Fələklər yandı ahimdən/ önsöz

Ön söz
 Əziz oxucum! Sizə təqdim etdiyim bu kitab rənglərin sehrli dili ilə Azərbaycanı dünyaya tanıtdıran Azərbaycan SSR xalq rəssamı, Azərbaycan SSR əməkdar incəsənət xadimi, Azərbaycan SSR Dövlət mükafatı laureatı görkəmli rəssamımız Səttar Bəhlulzadənin maraqlı, yalnız keşməkeşli həyatından bəhs edir. “Fələklər yandı ahimdən...” adlı bu yazımda qədim Əmircan kəndində doğulub boya-başa çatmış rəssamın uşaqlıq və gənclik illəri, onun ilk məhəbbəti, yaradıcılıqda qazandığı uğurlar, qarşısına çıxan maneələr və ömrünün son günləri əks olunub. Səttar Bəhlulzadəyə həsr olunmuş bu kitabın adında nəyə görə məhz dahi klassik şairimiz Məhəmməd Füzulinin qəzəlindən bir misrasının əlavə olunması bəlkə də oxucu üçün maraqlı və qəribə gələcək. Biri şeir, qəzəl aləminin dühası, digəri rənglər aləmindən xəbər verən iki dahini birləşdirən səbəblər ola bilsin ki, maraq doğursun. Səttar Bəhlulzadə ilə onun uşaqlıq və sənət dostu Azərbaycan SSR xalq rəssamı, Azərbaycan SSR Dövlət mükafatı laureatı xanım sənətçilərimizdən biri, rəngkarlıq aləmində öz dəsti-xətti olan Maral xanım Rəhmanzadənin həyat və yaradıcılıq fəaliyyəti digərlərindən fərqli olaraq daha qabarıq verilmişdir. Bu iki sənətkarın bir-birilə sənət bağlılığı, möhkəm dostluq telləri kitabda əsas süjet xətti kimi göstərilir. Kitabda Səttar Bəhlulzadə ilə yanaşı, onun rəssam dostlarından bəziləri, qədim Əmircan, yəni Xilə kəndi, bu torpaqda böyüyüb boya-başa çatmış görkəmli şəxsiyyətlərin bir çoxu haqqında da qısa məlumat verməyə çalışmışam. Əminəm ki, bu kitabı oxumaqla az da olsa qədim Xilə kəndi və sakinlərinin yaşam tərzi haqqında ümumi məlumat əldə edə biləcəksiniz. Onu da qeyd edim ki, əldə etdiyim məlumatların içində özümün onunla bağlı uşaqlıq xatirələrimlə yanaşı, internet səhifəsindən, “Qobustan” incəsənət toplusundan və “El” jurnallarından, böyük rəssamı tanıyan yaxınlarımın söhbətlərindən bəhrələnib bu yazını ərsəyə gətirmək arzusunda olmuşam. Şəkillərin də əksəriyyətini internet səhifələrindən toplayıb sizlərə təqdim edirəm. Elə bəri başdan bu işdə mənə xüsusi köməyi olan Əmircan sakini Süleymanov Rubil müəllimə və istifadə etdiyim bütün mənbələrin müəlliflərindən halallıq almaqla yanaşı, onlara öz dərin minnətdarlığımı bildirirəm. Oxucuda belə bir sual yarana bilər: nəyə görə məhz Səttar haqqında? Bunun cavabını verməyə çətinlik çəkirəm. Bəlkə də onun digərlərindən fərqli olması, bəlkə də rəsmlərindəki həyat eşqi, bəlkə də Vətən torpağına olan məcnuni sevgi, bəlkə də... Vaxtilə Səttarın qəlbini qıran, incidən insanlar da artıq həyatda yoxdur. Yalnız vəfat etdiyi ildən - 1974-cü ildən bu yana hər il xatirəsi yada salınan və əbədiləşən bir düha isə Azərbaycan xalqının qəlbində həmişəyaşardır. Səttar Bəhlulzadənin xalqımıza əmanət qoyduğu gözoxşayan rəsm əsərləri bu gün evlərin ən qiymətli sənət inciləridir. Bu rəsmlərlə yanaşı, nəinki Vətənimizdə, bütün dünya muzeylərində Səttarın ruhu gəzir. Bacardığım qədər yazdığım bu kiçik yazımda səhvlər də tapıla bilər, nöqsanlar ola bilər, lakin mənim məqsədim onu özümün qəbul etdiyim kimi, öz təxəyyülümün bəhrəsi kimi sizə təqdim etməkdir. Bir dahi sənətkarın həyat dolu acı taleyi, ürək ağrıdan nisgilli ömür yolundan bildiklərimi çatdırmağı özümə mənəvi borc bildim. Qoy bu da mənim dahi sənətkarın ruhuna kiçik bir töhfəm olsun! Allah sənətkarımıza rəhmət eləsin! Ruhu şad olsun! Hörmətlə, Məhbubə Hacıyeva, 27 oktyabr 2013-cü il.

Popular Posts