Fələklər yandı ahimdən / Mərdəkan bağları

Mərdəkan bağları


        - Ağəz, Xədicə. Harda ölüb qaldın, gəl çıx də. Səni çağırmaqdan boğazım cırıldı ki.  
       - Gəldim, ay mə, gəldim. Yuduğum paltarları asırdım. Neyləyim, külfətik, on uşağın pal-
paltarını zivədən yuyub asanacan canım çıxdı. Nə istəyirdin?- deyə gəlin qaynanasına işinin 
çoxluğundan gileyləndi.
    -Getdiyin yerdə batıb qalırsan. Çox ləngsəne, çox ləng. Bir az əldən zirək ol. Bax, gör 
barmağıma nədi belə batıb? Tikana oxşayır. Mənim gözüm görmür, sən çıxart.
    Gəlin dilləndi:
   - Ay mə, nəvələrin sağ-solunda oturub, de onlar çıxartsınlar də. Daha məni niyə işimdən 
eləyirsən?
    Qaynana bərk hirslənib qışqırdı:
    - Ağəz, məni uşaq-muşağa tapşırırsan? Sən gəlsən nolar, zərün tökülər? Vaxsey, ölən 
günümdü, gəlin üzümə ağ olur, mənə cavab qaytarır. Hamısı təqsirlər mənim oğlumdadır, sənin 
nazınla çox oynayır. Dayan, qoy Yusif gəlsin, onda görərsən günüvü.
Bu vaxt nəvələrdən ən diribaşı olan Maral anasının müdafiəsinə qalxdı:
- Məmə, hər gün anamı ağladırsan, bəsdir də. Guya atama desən nə olacaq ki, o bilmir ki, 
anamın işi çoxdur? Ona kömək eləmirsən, amma danlayırsan. Ver, baxım barmağına nə batıb.
Maralın sözləri arvadı özündən bərk çıxartdı, hirslə qızın əlini itələyib çımxırdı:
- Çək əlüvü, lazım döyül. Həə, anovuzun tökdüylərini yığursuz. Böyüyün üzünə durmağı 
ondan öyrəndün, həə? İtil gözümün qabağından.
Elə bu dəm Yusiflə atası Rəhman kişi həyətə daxil oldular. Həyət bir anlığa sükuta qərq oldu. 
Rəhman kişi amiranə səslə soruşdu: 
- Yenə nolub səsüvüz basıb hər yeri. İsti havada güclə özümüzü həyətə salmışıq ki, dincələy, 
sərinləşəy, bunların mərəkələrinə bax. Qızlar, gedin quyunun sərin suyundan gətirin içək özümüzə
gələk. Məryəm, Cəmilə, Xanım, qalxın görüm, ayağa.
- Baş üstə baba, deyə Maral cəld quyuya tərəf qaçdı.
Rəhman kişi isə gülümsəyərək o biri nəvələrinə üz tutub dedi:
- Ay balam, bu Maraldan başqa bəyəm uşaq yoxdu, siz niyə tərpənmirsiz? Maşallah, gör necə
beciddir, əldən itidir, baxın öyrənin də ondan.
-Maralın elə dili də itidir, deyən Gülsüm arvad ərinin sərt baxışlarını öz üzərində görüb 
susmağa qərar verdi. 
Yusif də arvadı Xədicənin ağlamaqdan qızarmış gözlərini görüb məsələdən qismən də olsa 
hali oldu. Lakin bir söz deməyib evə keçdi. Onsuz da atası ilə artıq məsələni həll etmişdilər. 
Mərdəkanda böyük bir külfəti saxlamaq üçün dolanışığın çətinliyindən qurtulmaqdan ötrü şəhərdə
gedib işləmək qərarına gəlmişdilər. Ata- oğul ikisi də gözəl sənətkar idi. Rəhman kişi bacarıqlı 
dülgər, Yusif isə zərgərliyi yaxşı bilirdi.
Nəhayət, ev tutub şəhərə- mərkəzə köçmək qərarına gəldilər. Lakin Xədicəni bu köç məsələsi 
heç açmırdı. O, yaxşı bilirdi ki, harda olursa olsun zabitəli qaynanası ilə onun günü göy əsgiyə
dönəcək. Buna görə ərinə ehtiyatla ürəyindəkiləri deməyə özündə güc tapdı:
- Yusif, olmaz ki, siz köçəsiniz şəhərə, amma mən uşaqlarla burda- kənddə qalam? Zarafat 
deyil, on uşaqla hara gedə bilərik. Şəhərdə evlərin otaqları balaca olur, biz isə on dörd nəfərik. 
Hələlik siz gedin, rahatlanın, sonra işiniz qaydasına düşsə bizi də gəlib apararsan.
Arvadının verdiyi təklif Yusifin ağlına batdı və atası Rəhman kişilə belə qərara gəldilər ki, 
hələlik Yusif valideynlərilə şəhərə köçsün. Rəhman kişi dünyagörmüş, ağıllı, müdrik bir qoca idi. 
Oğlunu diqqətlə dinlədikdən sonra dedi:
- Düz deyirsən, bala. Burda bizi hamı tanıyır, hörmət edir, biz olmasaq da qonşular uşaqlara 
göz-qulaq olacaqlar. Bolşeviklərin evi yıxılsın, onlar hökumət başına keçəndən əlimizdəkiləri də

13

yavaş-yavaş yeyib bitiririk. Ehtiyatda nəyimiz varsa gedib bir iş qurmalıyıq, yoxsa belə getsə
axırımız çətin olacaq.
     Onlar şəhər mühitinə çox tez alışdılar. Rəhman kişi dülgərlik edir, evlərin qapı- pəncərəsini
düzəldir, Yusif isə kiçik bir dükan-emalatxana açıb zərgərliklə məşğul olurdu. Yusif görkəminə görə
çox yaraşıqlı bir kişi idi. Onun insanlarla xoş rəftarı, işinin bilicisi olması və gözəl surəti tezliklə bu
dükanın müştərilərini çoxaltdı. Hətta Yusifə “Ceyran” ləqəbi qoymuşdular. Gələn müştərilərin
əksəriyyəti qadın olduğunu da yaraşığının adına bağlamasaq insafsızlıq olardı. Yusifin dükanına
pullu insanlarla yanaşı, şəhərin tanınmış ziyalıları da gəlirdi. Kimə qızıl-zinət əşyası lazım olurdusa
Ceyranın dükanını göstərirdilər. Yusifin gəliri günü-gündən artırdı. Artıq dükan və
emalatxanalarının da sayını çoxaltmışdı.
     Mərdəkandakı bağ evində qalan Xədicənin də günü pis keçmirdi. Düzdür, sevimli ərini gec-
gec görsə də, qaynanasının zülmündən canı dincəlmişdi. Qadın uşaqlarla birlikdə sakit həyatından
xeyli məmnun idi. Bir müddət belə ayrı yaşadıqdan sonra nəhayət, Yusif mərkəzdə bir ev tutub
ailəsini də Mərdəkandan Bakıya gətirdi.
      Uşaqlarının təhsil almasının vacibliyini dərk etdiyi üçün qızı Maralı “ Xədicə müəllimənin
məktəbi”nə qoydu. Burda təhsil yeddiillik idi. Lakin Maralın şəkil çəkməyə o qədər çox həvəsi var
idi ki, qətiyyən dərslə maraqlanmırdı və bu müəllimlərini bərk hiddətləndirirdi.
     Evlərinə tez-tez qonaqlar gələrdi və əgər Yusif evdə olmasaydı cəld Maralı onun dalınca
göndərərdilər. Bir gün belə bir hadisə baş verdi. O dövrdə çox tanınmış və hamının hörmətini
qazanmış rəssam Əzim Əzimzadə onlara təşrif buyurur.
      Yusif evdə olmur və Maralı atasını çağırmaq üçün dükana göndərirlər. Yusif qonağıyla çox
mehriban görüşüb söhbət edirlər. Bu dəm Əzim Əzimzadənin diqqətini bir məqam çəkir və Yusifə
deyir:
- Yusif, yox mən sənə Ceyran deyə bilməyəcəyəm incimə. Çünki sənin öz adın da surətinə
layiq bir addır. Həə, nə deyirdim, bayaqdan fikir verirəm qızlarının hamısı başını örtüb tək Maral
qızımdan başqa. Bu nə məsələdir?
      Yusif gülümsəyib dedi:
     - Dostum, mənim Maral qızım digərlərindən fərqlidir. O elə uşaqlıqdan sərbəstdir, öz yolunu
özü seçir. Amma təhsildə tənbəldir. Hərfləri də ona Gülsüm nənəsi öyrədib, üzdən güclə oxuyur.
Deyir dərsə getmək istəmirəm, oxumaqdan zəhləm gedir. Mənə karandaş verin səhərdən-axşama
qədər şəkil çəkim.
       Yusifin son cümləsi tanınmış rəssamın diqqətini çəkdi və üzünü Marala tutub dedi:
     - Qızım, gətir çəkdiklərinə baxım. Görüm nə çəkirsən? Amma mən oxumağa həvəsli idim.
Bilirsən, atam mənim rus-tatar məktəbində ibtidai təhsil almağıma razı deyildi. Mən isə oxudum,
bildim ki, hər bir insana elm lazımdır. Hə. Ver, baxım çəkdiklərinə. Maral da böyük həvəslə çəkdiyi
rəsmləri gətirib rəssama göstərdi. Qız rəsmlərlə bağlı təəssüratını öyrənmək üçün qonağın üz
ifadəsini diqqətlə izləyirdi. Rəssam məmnun halda dilləndi:
    - Qızım, bir halda ki oxumaq istəmirsən, gəl mən sənə belə bir yaxşılıq edim. Bu şəkilləri
aparım rəssamlıq məktəbində tanışlarıma göstərim, bəlkə səni ora qəbul etdilər. Nə deyirsən,
razısan?
      Maral sevindiyindən bilmədi nə etsin, qaçıb atasını qucaqlayıb öpdü.
     Və beləliklə Maral məktəbə qəbul oldu.
    Gözəl rəsmlərilə həmişə yoldaşlarından fərqlənər və müəllimlərinin rəğbətini qazanardı. Qızın
bir qazancı da bu məktəbdə tanış olduğu və sonradan möhkəm dost olduğu Səttar idi. Səttar onu
sanki hamıdan qoruyurdu. Dərsdən sonra evə qədər ötürər və arxayınca evinə döğma Əmircan
kəndinə yollanardı.
    Yay mövsümü zamanı tətil olduğu üçün Maralgili Mərdəkana- bağa köçər və Səttar da tez-tez
onlara baş çəkərdi. Hətta Maralın ailəsi onu o qədər doğma bilmişdilər ki, axşam gec olduğundan
evlərində gecələməyə icazə verərdilər. Səttar da Maralın bacı-qardaşına qoşular, onlarla birlikdə

14

əylənib vaxt keçirərdilər. Tez- tez məzhəkə çıxarardılar. Guya Səttar ölüb və bunlar da üstündə
ağlaşma qurardılar. Belə əyləncələrlə günlərini keçirərdilər.
     Bir dəfə məktəbdə Cəfər Cabbarlının “Sevil” pyesini səhnələşdirmək qərarına gəlirlər və baş
rolu – Sevili Marala tapşırırlar. Qız bu rolu oynamağa çox can atsa da tərəddüd edir, səbəbi isə
atasından qorxması olur. O bilir ki, atası Yusif nə qədər tərəqqipərvər, geniş dünyagörüşlü olsa da
qızların səhnəyə çıxıb yad kişilər önündə tamaşa göstərməsinə pis baxacaq. Məsələni sevimli
müəllimi Əzim Əzimzadəyə danışır. O isə işin gedişatına kömək etmək məqsədilə deyir:
    - Narahat olma, Maral. Burda hamıya tapşıraram atana heç nə deməzlər. Tamaşa günü isə
başını qatmaq üçün Səttarı bir bəhanə ilə göndərərik onun yanına, vəssalam.
     Bu sözlərdən sonra ürəklənən Maral doğrudan da tamaşanı müvəffəqiyyətlə oynadı. Həmin
günü məlum oldu ki, Yusif emalatxanaya qızıl gətirmək üçün gedibmiş.
    Artıq illər ötür, təhsillə vidalaşma zamanı gəlir. Maral texnikumda qalıb işləsə də Səttarla
müntəzəm görüşür və bu iki gənci bir-birinə bağlayan səmimi dostluq telləri o qədər möhkəm olur
ki, gələcək planlarını da birlikdə həll etmək qərarına gəlirlər. Sevimli müəllimləri Əzim
Əzimzadənin məsləhətinə qulaq asaraq onlar təhsillərini davam etdirmək məqsədilə əl işlərini
Moskvaya göndərib cavabını böyük ümidlə gözləyirdilər.
     Ümumiyyətlə yay vaxtı bakılıların bağ mövsümü başladığından buralarda başqa fəsillərlə
müqayisədə həyat qaynayır, hər zaman öz sakinləri üçün qəribsəyən Abşeron bağlarının sanki üzü
gülürdü. Bağ qonşularının bir-birinə mehribanlığı, səmimiyyəti başqa aləm idi. Hər kəs öz bağının
mer-meyvəsindən – barından qonşusuna pay verər və məhsulu ilə qürrələnərdi.
    Maralgilin bağları elektrik qatarının keçdiyi yolun kənarında yerləşirdi. Hər dəfə Səttar
Mərdəkana- bağa gələndə Maralın bacıları qıza xüsusi eyhamlar vurar və ona sataşardılar. Maral da
onun münasibətlərindən hiss edirdi ki, gənc oğlan ona dostluqdan artıq qiymət verir, biganə deyil və
hər dəfə ondan nəsə gözləyirdi. Lakin Səttar heç nə olmamış kimi susur və Maralı bacardığı qədər
tez-tez görməyə çalışırdı. Hətta bir gün Maralın bacılarından ən dillisi olan Məryəm Səttara belə bir
sual vermişdi:
    - Səttar, sənin həyatda ən çox dəyər verdiyin insan kimdir?
    Səttar sualın mənasını təbii ki, başa düşmədən cavab verir:
     - İmadəddin Nəsimi. Çünki haqq yolundan dönmədi. Mövhumatın qurbanı oldu. Bildi ki,
əqidəsindən dönməsə onu əzablı ölüm gözləyəcək, amma yenə də öz sözünün üstündə durdu.
Nəsimi haqq aşiqi idi, onun yolunda dərisi soyuldu. İndi hardadır belə insanlar? Xox, deyən kimi
qorxub siçan deşiyi axtarırlar. Qorxmaz şair gör nə gözəl deyib:


     ...Zahidin bir barmağın kəssən durub həqqdən qaçar,
     Gör bu miskin şairi sərpa soyarlar ağrımaz...

     Məryəm istədiyi cavabı ala bilmədiyindən səbirsizliklə dilləndi:
  - Hə. Onu başa düşdük. Başqa kimsə var?
Səttar:
- Var. Əlbəttə, var. Məhəmməd Füzuli. O bütün qəzəllərində ilahi eşqi tərənnüm edib. Onun
Allaha olan sevgisi Məcnunun Leyliyə olan sevgisindən də üstün və uca olub. Bu ilahi sevgiyə
yetişmək üçün hicran ağrısı çəkib, vüsala çatmaq üçün gecə-gündüz zar-zar ağlayıb.
   Maral Səttarın bu valehedici söhbətinə heyranlıqla qulaq asıb soruşdu:
 - Səttar, səncə Məcnun ilə Leyli qovuşsaydılar pis olardı?
  Səttar isə öz söylədiklərinin təsiri altında gözləri dolmuş, sanki qəm dəryasına qərq olmuşdu.
Maral sualını bir daha təkrarladıqda o belə cavab vermişdi:
   - Haqqın sevgisinə çatmaq üçün ən azından onun qədər pak, onun qədər ülvi, onun qədər
müqəddəs amallarla yaşamalısan. Bu isə çox zor işdir. Əgər obrazları deyirsənsə onlar qovuşsaydılar
bu gün biz nə Leylidən, nə də Məcnundan danışmazdıq. Fərhadla Şirini də yaddan çıxarmayın. Heç

15

görmüsünüz iki bir-birini ürəkdən sevən insan qovuşsun? Mən görməmişəm. Aşiqin ki, eşq yolunda
ürəyi yanıb kül olmadı, demək hamısı boşdur.
Məryəm isə istədiyi cavabı ala bilmədiyindən yavaş – yavaş əsəbiləşməyə başladı:
    - Bəs sənin ürəyin nədəndir? Ətdən, yoxsa küldən?
Səttar Məryəmin nəyə işarə vurduğunu anlayıb yarı zarafat, yarı ciddi dedi:
    - Mənim ürəyim hələlik pörtdənib, sonra qızaracaq, sonra isə yanıb külə dönəcək...
    Səttar bu sözləri elə candan, elə içdən dedi ki, hamı bir anlığa susdu. Maral əhval-ruhiyyəni dəyişmək üçün dilləndi:
     - Uşaqlar, nə qədər gün batmayıb gedək dəniz qırağına.
     Hamı bu təklifi gözləyirmiş kimi tez ayağa qalxıb sahilə tərəf yollandı.
    Səttar çatar-çatmaz əlinə bir çubuq götürüb qum üzərində çəkməyə başladı.
    Maral isə yalın ayaqlarını dənizin ləpələrində islatmaq məqsədilə suya girdi və üzündə xoş bir
təbəssümlə qollarını geniş açaraq gözlərini yumub gülümsədi. Bu poetik mənzərə Səttarın da
diqqətini cəlb etdi və işini yarımçıq qoyaraq yaxınlaşıb soruşdu:
     - Nə düşünürsən?
     Maral isə qımıldamadan astaca cavab verdi:
   - Bu dəqiqə xırda ləpələr uzaqdan gəlib ayaqlarımı öpüb yenıdən geriyə dalğalara tərəf
qayıdırlar. Sanki mən dəniz pərisiyəm, ləpələr isə mənim aşiqlərimdir, onlar ayaqlarımı öpərək
mənə təzim edirlər...
     Səttar sanki bu sözlərdən ovsunlanmış kimi bir xeyli maddım- maddım qıza baxdı və nə
düşündüsə qumluqda çəkdiyi rəsmi davam etdirmək üçün geriyə döndü. Rəsmindən əsər- əlamət
qalmamışdı, çünki su hamısını yuyub aparmışdı.
     Bu dəfə digər bacısı Cəmilə dilini dinc saxlamadı:
  - Görürsən, yubansan, hətta su da əlindəkini alıb aparar...
Bacısının atmacasından xoşlanmayan Maral pərtliyi aradan qaldırmaq üçün dedi:
- Səttar, sən Cəmiləyə fikir vermə. Gəl, ikimiz də qumda şəkil çəkək, görək hansımızın
çəkdiyi daha yaxşı olacaq. Hesab edək ki, Moskvada müsabiqədəyik. Cəmilə də münsiflər heyətinin
üzvü olsun.
    Onsuz da bayaqdan beynində fırlatdığı rəsmi çəkmək istəyən Səttar tez- tələsik bu təklifə
sevinərək razılaşdı və dedi:
    - Ancaq bir şərtlə. Qohumbazlıq olmasın. Danışdıq?
    Beləliklə hərə bir tərəfə çəkilib çubuqla qum üzərində nəsə cızmağa başladı. Təkcə Maralın
kiçik bacısı Xanım heç kəsə əhəmiyyət verməyib kənardan onlara sakitcə tamaşa edirdi. Məryəmlə
Cəmilə isə gah Marala tərəf boylanır, gah da Səttarın çəkdiyinə baxırdı. Bir sözlə düzgün qərar
vermək üçün ciddi cəhdlə öz boyunlarına düşən vəzifəni yerinə yetirmək istəyirdilər.
    Nəhayət, gənc rəssamlar işlərini bitirib bir-birlərinin çəkdiyinə baxmağa başladılar. Hər ikisi
baxışaraq donub qalmışdı. Cəmilə isə söz deməyə çətinlik çəkdiyindən kəkələdi:
- Aaa, bu nədi? İkiniz də “Leyli və Məcnun” dan çəkmisiniz ki? Bəyəm mövzu sərbəst
deyildi? Mən axı sizə belə bir tapşırıq verməmişdim? Maral, sənin çəkdiyində, öz aramızdır,
Məcnun elə Səttara oxşayıre. Bəs, Leyli niyə aya baxır?
         Maral bacısının ibarəli danışığına fikir verməyib deyir:
       - Səttar Məcnun olmağından şikayət eləmir, sən narahat olma. O ki qaldı Leyliyə, onun sevgisi
o qədər böyükdür ki, hər yerə, hətta aya da baxanda Məcnunu görür. İndi anladın?
        Məryəm isə bacısının çəkdiyindən razılığını bildirib dedi:
     - Biz burda əməlli - başlı eşq sərgisi keçiririk. Leylinin gözü hər yerdə Məcnunu görür. Bəh,
bəh, bəh, necə də romantik. Çox qiymətli düşüncələr bəxş edən bir əsər. İndi görək, rəssam Səttar öz
çəkdiyini necə izah edəcək ki, bəyəndiyimiz bu əsəri kölgədə qoysun. Səttar, sənin rəsmində
Məcnun üzünü səhra qumuna sürtür?
      Səttar:

16

     Xeyir, hörmətli münsiflər heyətinin əsas nümayəndələri, burda Məcnun üzünü dənizin
ləpələrinə vurur, çünki bu ləpələr Leylinin ayaqlarına dəymişdi. Yəni Leyninin ayağına təzim edən
suya Məcnun təzim edir.
    Aşiq oldur kim, qılır canın fəda cananinə,
   Meyli-canan etməsin hər kim ki, qıymaz caninə.
   Canı cananə verməkdir kəmalı aşiqin,
   Verməyən can, e'tiraf etmək gərək nöqsaninə.
   Vəsl əyyam! verib cananə can, rahət bulan,
   Yeydir ondan kim, salır canın qəmi-hicraninə.
   Eşq rəsmin aşiq öyrənmək gərək pərvanədən
   Kim, göyər gördükdə şəm'in atəşi-suzaninə.
   Fani ol eşq içrə kim, bənzər fənası aşiqin
   Feyzi-cavid ilə Xızrın çeşmeyi-heyvaninə!
   Eşq dərdinin dovası qabili-dərman degil,
   Tərki-can derlər bu dərdin mö'təbər dərmaninə.
   Hiç kim canan üçün can verərsə o laf etməsin
   Kim, gəlibdir bu sifət ancaq Füzuli şaninə.

    Səttarın Füzulidən söylədiyi qəzəl Maralı utandırdı və vəziyyətdən çıxmaq üçün tez dilləndi:
   - Bu şəkil mövzuyla tutuşmur, çünki Leyli və ya Məcnun dəniz görüblər ki? Oralarda dəniz nə
gəzir?
      Məryəm isə bacısını qıcıqlandırmaq üçün gülərək dedi:
    - Kim deyir ki, bu aşiqlər ərəbdirlər, bəlkə elə bakılıdırlar?
     Elə bu vaxt Maralgilin kiçik qardaşının uzaqdan səsi gəldi:
  - Uşaqlar, gəlin evə, yemək vaxtıdır.
    Maral Səttarı acıqlı baxışlarla süzüb irəli keçərək evə doğru addımladı. O günü Maral Səttarla
bir kəlmə belə kəsmədi. Gənc dostunun ya utancaqlıqdan, ya da dolayı yolla sevgisini bildirmək
istəyi Maralın qətiyyən xoşuna gəlməmişdi. Özü cəsur olduğu üçün aşiqindən də cəsarətli eşq etirafı
gözləyirdi, buna görə də ondan incimişdi. Maralın ondan küsməsi və onu dindirməməsinə
baxmayaraq, Səttar yenə də susurdu...
    Səhər hamı yuxudan oyanıb həyətə əncir yeməyə çıxdı. Bağ yerinin özəl adətlərindən biri də
budur ki, səhər-səhər acqarına mədə üçün ağ tut, qan üçün üzüm, güc-qüvvət üçün əncir yeməlisən.
Hamı deyə-gülə əncir ağacına daraşsa da birdən Səttarın yoxluğu hiss olundu. Çünki həmişə uca boy
və uzun qollarıyla ağacın ən hündür budaqlarının meyvəsini dərər və onlara verərdi. Maralın kiçik
qardaşının dedikləri hamını heyrətləndirdi:
    - Səttar çıxıb gedib. Otaqda da yoxdu...
Görəsən, Səttar dəniz sahilində dediyi sözlərdən utanmışdı, yoxsa Maralın ondan küsməsindən
incimişdi? Hər halda onun vidalaşmadan getməsi və bu ayrılığın uzun müddət davam etməsi Marala
çox şeyi əyan edəcək...

17





Popular Posts