Eldar Şəfiyev
Eldar Şəfiyev
Şəfiyev Eldar Ağadadaş oğlu 1953-cü il sentyabr ayının 28-də Bakının Əmircan kəndində anadan olmuşdur. 84 və 226 № -li məktəblərdə səkkizillik təhsilini başa vurduqdan sonra 1969-cu ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq məktəbinə (indiki İncəsənət Kolleci) daxil olmuşdur. 1972 – 1974-cü illərdə ordu sıralarında xidmət etdikdən sonra 1975-ci ildə bu məktəbi bitirmişdir. Həmin il də Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) rəssamlıq fakültəsinə daxil olmuşdur. Lakin 1-ci kursdan təhsilini yarımçıq qoyub dostu ilə Leninqrad (indiki Sankt-Peterburq) şəhərinə getmiş, 1978-ci ilə qədər burada yaşamış və yaradıcılıqla məşğul olmuşdur. Hələ məktəb illərindən Səttar Bəhlulzadə ilə, tələbəlik illərindən isə Mircavadla çox səmimi dostluq münasibətləri olmuşdur. 1980-1990-cı illərdə Azərbaycan Rəssamlar İttifaqının Bədii Fondunda rəssam işləmişdir. Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.
Eldar Şəfiyev 1990-cı ildə ABŞ-na köçmüş, 15 il Nyu-Yorkda yaşayıb yaratmışdır, əsasən muzeylər və kolleksiyaçıların sifarişi ilə əsərlər yaratmışdır. Bu illər ərzində ABŞ-nın müxtəlif şəhərlərində keçirilən layihələrdə iştirak etmişdir. Həmçinin Türkiyədə və Dubayda böyük həcmli işlərin müəllifi olmuşdur. Eldar Şəfiyev hal-hazırda yenidən doğma kəndi Əmircanda yaşayır, yaradıcılıqla məşğul olur. Türkiyədə də emalatxanası olduğundan tez-tez ora səfərlər edir.
Bu illər ərzində Eldar Şəfiyev bir neçə fərdi sərgisini təşkil etmişdir. 8-10 dekabr 2017-ci il tarixində Suraxanı Rayonu Heydər Əliyev Mərkəzində Azərbaycan Rəssamlar İttifaqının, Suraxanı Rayon İcra Hakimiyyətinin dəstəyi və PLENER GROUP şirkətinin təşkilatçılığı ilə Xalq rəssamı Səttar Bəhlulzadənin 108 illiyinə həsr olunmuş Əmircan rəssamlarının I sərgisində iştirak etmiş və Diplomla mükafatlandırılmışdır. Əsərləri bir sıra xarici ölkələrdə, əsasən Türkiyədə və ABŞ-da muzeylərdə, şəxsi kolleksiyalarda saxlanılır.
Mənbə: facebook /Əmircan ensiklopediyası.





