vəba xəstəliyinə tutulub vəfat etmiş və həmin yerdə dəfn olunmuşdur.
      XIX əsrin sonu XX əsrin əvvəli özünəməxsus həyat yaşamış Bakı milyonçularından biri, eyni zamanda böyük xeyriyyəçi Murtuza Səttar oğlu Muxtarov 1865-ci ildə ( bəzi mənbələrdə 1857-ci ildə ) Bakının Əmircan kəndində arabaçı ailəsində anadan olub və əmək fəaliyyətinə də bu kənddə başlamışdır. O da Bakının bir sıra milyonçuları kimi adi fəhlədən neft maqnatı səviyyəsinə qədər yüksəlmişdir. Uzun müddət malakeşlik etdikdən sonra araba ilə neft daşımış, xırda podratçılıqla məşğul olmuşdur. Qara qızıl fontanları nəhayət onun da üzünə gülərək, əlini milyonlara çatdırmışdır.

5

     Təkcə Bakıda yox, Maykop və Qroznı neft mədən sahiblərilə də müqavilə bağlıyıb quyu qazırdı; zavod və mədənlərlə, konstruktor büroları ilə texniki və işgüzar əlaqələri vardı; tez-tez Şimali Qafqaza gedirdi. Burada Muxtarov, milliyyətcə osetin olan general Aslan bəyin dəvətini qəbul edib Vladiqafqaza - evlərinə qonaq gedir. Nəhayət, günlərin bir günü generalın ortancıl qızı Liza xanımla evlənib, qohum olurlar.
      Məşhur milyonçu Murtuza Muxtarov öz həyat yoldaşı Liza xanımı çox sevirmiş, onu tez-tez özü ilə Avropaya səyahətə apararmış. Bir dəfə onlar Venesiyada gəzərkən olduqca yaraşıqlı və əzəmətli bir bina görürlər. "Belə binada yaşayanlar necə də xoşbəxtdirlər!" – deyə Liza heyranlığını əri ilə bölüşür. Bu mənzərəni sakitcə seyr edən Murtuza bəy heç nə demir.
     Bakıya qayıtdıqdan sonra milyonçu Venesiyaya adam göndərib həmin binanın dəqiq surətini əks etdirən layihələri gətizdirir. Sarayın layihə müəllifi polyak mənşəli memar İosif Ploşko fransız bu tikilini qotik üslubunda layihələşdirib.
Və onlara oxşar bir sarayı Bakıda bir il ərzində (1911-1912) inşa etdirir. Sarayın hər sütünü, tağları, buta və gülləri, pəncərə və qapıları, bəzəklərinin hamısı təkrarolunmaz sənət əsəri, memarlıq incisidir. Tikinti zamanı Muxtarov pul əsirgəmədiyi kimi memarı ilham, ustaları isə səy və əməklərini əsirgəməyiblər.
     M.Muxtarov bizə əzəmətli binalar miras qoyub getmişdir. Bakı şəhərində və ətraf kəndlərində, Rusiyanın şəhərlərində və Avropanın bəzi ölk ələrində hal- hazırda indiyədək hifz olunub qalmış bir çox binalar onun adı ilə bağlıdır.
       Şəkildəki məscid Şimali Osetiyada, Vladiqafqaz şəhərində, Terek çayının sol sahilində yerləşir. 1900-1908-ci illərdə tanınmış Bakı milyonçusu Murtuza Muxtarovun məscidin maliyyə vəsaitinə tikilmişdir. Məscidin layihə müəllifi polyak mənşəli memar İosif Ploşkodur. 1908-ci il oktyabrın 14-də, hicri qəmər təqvimi ilə 1326-cı il Ramazan ayının birinci günündə məscidin açılışı olmuşdur. Açılışda Murtuza Muxtarov özü də iştirak etmişdi. İlk xütbəni isə Axund Abu Turab oxumuşdu.
   1913-cü ildə Abşeronun qumsal dəniz sahilində mayak qülləsi, Mərdəkanın Pirhəsən adlanan yerində Axund Mirzə Abu Turabın qəbri üstündə günbəz, Vladiqafqaz şəhərində məscid, Kislovodskda, İtaliyanın Florensiya şəhərində mövcüd olan gözəl, yaraşıqlı binalar Murtuza    Muxtarovun pulu ilə tikilmişdir.
     Muxtarov Bakının demək olar ki, bütün xeyriyyə cəmiyyətlərində yaxından iştirak edir və maddi köməyini əsirgəmirdi.
       Təbiətcə çox məğrur olan bu şəxs Bakının yeganə milyonçusu olub ki, yanında heç bir qoçu saxlamayıb, həmişə tək gəzib. Lakin onun həyatı 1920- ci ildə faciə ilə bitmişdir. Bakıda Aprel inqilabının ilk günləri idi. Bu günlərdən birində Muxtarov Vrangel (indiki Əhməd Cavad) və Persidski (indiki Muxtarov) küçələrinin tinindəki mənzilinə iki silahlı bolşevik gəlir və ondan təcili evi tərk etməsini tələb edir. Muxtarov atəş açıb, onlardan birini öldürür, ikinci gülləni də öz alnına çaxır.
      Neft milyonçusu Murtuza Muxtarovdan başqa yerlisi Şəmsi Əsədullayev də kənd camaatına öz xeyriyyəçilik missiyasını daim yerinə yetirər və kəndin qayğısına qalardı. Şəmsi 1840-cı ildə Bakının Əmircan kəndində anadan olmuşdur. Cavanlıqda kənddə atasının əkin-biçininə kömək edir, araba ilə biçilmiş taxılı daşıyır, xırman salır, bir sözlə, hər şeydə atasına kömək edirdi. Bu illərdə əmircanlıların əsas taxıl yerləri Suraxanı torpaqlarında idi. 19-cu əsrin əvvələrində neft sənayesinin inkişafı ilə əlaqədar olaraq, bu torpaq sahələrinin mühüm bir hissəsi Suraxanada neft çıxarılması və kerosin emalı ilə məşğul olan rus tacirlərindən Kokorev və Qubonin tərəfindən ucuz qiymətə alınmışdı. Onlar Suraxanıda Atəşgahın yanında kerosin emal edən bir zavod tikdirmişdilər. Torpaqsız qalan Suraxanı və Əmircan kəndliləri neft mədənlərində işləməyə məcbur oldular. Şəmsi Əsədullayev də əkinçiliyi buraxaraq, neft işinə qurşanır. O, 1860-cı ildə Kokorevin yanında işlər müdiri vəzifəsinə qədər yüksələ bilir. Bir müddətdən sonra o, neft və duz podratçılığı ilə məşğul olur. 15 il müddətində o xeyli qazanc əldə etdikdən sonra podratçılığı buraxaraq, kerosin zavodu açır.
6

1890-cı illərdə neft işi ilə məşğul olan bir neçə nəfər ilə birlikdə şirkət təşkil edir. Əldə edilən neftin Rusiya bazarlarına çıxarılması onu daha çox düşündürürdü. Nahəyət, 1891-ci ildə neftin Xəzər vasitəsi ilə daşınması sahəsində Bakı neft kapitalistləri içərisində ilk dəfə olaraq, buxarla işləyən iki və üç dorlu yelkənli gəmi sifariş verir.
     1895-ci ildə təzə aldığı torpaq sahələrindən birində böyük neft fontanı vurur. Fontan 56 gün davam edir. Fontan hər gün 1 milyon altı yüz min pud neft verirdi. Bu Bakı neft sənayesi tarixində ən məşhur fontanlardan biri idi.
     Əsədullayevin neft hasilatı artdıqca onun Volqa boyu şəhərlərində, Moskvada, Polşada, habelə Orta Asiyada, İranda neft anbarlarının sayı artırdı. Xəzər dənizi sahillərinə və Volqaboyu şəhərlərə öz gəmilərində neft daşıtdırıb satdırardı. Camaat arasında Şəmsi Əsədullayevə Nobellərin qənimi deyirdilər. Çünki bütün Rusiyada, Türküstanda, İranda, hətta Finlandiyada belə Nobellərin dükanı və kontorları ilə üzbəüz, ya da ki, yanaşı kontor və dükan açıb Nobellərdən ucuz qiymətə neft satar və onlara mane olardı.
      Oktyabr ayının axırlarında Volaqada naviqasiya bağlananda Bakıda neftin qiyməti xeyli aşağı düşürdü; böyük neftxudalar, o cümlədən Şəmsi də, xırda mədən sahiblərindən nefti ucuz alıb anbarlara vurur, yazda naviqasiya açılanda Rusiyaya daşıtdırardı. O, neftin ecazkar qüdrətindən milyonçu olur, həm neft mədəni, həm də neft daşıyan dəniz və çay donanması düzəldir.
       Şəmsinin Bakıda bir müsəlman arvadı, iki oğlu və üç qızı vardı. İkinci dəfə Mariya Petrovna adlı bir rus qadınına evlənəndə arvadı Ümsəlmə (Meyransa-?), oğlanları Mirzə, Əli və qızları Sara, Xədicə və Ağabacı ilə onun arasında narazılıq baş verir və Şəmsi 1903-cü ildə Moskvaya köçməyə məcbur olur. Mariyanın atası çar ailəsinə yaxın senator idi. Bakı neftinin tükənməz qızılı, bir də qohum senatorun köməyi ilə bağlı qapılar Səmsinin üzünə taybatay açılırdı. Bütün bunların hesabına Peterburqda Neva çayı sahilində, Qış sarayı yaxınlığındakı məhəllədə əzəmətli bina ucalda bilmişdi. Moskvada Mariya üçün içərisində çarhovuz və oranjereya olan təmtəraqlı mülk almışdı. Hər il Avropa şəhərlərinə, yaylaqlarına istirahətə, səyahətə gedirdilər. Peterburqda və Moskvada bir neçə yerdə mülklər tikdirir, xeyriyyə işləri ilə məşğul olurdu.
       Əsədullayev, demək olar ki, bütün qış aylarını Moskvada və Peterburqda keçirirdi. Bakıda onun neft işləri ilə böyük oğlu Mirzə Əsədullayev məşğul olurdu. Əsədullayevin böyük oğlu Mirzə Musa Nağıyevin qızına, kiçik oğlu Əli isə H. Z. Tağıyevin Leyla qızına evlənmişdilər. Qızı Sara atasının işlər müdiri Zal Həsənovun arvadı olub.
        Əsədullayev 1913-cü il 21 apreldə Yaltada günvurmadan 72 yaşında vəfat etmişdir. Onun meyiti Bakıya gətirilərək Əmircanda dəfn edilmişdir.
      Mirzə Şəmsi oğlu Əsədullayev 1875-ci ildə Bakı şəhərinin Əmircan kəndində anadan olmuşdur. Orta təhsilini Bakı gimnaziyasında başa vurduqdan sonra atası milyonçu Şəmsi Əsədullayevin neft şirkətində əmək fəaliyyətinə başlamışdır. M.Əsədullayev neft satışı ilə bağlı müəyyən vaxtlarda Rusiyanın Sankt-Peterburq, Moskva kimi şəhərlərində yaşamış və rus mədəniyyəti ilə yaxından tanış olmuşdur. Onun ictimai xadim kimi fəaliyyəti çoxşaxəlidir. Sədrlik etdiyi Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti müxtəlif mütərəqqi tədbirlər həyata keçirmiş və maarifçilik işində fəallıq göstərmişdir. Ana dilində dövri nəşrlərin azlığı onu daim narahat etmiş, 1915-ci ildə "Qardaş köməyi" adlı qəzet buraxmağa başlamışdır. Xalq Cümhuriyyəti dövründə M.Əsədullayev Azərbaycan parlamentinə üzv seçilmiş, F. Xoyskinin 1918-ci il dekabrın 26-da təşkil etdiyi III hökumət kabinetində ticarət və sənaye naziri vəzifəsini icra etmişdir. M.Əsədullayev Azərbaycanın xarici ölkələrlə ticarət əlaqələrinin yaradılmasına və yerli sənayenin inkişaf etdirilməsinə ciddi səy göstərmişdir. 1920-ci ilin mayında sovet hakimiyyətinin ilk aylarında M.Əsədullayev həbs olunmuş və qısa müddətdən sonra azad edilmişdir. Həmin il sovet hökümətindən rəsmi icazə alaraq xaricə gedən Mirzə Əsədullayev ömrünün sonuna kimi Fransanın
7

paytaxtı Parisdə yaşamışdır. Ümmülbanu Nağıyeva ilə nigahından 4 qızı (Kövsər, Sürəyya, Kübra, Ümmülbanu), Tamara Datiyeva ilə nigahından oğlu (Şəmsi) var idi. 
     Mirzə Əsədullayev 1938-cı ildə vəfat etmiş və Paris yaxınlığında Bobinyi şəhər qəbirstanlığında dəfn edilmişdir. 
    Daha bir ictimai- siyasi xadimi qeyd etmək yerinə düşərdi. 2-ci Dövlət Dumasının üzvü Zeynalov Zeynal Eynal oğlu 1876-cı ildə Bakının Əmircan kəndində anadan olmuşdur. Ev təhsili almışdır. Əmək fəaliyyətinə Murtuza Muxtarovun emalatxanalarında başlamışdır. Daha sonra Rotşildlərin Balaxanıdakı mədənlərində tornaçı, maşinist, mexanik və mədən müdiri işləmişdir. 1905-07) illərdə “Hümmət“ təşkilatında, Neft Sənayesi Fəhlələri İttifaqında çalışmış, “Təkamül“ və “İrşad”qəzetləri ilə əməkdaşlıq etmişdir. 1907 ildə Bakı quberniyasından 2-ci Dövlət Dumasına seçilən Zeynal Zeynalov dumada üç komissiyanın üzvü, müsəlman əmək fraksiyasının sədri olmuşdur. 1907 ilin aprel-may aylarında Q. Xasanovla birlikdə Peterburqda azərbaycan dilində “Duma“ qəzetini nəşr etdirmişdi. Qəzetdə onun Bakı fəhlələrinin vəziyyətinə dair yazıları dərc edilirdi. Duma buraxıldıqdan sonra 1917-ci ilə qədər Bibi heybət, Bayıl, Balaxanı və Sabunçu mədənlərində işləmişdir.
      Zeynal Zeynalov 1918-20-ci illərdə “Hümmət“ təşkilatının Əmircandakı liderlərindən biri olmuşdur. 1920-si ildə torpaq məsələri üzrə komissarlıqda işləmiş, Buzovna, Qala, Mərdəkan kəndləri üzrə idarə rəisi, Bakı quberniyası su təhcizatı komissiyasının rəisi olmuşdur. 1931-ci ildə Bakı quberniyasının ərazi komissarı vəzifəsində işləmişdir. 1922-1934-cü illərdə N.Nərimanov adına Sənaye texnikumunda müəllimlik etmişdir. O həmçinin maarifçilik və xeyriyyəçiliklə də məşğul olmuşdur. İndiki 87 saylı məktəb onun təşəbbüsü ilə açılmışdır. 1917-1920-ci illərdə Əmircanda müsəlman xeyriyyə cəmiyyətinin təşkilatçısı və rəhbərlərindən biri olmuşdur. Əmircan və bir sıra Bakı kəndləri haqqında tarixi-entoqrafik məlumatlar toplamışdır. Zeynal Zeynalov 1935- ci ildə vəfat etmişdir. Bolşeviklərin gəlişindən sonra isə kəndin qara günləri başladı. Xeyriyyəçi milyonçuların vardövlətləri əllərindən alındı. 
     Xiləlilər çox zəhmətkeş və çox saf qəlbli insanlardır. Onlar üçün ailə qayğısı, təsərrüfat işləri və ibadətləri həmişə hər şeydən vacib sayılıb. Bir sözlə, Əmircanda həyat öz axarında qaynayırdı... *** Bəhlul kişi də qonşusu Əhmədlə məscidə sübh namazına gəlmiş və dindar tanışlarıyla bayramlaşaraq əl verib qucaqlaşırdı. Məsciddən çıxıb evlərinə yollanan qonşular söhbət əsnasında bu ilin ruzi- bərəkətinə şükr edir və şimaldan gələn inqilab xofunun övladları üzərindən yan ötməsini diləyirdilər. Lakin istəsələr də, istəməsələr də bu qara buludların, qasırğanın qarşısını ala bilməyəcəklərindən xəbərsiz idilər. Bəhlul kişi də qonşusu ilə söhbət əsnasında haqqında məlumat verdiyimiz məşhurları yada salıb ruhlarına salavat çevirdilər. Əhməd dilləndi: 
    - Rus padşahı getdi, yerinə bolşeviklər gəldi, nə qədər savadlı, bacarıqlı, millət qədri bilənləri pərən-pərən saldı. Heyif, o cür kişilərdən getdi əlimizdən. Onlara görə az qala bütün dünya tanıyırdı kəndimizi. Hanı, hardadı indi belə adamlar? Amma deyirəm, bəlkə elə bu qırmızılar da yaxşı oldu, nə deyirsən, hə? 
    Bəhlul kişi söhbətini bir lətifə ilə davam elədi: - A kişi, səninki döndü lap molla Nəsrəddinin pendir məsələsinə: Bir gün Molla arvadından çay-çörək istəyir. Arvad yavan çörəyi gətirib qoyur bunun qabağına. Molla deyir, pendir də gətir, pendir yaxşı şeydir, iştahı açır, həzmə kömək edir. Arvad deyir, kişi, evdə bir qırtmıq da pendir yoxdur. Molla özünü sındırmır: - Elə yaxşı ki, yoxdur. Pendir yaxşı azuqə deyil, dişi xarab edir, iştahı küsdürür. 
      Arvad mollanın bu riyakarlığına mat qalır, deyir: - A kişi, bir az əvvəl dediyin nə idi, indiki nədir? İndi bunun hansı düzdür, birinci, yoxsa ikinci?            
      Molla yenə ciddiyyətini pozmur: - Pendir olsaydı, birinci düz idi, yoxdursa, demək, ikinci düzdür.
          Darıxma, bilmək olmaz hələ gələcəkdə necə oğullarımız dünyaya gələcək. Bu torpaq bərəkətli torpaqdı, o cür oğullardan yenə yetişdirər, - deyə Bəhlul kişi qonşusuna təsəlli verdi və o hələ bilmirdi ki, nəinki Əmircanda, hətta bütün dünyada məşhur olacaq bir övlad hal-hazırda məhz onun evində böyüyür...
8


Popular Posts