Fələklər yandı ahimdən / Badam ağacının çiçəkləri

     

Badam ağacının çiçəkləri

        Günəşin qızmar istisindən sonra yavaş-yavaş axşama doğru iş saatlarını tamamlayan biçinçilər kəhrəba rəngli taxıl zəmisində dərzləri bağlayıb işlərini yekunlaşdırmağa çalışırdılar. Gərgin işdən sonra bir az yorğunluqlarını almaq məqsədilə Bəhlul kişi qonşusu Əhmədi də çay içmək üçün yanına çağırdı.
      Lakin Əhməd tərəddüd edərək narazılığını bildirdi:
     - Ay Bəhlul, onsuz da günün axırıdır, işimizi tez bitirib evə getsək yaxşı olardı.
Bəhlul kişi:
      - Alə, iş qaçmır ki, bir az dincələk, sonra işimizə davam edərik də. Gəl, gəl bir stəkan çay iç, sonra duraq ayağa.
      Əhməd qonşusunun təkidinə etiraz etməyib əlində bağladığı dərzi yerə qoyub ona yaxınlaşdı. Yerə oturub dedi:
      - Deyirəm, Bəhlul, rus padşahını devirdilər, yerinə şurəvilər gəldi, bundan bizə nə? İndi hökumət bolşeviklərin əlindədir, nə dəyişdi, bunlar bizə nə verdi ki? Elə əvvəlki kimi sən də, mən də əkinçiyik . Ara yerdə nə qədər oğul- uşaqlarımız qırıldı, rusların güdazına getdi.
     Bəhlul kişi də qonşusunun sözünü başı ilə təsdiqləyərək dilləndi:
   - Düz deyirsən, Əhməd. Olan elə o qırılanlara oldu, heyif onlardan. Bir də rusun toptüfənginin qabağında dayanmaq olar? Köhnə hökuməti yola salsaq da təzəsinə öyrəşə bilmirəm. Musavat hökumətində oturanlar heç olmasa özümüzünkülər idi, hamısı da oxumuş, savadlı, bəs bu təzə gələnlər kimlərdir? Rusu, ərmənisi, gürcüsü, daha nə millət desən bunlarda var. Alə, bunlar nə Allah tanıyır, nə Quran, nə olacaq axırımız, bilmirəm.
       Əhməd dedi:
      - Balalarımıza yazığım gəlir. Biz yenə yaxşı-xarab gün görmüşük, onların gələcəyi necə olacaq? Yaxşı, oğlun Səttar neyləyir? Yenə qumluqda şəkil çəkir?
       Bəhlul kişi oğlunun adını eşidən kimi üzündə təbəssüm yarandı :
        - Hə, çəkir. Vallah, o da şəkil çəkməkdən başqa heç nə bilmir. Özü də zalımın oğlu yaxşı çəkiree. Bilmirəm, hardan tapır kömürü çöldən də, içəridən də evin bütün divarlarını şəkillə doldurub. O günü, qonşu arvadlar bizimkinə deyirlər ki, bu divarları belə bəzəmək hardan ağlınıza gəlib? Dünən evə gələndə görürəm yenə oturub qumluqda, əlində çubuq nəsə cızma-qara eləyir, yaxınlaşıb soruşuram ki, a bala bu nədir çəkirsən? Deyir Məcnundur Leylinin qəbri üstündə ağlayır. Baxıb görürəm ki, oxşadıb. Amma heyfim gəldi çəkdiyinə. Qumdur də, həmişəlik qalmayacaq ki, külək şəkli qarışdırıb pozacaq. Məktəbdə dəftər, kitab əlinə nə keçsə üstündə şəkil çəkir. Novruz bayramıyla bağlı şəkilləri lap çoxdur. Bir şəkli var, Novruzda uşaqlar tonqalın üstündən tullanırlar, dedim, bərəkallah! Əhsən sənə! Müəllimlərinin də xoşuna gəlir. Dönə-dönə tapşırıblar ki, Səttarı qoy rəssamlıq məktəbinə.Deyirəm, bu uşaqda ki, belə həvəs var, qoy ona qələm-kağız alım oturub evdə çəksin, həm daş-divarı bəzəyib korlamasın, həm də rəsmləri itibat olmasın.
      Əhməd də onun sözünü təsdiqlədi: - Yaxşı iş görürsən. Səttarın qumda çəkdiklərindən bir-ikisini mən də görmüşəm. Əməlli başlı şəkil çəkir oğlun. Bəlkə elə gələcəkdə bu sənətin dalınca gedər. Rəssamlıq yaxşı sənətdir. Mən onun

9

Xilə xalçasının naxışlarını çəkəndə görmüşəm, ağzım açıla qaldı. Elə oxşadıb ki, elə bil qumluqda Xilə xalçası sərmisən. Nə isə dur, dur işimizi qurtaraq, çıxaq gedək evmizə-eşiyimizə.  
     Bəhlul kişi xırmandan evə dönərkən oğlu Səttarın əlində bir çubuq qumun üstündə çəkdiyi şəkillərə baxıb güldü və başını bulayaraq dedi:
    - Ay oğul, yenə şəkil çəkirsən? Bu dəfə nə yaradırsan?
    Səttar isə bütün fikrini çəkdiyinə cəmləyib dedi:
    - Heç nə. Elə -belə özümçün nəsə çəkirəm, amma heç özüm də bilmirəm hələ çəkdiyim nədir.
    Ata hər dəfə oğlunun qum üzərində şəkil çəkməyini görüb nəhayət, onu sevindirmək qərarına gəldi. Bir gün işdən gələrkən oğlunu da evə çağırdı və dedi:
   - Səttar, bax gör sənə nə almışam? Bəsdir qumluqda eşələndin. Şəkil çəkmək istəyirsən, götür ağ kağıza çək.
     Bəhlul kişi rəngli karandaşları oğluna tərəf uzatdı. Səttar sevincək karandaşları atasından alıb yan otağa keçdi. Səttarın anası ilə bacıları həyətdə səkinin üstündə xalçaları döşəyib yumağa hazırlaşırdılar. Pərzad qardaşını köməyə çağırdı:
   - Qaqaş, vedrə ilə su gətir, nə qədər hava istidir, xalçaları tez yuyub qurudaq. Səttar hər dəfə üstünə su tökdükcə xalçaların əlvan rəngləri daha da parlaq görünür və bəzək vurulmuş naxışları gənc oğlanın diqqətini cəlb edirdi. Dözməyib anasından soruşdu:
  - Ay mə, xalçalara vurulan naxışların adı nədir, bilirsən?
    Anası xalıların üstünü sürtə-sürtə gülümsünüb dedi:
    -Ay oğul, niyə bilmirəm. Öz naxışlarımızdır də. İndi təmizlədiyim"Xilə Buta" dır, yuyub sərdiyimiz isə "Xilə əfşan". A bala, onların adları sənin nəyinə lazımdır? Get su gətir.
   Günlər ayları, aylar illəri əvəz edir, Səttarın çəkdiyi rəsmlər getdikcə təkmilləşir, artıq miniatür sənətinin sirlərini öyrənir, doğulub boya-başa çatdığı doğma Əmircan kəndini əks etdirən şəkillər üzərində işləyirdi. Bəlkə də heç kəs fəsillərin dəyişib bir-birini əvəz etməsini gözləməzdi. Onun üçün hər fəslin öz rəngi, öz nəfəsi, öz ahəngi, melodiyası var idi. Qış fəslini ağ, mavi rənglərlə, yaz fəslini yaşıl rənglə, yay fəslini əlvan rənglərlə, payız fəslini isə sarı, narıngi rənglərlə işləyər və fəsillərin özünəməxsus rəng çalarlarının olmasını sübut etməyə çalışardı.Səttar təbiət aşiqi, gözəllik aşiqi idi. Ətrafda gördüyü gözəllikləri əlvan rənglər ilə ağ kağız üzərində təsvir edir, öz dünyasını yaradırdı...
    Düz bir həftə idi badam ağacının çiçəklənməsi anını gözlərilə görmək üçün qonşu həyətlərini gizlincə gəzirdi. Qonşular gecə vaxtı hasarın üstündə qaraltı gördükdə narahat olmazdılar, bilirdilər ki, hasardan həyətə tullanan olsa, olsa yalnız Səttar olacaq. Hətta bir gecə Ziba arvad eşitdiyi hənirtidən hövüllənib əri Səftəri yuxudan oyatdı. Lakin Səftər sağ çiyni üstə çevrilib yuxulu-yuxulu deyindi:
     - Yıxıl yat, ay arvad. Əlbət yenə Səttardır hasardan tullanıb. Onun da işi-gücü yoxdu, gecəni səhərə qədər badam ağacı güdür... Ziba xala yenə də arxayın olmaq üçün pəncərəyə yaxınlaşdı və pərdəni araladı. Səttarı görən kimi gülümsünüb başını buladı və yatağına keçdi... - Açıldı, nəhayət ki, açıldı, -deyə Səttar sevincdən gözləri yaşarmış halda badam ağacının çiçəklərinin açılmasına baxdı. O bu tamaşanı seyr etmək üçün həsrətlə gecədən sübhə qədər oyaq qalıb gözləyirdi. Bulaq suyu kimi şəffaf ala gözləri işım-işım yanırdı. Allahın qüdrətinə, təbiətin möcüzəsinə şükr edib qonşu həyətdə qumluğun üzərində oturub dizlərini qucaqlayaraq bu anı gözləyirdi. Məqsədinə çatan kimi yerindən qalxıb yenə hasarın üstündən küçəyə tullandı və gözündə əks etdirdiyi badam ağacının çiçəklərini ağ vərəq üzərinə köçürmək üçün tələsik evinə yollandı.
    Atasının hələ məktəbdə oxuduğu vaxtlarda ona bağışladığı rəngli karandaşlardan yalnız biri qalmış qara rənglini götürüb öpdü və gözlərini yumdu. O artıq buna adət etmişdi. Çəkdiyi rəsmlərdə rəngarəngliyi xoşladığı üçün hamısı işlənib qurtarmış, yalnız qara rəglini saxlamışdı. Onun ilham mənbəyinə çevrilmiş bu qara rəngli karandaş, sanki atasının ona verdiyi xeyir-dua idi. O bunu
 10 

atasının yadigarı - ən əziz, qiymətli bir əşya kimi qoruyub saxlayırdı. Səttarın digər ilham mənbəyi Məhəmməd Füzulinin qəzəlləri idi. O, Füzuli yaradıcılığını demək olar ki, əzbər bilirdi. Hər dəfə muğam ustalarının Füzulinin qəzəllərindən ifasına qulaq asanda, kədərli gözləri bir nöqtəyə dikilər, dalğın düşüncələrə qərq olar və gözlərindən süzülən göz yaşlarının axdığını belə hiss etməzdi.
     Qalxıb radionu açdı. Muğam saatı idi. Füzulinin “Məni candan usandırdı” qəzəli üstündə xanəndə yanıqlı səslə muğamat oxuyurdu:
    ... Füzuli rindu-şeydadır, həmişə xəlqə       rüsvadır, Sorun kim bu nə sevdadır, bu sevdadan usanmazmı?...
  Səttar rənglər dünyasına qərq olmuş halda gözlərinin yaddaşında qoruyub saxladığı badam ağacının çiçəklərinin eskizini ağ vərəqə köçürməyə başladı. Çəkdi, bir- iki addım geriləyib baxdı və yenə çəkdi... Sonra “Avrora” qutusunu açıb içindən bir papiros çıxardı və yandıraraq çəkməyə başladı. Birdən- birə nə düşündüsə gülümsədi və öz-özünə dedi:
      Məcnun nakam getdi. Sevgilisinə qovuşa bilmədi. Amma mən qovuşdum. Gör, bu badam ağacının çiçəklərinin nə vaxtdan intizarındayam. İndi təsviri də gözümün önündədir. Həəə, deyəsən pis çıxmayıb, axı. Bu gözəlliyi hər aşiq görə bilməz, qədeş!
    Elə bu vaxt yan otaqdan içəri keçən bacısı Pərzadın səsi onu düşüncələrindən ayırdı:
    -Qardaş, şalvarının balağını harda cırmısan? Vay, vay, bu nədir, üst-başın gör nə hala düşüb? Otağı bütün papiros tüstüsü ilə doldurmusan ki. Heç olmasa pəncərəni aç, təmiz hava gəlsin, yazıq deyilsən? Boğuldun ki, tüstüdən?
    Səttar isə kefi kök halda dilləndi:
 - Pərzad, Səftər əmigili o boyda hündürlükdə hasarın üstünə bir də məftil çəkiblər. Bunlar neynir, ala? Bunların həyətlərinə kim məəttəldir? Ordan həyətə hoppananda şalvarımın balağı ilişdi, cırıldı. Burda bilirsən nə deyiblər, bacı? Deyiblər ki, incəsənət qurban tələb edir. Mənim qurbanlığım da şalvarım oldu, fikir eləmə.        Pərzad qardaşının yaxşı əhval-ruhiyyə ilə etdiyi bu zarafata yalnız başını bulamaqla cavab verdi.
   Səttar çəkdiyi rəsmə sonuncu dəfə bir də baxdı, götürüb rulon halında bükdü və bacısına dedi:
   - Yaxşı, Pərzad , mənim o biri şalvarımı ver mən getdim Mərdəkana.
  Pərzad qıyqacı nəzərlərlə qardaşını süzüb dilləndi:
  - Nədir, yenə Maralgilə gedirsən? Səttar uşaq sadəlövhlüyü ilə bacısının eyhamlarını anlamadan dedi:
  - Hə, bu badam ağacının çiçəklərindən Marala o qədər danışmişam ki, yəqin indi o da rəsmi görmək intizarındadır. Görüm bəyənəcək, ya yox?
   Səttar artıq Rəssamlıq məktəbinə qəbul olmuş, orda peşəkar rəssamlardan dərs alır və çəkdiyi şəkillərlə ətrafındakıları heyrətləndirirdi. Texnikumda oxuduğu müddətdə isə Səttar tələbələrdən ən çox Maral adlı qızla dostluq edər və çəkdiyi rəsmləri ilk öncə ona göstərərək fikrini öyrənərdi. Maralgili Mərdəkanda qaldığı üçün Səttar tez-tez ora gedər və qızın ailəsi də Səttara çox yaxşı münasibət göstərərdi.        Görkəmli rəssam Əzim Əzimzadənin diqqət və qayğısı gənc rəssamı rənglər aləminə daha da sıx bağlayırdı. Aralarında 29 il yaş fərqi olmasına baxmayaraq, Səttarın müəllimi ilə münasibətləri müəllim- tələbəlikdən çıxmış, möhkəm dostluğa çevrilmişdi.
   Əzim Əzimzadə Azərbaycanda karikatura sənətinin banisi kimi məşhurlaşmışdı. Görkəmli rəssam ən çox “Molla Nəsrəddin” jurnalında öz rəsmlərini dərc etdirməklə xalqın sevimlisinə çevrilmişdi. “Molla Nəsrəddin” jurnalından savayı, o “Tuti”, “Kəlniyyət”, “Zənbur” kimi digər dərgilərin səhifələrində də satirik-qrafik karikaturalarını dərc etdirir və Azərbaycan satirik qrafikasının əsasını qoymuş olur. Ə. Əzimzadə satirik şair M. Ə. Sabirin "Hophopnamə"sinə çəkdiyi illüstrasiyalarla kitab qrafikası sənətinin də əsasını qoymuşdur. Onun teatrlara çəkdiyi geyim eskizləri və dekorasiyalar Azərbaycan rəssamlığının bu sahədəki inkişafına xüsusi təkan vermişdir. Əzim Əzimzadə müəllim kimi də tələbələrinin sevimlisinə çevrilir və bacardığı köməyi – istər 

11 

maddi, istər mənəvi cəhətdən onlardan əsirgəmir. Səttara da kömək etmək məqsədilə onu “ Kommunist “ qəzetində işə düzəldir və gənc rəssam iki il işlədiyi müddətdə burada onun ilk karikaturaları çap edilir. Səttar müəlliminin rənglər dünyasından bəhrələnir, onun yaradıcılığını addım-addım izləyir, Bakı mövzusunda, Bakının bağları ilə bağlı çəkdiyi rəsmləri xüsusilə bəyənirdi. Onun Əzim Əzimzadə ilə dostluğu yeni, gözəl rəsmlərin yaranmasına səbəb olurdu.
    Gənc rəssamın gündəlik həyat və məişət mövzularına həsr olunmuş karikaturaları olduqca maraqlı və çox idi. Bu karikaturalarda öz şəxsi marağını dövlət marağından üstün tutan kolxoz və ferma müdirləri, təcrübəsiz və səriştəsiz, öz işinə laqeyd münasibət bəsləyən məsul işçilər və digər bu kimi ünsürlər tənqid atəşinə tutularaq ifşa olunurdular.
    Bu kimi problemlərə həsr olunmuş "Mexanikin ixtirası" adlı karikaturada rəssam həqiqətən də insanlığa yaraşmayan, məcazi mənada "ixtira"ya bənzər bir hərəkəti təsvirə gətirmişdir. Burada mexanikin onun tabeçiliyində olan dülgəri arabaya qoşub döyməsi və təhqir etməsi əks olunub. Ağzına ip keçirilən dülgərin başı üzərində yüksələn qəzəbli mexanikin fiquru elə zahiri biçiminə görə gülüş və təəssüf hissi doğurur ki, bu da müəllifin məqsədinə nail olduğunu bir daha təsdiqləyir.
   Səttar tuş-pero texnikasında, satirik istehza üslubunda çəkdiyi əsərlərdə cəmiyyətdə baş verən çatışmazlıqları əks etdirirdi. "Həmişə hazırdırlar" adlı digər bir karikaturada isə rəssamın qınaq obyekti təcili yardım stansiyasında vəzifələrinin mahiyyətini unudan həkimlərdir. Karikaturada telefon vasitəsi ilə həkim soraqlayan vətəndaşla təcili yardım stansiyasında iş vaxtı yuxulayan və zəngləri cavabsız qoyan növbətçi təsvir olunmuşdur. Karikaturada narahatçılıqla arxayınçılıq cizgilərinin təzadı qabarıq göstərildiyindən tamaşaçı-oxucu üçün təqdim olunan süjet kifayət qədər yaddaqalandır.
    Səttar karikaturaçılıq sahəsindəki uğurlarına görə təkcə müəllimi Əzim Əzimzadəyə deyil, həm də həmkəndlisi Səməd Mənsura minnətdar idi.  Bəs kim idi Səməd Mənsur?
    Səməd Mənsur (Səməd Hacı Əhməd oğlu) Kazımov 1879- cu ildə Bakının Əmircan kəndində anadan olmuş, ilk təhsilini rus-müsəlman məktəbində almış, sonralar isə oxuduğu kitablar sayəsində biliyini artırmışdı. O, “Molla Nəsrəddin”, “Bəsirət”, “Tuti” adlı dərgilərdə satirik şeirlərini çap etdirmiş, kiçik pyeslər yazmışdır. Satirik şeirlərlə yanaşı, bir çox lirik şeirlərin də müəllifidir.
      Satirik şair 1927-ci ildə vəfat etmişdir. Səməd Mənsur yaradıcılığını Səttara sevdirən onun satirik şeirlərilə yanaşı, həm də Füzuli şeiriyyatına olan müraciətləri idi. Xüsusilə də Füzulinin “Ey həkim” rədifli qəzəlinə olan müraciəti Səttarın çox xoşuna gəlmişdi. Füzuli eşq dərdinə düşmüş bir aşiqin dilindən yazır:

    Eşqdən qəlbimdə bir pünhan mərəz var, ey həkim!  
    Xəlqə pünhan dərdim izhar etmə zinhar, ey həkim! 
 
Səməd Mənsur isə pulsuzluq, kasıbçılıq ucbatından həkimə gedə bilməyən xəstələrin dilindən yazırdı:
      Nə cibimdə parə, nə evdə çörək var, ey həkim!
      Nəbzimi bihudə sıxma, çəkmə azar, ey həkim!
      Ət yemək pəhrizini əmr etmə kim bazardə,
      Hər qədər axtarsa ət tapmaz xiridar, ey həkim.

 Bəli, Səttarın karikatura yaradıcılığında Səməd Mənsurun rolu danılmaz idi.

12

Popular Posts